Babək Göyüş Babək Göyüş

İlyas Ərnəfəsin “səsi”

Babək Göyüş



Onun öz dünyası, Nəşriyyat adlı öz evi və öz iyi var. Səsi isə yoxdur. O, öz səsindən və özündən çoxdan imtina edib.

İlyas Ərnəfəs müğənni deyil, yazıçıdır. Daha doğrusu, bir vaxtlar yazıçı idi, indisə "Azərbaycan" nəşriyyatının "mühafizəçisidir". İçəridə yox, bayırda qoruyur buraları. Özü də ağacın başından hər şeyi izləyir. Yəqin əlində binokl da var, gəlib gedənin addımına baxır. O sanki Somali sahillərində gəmi gözləyən dəniz quldurlarına bənzəyir. Başqa heç nəyə yaramır. Yarasaydı, onun da ev-eşiyi, arvad-uşağı, qəzet-jurnalların birində işi, çayxanalarda yeri, Vahid poeziya bağında çirkli "armudu stəkanı"... Yəqin xarici maşını da ola bilərdi. Hərdənbir şair dostlarını toplayıb dənizə aparardı, yolda da Əlisəmid Kürə sərinlənmək üçün şokolad dondurması alardı, hirslənəndə isə Seymur Baycanın "Körpüsalanlar" romanını Murad Köhnəqalanın qaşqasına sürtərdi ki, şəhərimizdə körpülərin sayı çoxalsın.

Haşiyə: Yaylağımızda dəlisov bir buğa var idi. Həmin yay camaat onun əlindən dəmir gəmirirdi. Onun qorxusundan arxaca sarı heç kəs getmirdi. Günlərin birində o buğanın beyni elə qızdı ki, qarşısına gələni buynuzu ilə ayırtdaya-ayırtdaya bulağa tərəf cumdu. Və onda hamını maraq bürüdü ki, onu bulağa cəlb edən nədir? İndi o mənzərəni kino lenti gözlərinizin qarşısına gətirin. Yuxarıda krana qoyulmuş videokamera obyektivini bulağın novuna yaxınlaşdırır. Və orada başında qırmızı kəlağayısı olan bir qız uşağı səhənginə su doldurur. Təbii ki, digər kamera da buğanın ona sarı gələn trayektoriyasını lentə köçürür. Bu mənzərəni görənlər isə yerində donub qalır. Və hamı qızın son anlarını yaşadığını duyur. Buğa isə Aqata Kristinin romanlarındakı kimi qeyri-adi manevr edərək o səhnəyə yeni element gətirir. Qıza yaxınlaşanda sürətini elə azaldır ki, ayaqlarından çıxan toz yaylağı başına bürüyür və heç kəs bulaq başında cərəyan edən kadrların davamını görmür. Davamı isə çox sadə qurtarır. Buğa qıza yaxınlaşanda sanki dil açıb deyir ki, ey yaylaq gözəli, sən qırmızı geyinmisən, Antoni kimi. Və dili ilə onun qaşqasını yalayır. Qız da təbii ki, nə olduğunu anlaya bilmir və buğanın bu təvazokarlığı qarşısında bir azca utanır. Səhəngə dolan suyun isə özünə çığır açaraq başqa su yolu ilə üzüaşağı axdığını hamı görür.

Murad Köhnəqala müasir olmaq üçün həmişə qırmızı köynək geyinir. İlyas Ərnəfəsin köynəyinin rəngi isə bilinmir. Dünyanın bütün rəngləri onun köynəyində cəmləşib. Elə şalvarı da elədir. Yəqin corabı da. Əlində tutduğu siqaretin isə öz rəngi var. O siqareti ona Aqil Abbas verib. Aqil Abbas hamıya gücü çatandan kömək edir. Görəsən, Aqil Abbas İlyas Ərnəfəsi "Çanaqqala" restoranına apararmı? Ya da bir dəfə Milli Məclisin kafesində onunla üzbəüz oturub çay içərmi? Həm aparar, həm də içər. "Azərbaycan" nəşriyyatının 4-cü mərtəbəsindəki kafenin üfunət iyi İlyas Ərnəfəsin paltarındakı iydən guya geri qalır? Aqil Abbas ora tez-tez gəlir, yəqin İlyasın iyini duymaq üçün. O iylər nəşriyyatın əhatə dairəsində bir-birini necə də tamamlayır. Və heç biri ölməyə tələsmir. Heç İlyas Ərnəfəsin özü də ölmək istəmir. İnsanlar niyə belədir, görəsən?

Ölsəm daşım özümdən qiymətli
bəlkə baş çəkən tapılar.
Nə qədər ki, varam – heç.
Dirilər sevilmək üçündür, yavrum,
Ölülər… bilmirəm.


