• COP29
  • 20 Fevral 10:50
  •  10 354

COP29 çərçivəsində mümkün əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb

Beynəlxalq Enerji Agentliyinin qərargahında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci və 29-cu sessiyalarına həsr olunmuş yüksək səviyyəli dəyirmi masa keçiriləcək.

Dəyirmi masada ölkəmizi təmsil edəcək xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev fevralın 19-da Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol ilə görüşüb.

Görüşdə nazir müavini Azərbaycanın COP29-a ev sahibi seçilməsini ölkəmizə olan etimadın göstəricisi kimi qiymətləndirib.

Y.Rəfiyev Bakı COP29-da tərəf dövlətlərin iqlim dəyişmələri ilə mübarizə sahəsində önəmli qərarlar verməli olduğunu diqqətə çatdırıb.

Azərbaycanın COP29-un sədri olaraq konfransın uğurlu yekunlarının təmin edilməsi istiqamətində diplomatik səylərini əsirgəməyəcəyini, şəffaf, inklüziv və neytral sədrlik fəaliyyəti həyata keçirəcəyi vurğulanıb.

Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol Azərbaycanı COP 29-a ev sahibliyinə seçilməsi münasibəti ilə təbrik edərək, bu gün bütün dünyanın gözünün Bakıda olduğunu vurğulayıb.

Görüşdə Bakı COP29 tərəflər konfransı çərçivəsində mümkün əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb.