Etibar Əliyev Etibar Əliyev

Bunu da görmədiniz?

Etibar Əliyev



Fənn olimpiadaları artıq bütün dünyada təhsil sisteminin xüsusi bir istiqamətinə çevrilib. Gənc zəkaların bilgi dağına marafonu ilbəil rəğbət qazanır və yol açdığı faydalara görə məktəblilərin dünya olimpiada sistemi yaranmışdır. Təhsil təkcə bilik vermir, həm də sabahın bilik verəcək adamlarını, bilik yaradanlarını, elm təmsilçilərini yetişdirməlidir.

Olimpiadaçılıq gələcəyin bilik təmsilçilərini formalaşdırmaq üçün alternativsiz platformaya çevrilib. Olimpiadalara təkcə ən yaxşıları seçmək yarışı kimi də baxmaq olmaz. Olimpiadalar bütün şagirdləri rəqabətə çəkir və bütün təhsil sistemini normativlərdən daha yuxarı dartınmağa sövq edir. Yaradıcı təfəkkürün inkişafı, xüsusi istedadların üzə çıxarılması, rəqabət mühitinin yaradılması kimi hədəflərdə olimpiada ənənəsinin böyük faydası dünya təhsilinin qəbul etdiyi nəticəyə çevrilmişdir.

Azərbaycan 2015-2016-cı tədris ili üçün fənn olimpiadalarını arxada qoydu. İndi komandalarımızın beynəlxalq yarışlardan hansı nəticələrlə dönəcəyini gözləyəcəyik. Lakin biz artıq çox ciddi nəticələrlə üz-üzəyik. Builki yarışların yekunu göstərdi ki, Azərbaycanın bütün məktəblərində istedadlı uşaqlar var. Məktəb təhsilinin keyfiyyəti yüksəldikcə onlar özlərini daha çox büruzə verəcəklər. Olimpiadalar bizə sabaha ümidlə baxmağa, həvəslə çalışmağa əsas verdi. Bizi ruhlandırdı.

Mayın 17-də Respublika Fənn Olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimində təhsil naziri Mikayıl Cabbarov bildirdi ki, istedadlı şagirdləri aşkara çıxarmaq, onların potensialını inkişaf etdirmək və həmin şagirdlərlə məqsədyönlü işin aparılması məqsədilə hər tədris ilində fənn olimpiadalarına xüsusi diqqət ayrılır. Obyektiv, sağlam və ədalətli rəqabət mühitində keçirilən belə yarışlar şagirdlərin müvafiq fənlərə olan marağının daha da artmasına səbəb olur.

Nazir Respublika Fənn Olimpiadalarının birinci mərhələsində bu il iştirak edən şagirdlərin sayının artaraq 27 500 nəfərə yüksəldiyini nəzərə çatdırıb. Qaliblər arasında paytaxtla müqayisədə bölgə məktəblilərinin üstünlük təşkil etməsini müsbət hal kimi dəyərləndirən təhsil naziri, ümumilikdə 260 şagirdin qalib adına layiq görüldüyünü söyləyib.

Cari tədris ilində Koreya, Albaniya, Rusiya və Çində keçirilən 5 müxtəlif beynəlxalq fənn olimpiadasında Azərbaycan məktəbliləri 5 gümüş və 11 bürünc medal qazanıblar. Təsadüfi deyil ki, bir çox Respublika və Beynəlxalq Olimpiada qaliblərimiz dünyanın nüfuzlu universitetlərində təhsil alırlar. Moskvada keçirilən Beynəlxalq Mendeleyev Olimpiadasının qalibləri Lomonosov adına Moskva Dövlət Universitetinə, Balkan Riyaziyyat Olimpiadasında medal alan şagirdlər isə Türkiyənin Bilkənt və Orta Doğu Texnik universitetlərinə dəvət ediliblər.

Göründüyü kimi, yerli səviyyədə sanballı və şəffaf fənn olimpiadalarında yaxşı nəticə göstərənlər Beynəlxalq olimpiadalarda biliklərini təsdiqləyirlər.

Fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimi elə təəssürat bağışlayırdı ki, sanki 27 500 şagirdin hamısı orada idi. Əslində bilik yarışmasına qoşulanlar məğlub olmurlar. Onlar növbəti illərdə daha yaxşı nəticə göstərə bilərlər. Bunun üçün yaradılmış olimpiada mərkəzləri və təcrübə var.

Bu ilin nəticələri olduqca maraqlı faktlar ortaya çıxarıb. Hətta 7-ci sinifdə oxuduğu halda bir neçə şagird daha yuxarı siniflərin yarışına qatılıb və medal qazanmışlar. Bu onu göstərir ki, fənn olimpiadaları artıq hərəkat halını almağa başlayıb.

Hər dəfə region məktəblərində təhsilin keyfiyyətindən söhbət düşəndə bir qədər məyus oluruq. Ancaq bu yarışma bizə xeyli təskinlik verdi. Region məktəblərindən xeyli sayda şagird fənn olimpiadalarının qalibləri olmuşdular. İstər-istəməz yadıma ABŞ-da "2016-ci ilin müəllimi" seçilmiş Yahana Heyesin sözləri düşdü: "Təhsilin keyfiyyətində coğrafiya rol oynamamalıdır". Olimpiada hərəkatının genişlənməsi bizdə də bu problemin həllinə öz töhfəsini verməkdədir.

Fənn olimpiadaları şagirdlərimizin kreativ təfəkkürünün inkişaf etməsinə səbəb olacaq. Bu tip təfəkkür yeni ideyaların doğulmasına və cavabı indiyə qədər məlum olmayan sualların qoyuluşuna imkanlar yaradacaq.

Fikrimcə, şagirdlərə yanaşı müəllimlər üçün də olimpiada mərkəzləri yaradılmalır. Belə mərkəzlərin yaradılması yüksək dərəcəli olimpiada təlimçilərininin hazırlanmasına, həm də tədris bazasının formalaşdırılmasına yol açacaq. Bununla yanaşı, olimpiadanın daha yaxşı təbliği üçün sırf olimpiada portalı yaradılmalıdır. Olimpiadanın tam oturuşmasından sonra isə "Şagirdlərin təhsil nailiyyələrinin qiymətləndirilməsi üzrə Beynəlxalq Proqram"da (PİSA) bizimkilərin irəliləməsi barədə düşünməliyik.

Mən həmişə bir şeyə inanmışam: uşaqlar onlara verdiklərimizi bizə bir neçə qat artıqlaması ilə qaytaracaq. Onlar bəhrə verməyə meyllidir. Bunu həvəs və sevinclə edirlər. Onların yaxasından asılan bilik medallarının işığı hökmən bu ölkəni aydınlığa çıxaracaq. Onların qalib üzünü görmək adamı xoşbəxt edir. Bu mənzərəni bir görəydiniz. Onlar necə sevimlidir.

Sonda təhsildə aparılan islahatları görmək istəməyənlərə bunu demək istəyirəm: "Bunu da görmədiniz"?