Şair Sevinc Çılğın yüz faiz bu şeiri İlyas üçün yazıb. Bilir ki, İlyasın qəbiri üstünə gələnlər olacaq. Birinci Salam Sarvan gələcək, sonra Elnur Astanbəyli, sonra da Kəramət Böyükçöl. Aqil Abbas da hər həftə gül alıb "Ədalət"çilərdən bir nəfəri göndərəcək ora. Ora onsuz da insanların son yeridir. İndi hələlik İlyas Ərnəfəs hamını qabaqlayıb. İlyas diri olanda Sevinc Çılğın demişkən, sevilmədi, yəqin ölü olanda seviləcək. Deyilənə görə onun Riqada sevdiyi bir qız olub. O, indi bəlkə də Latviyanın məşhur şairlərindən biridir. Çünki İlyasın sevdiyi qız yalnız şair ola bilər. Başqa sahənin adamı İlyaslıq deyil. Heç biz yazarlar da indi onluq deyilik. Onun öz dünyası, Nəşriyyat adlı öz evi və öz iyi var. Səsi isə yoxdur. O, öz səsindən və özündən çoxdan imtina edib.

Özümdən imtina edirəm bu gün
Silirəm özümü özümdən.
Ürəyimdən qovdum axır ki, özümü
Özüm gözlərimdən başlayırdım
Daha heç kəs baxmasın gözlərimə.


İlyasın gözlərindən nə düşündüyünü duymaq olur. O, bizə dəli kimi baxır. Özünü isə ağıllı sayır. Ağıllı adamlar ağacda yaşayar, daha dəmir qutunun içinə girməz.
İlyas zamana adamı ola bilmədi. Robun Qud kimi meşələri, dərə-təpələri özünə ev bildi, Tarzan kimi budaqları tutacaq hesab elədi.
Əli yanmasın deyə...
Yaxşı ki əlləri var imiş, yoxsa Aqil Abbasın verdiyi siqareti də tutmağa bir şeyi olmazdı.. Şalvarını da kasıb-kusuba paylayıb, özü isə idman formasının içində qalıb. "Nike" şirkətinin İlyasdan xəbəri olsaydı, ona super idman geyimləri göndərərdi.
Və bir də namə... İçində də məhəbbət şeirləri.
"Nike"ın qızları İlyasdan tutumlu bir oğlana Avropada rast gəlməyiblər.

Bəlkə daha məhəbbətdən danışmayaq?!
Bəlkə sevmək susmaqdır?!
Hər halda mən bunu bacarmıram...


İlyas bu sözləri oxuyanda əriyib yatdığı budaqdan aşağı düşərdi və yoldan keçən şair Qulu Ağsəs diksinib "Bıy" deyərdi. Qulu Ağsəsin İlyasa həmişə paxıllığı tutub, çünki ona heç vaxt "Nike"dan nə idman paltarı, nə də məhəbbət naməsi gəlməyib. Ona uzaqbaşı yazıçı Elçin Hüseynbəylidən bir Novruz sms-i gəlib.
İlyasın dili olsaydı, bunları Qulunun üzünə "çırpardı", qaşqasına yox. Çırpa bilmirsə, deməli nə vaxtsa süddən kəsili qalıb...

Süddən kəsilmiş körpələrin dili olsaydı,
acanda ağlamaq yerinə
ayrılıq şeirləri əzbərləyərdilər.
Mənə bir qurtum süd…
Hardasan, ay ümid?!


İlyas ümid yerini harda axtarır? Bəlkə heç axtarmır. Ona bu ümidi Nəşriyyatın "ağacı" verib. Özü isə çoxdan itib gedib. Onu axtaran o yoldan keçənlərin gözüdü. Üstlərinə vurduqları ətirlərdi, bir də dodaqlarında udqunub qalan sözləri..

Gözlərimin içinə baxırsan həmişə
Dodaqlarıma baxıb udqunursan
Əllərimi sıxırsan dərindən nəfəs alıb
Boynumu iyləyirsən, hansı ətirdir deyə
Həmişə nəsə axtarırsan elə bil,
Nəsə tapmaq hayındasan.
Həyatım, səninçün nəyi itirim?


İlyas özünü tapmaq üçün özünü itirib. Riqada qoyduğu sevgilisini də... "Ulduz" jurnalında dərc etdirdiyi hekayələrini də. Ürəyində yarımçıq qalan romanlarını da. Onun üçün hər şey itib. Heç sevmək qorxusu da yoxdu onda...

Sevgi də qorxu kimidir
adamın iliyinə işləyir
adamın sümükləri gizildəyir.
Heyif ki mən hələ
Sevmək qorxusu yaşayıram.


İlyasın dili olsaydı, yəqin belə deyərdi: "Mənim kimi yarımçıq adamlar yarımçıq sevgilərin yadigarıdır. Mən heç vaxt bütün ola bilməmişəm. Niyə?! Soruşursan?"

Çünki onu soruşanların özləri dəlidir. İlyas isə İlyas Ərnəfəsdir...