“Tiflis bizi – Kiyevə “Qarabağ” komandasının oyununu dəstəkləməyə gedəcək bir dəstə jurnalisti hərarətlə qarşıladı. “Tiflis bizi – Kiyevə “Qarabağ” komandasının oyununu dəstəkləməyə gedəcək bir dəstə jurnalisti hərarətlə qarşıladı.

Tiflisdəki gəncəli erməni və Seymur Baycanın çayxanası- FOTOLAR

“Tiflis bizi – Kiyevə “Qarabağ” komandasının oyununu dəstəkləməyə gedəcək bir dəstə jurnalisti hərarətlə qarşıladı.

Söhbət havanın hərarətindən gedir. Soyuq Bakıdan getdiyimiz üçün, üstəlik, səhər çağı olduğundan yerli iqlimə uyğun paltar seçmək problemi vardı. Otelin administratorundan havanın hərarətini soruşduq, aksentli rus dilində "dvenadsat" (12) dedi, bəlkə də "devyatnadsat" (19) demək istəyirdi. Amma biz onun bizə fevral havası vəd etməsinə baxmayaraq, Tiflsin günəşinə baxıb yüngül geyindik. Bir saatdan sonra məlum oldu ki, düz eləmişik. Havanın hərarəti Bakıdakından azı 10-12 dərəcə yüksək idi".




Adam istər-istəməz getdiyi hər bir şəhəri öz yaşadığı şəhərlə müqayisə edir. Bu qaçılmazdır. Biz də Tiflisin yol yeridiyimiz küçələrini Bakıya müqayisə edəsi olduq. Açığı, Bakının küçələri daha abaddır. Tiflisin küçələrində asfalt örtüyü köhnə, yamaqlı və cadar-cadar idi. Hər halda dəmiryol vağzalının həndəvərini biz elə gördük.

Bir də səkilərdə dörd-beş yerdə it nəcisləri gördük, az qala üstünə basacaqdıq. Heç xoşagələn deyildi. Görünür, ya bu şəhərdə yiyəsiz itlər çoxdur, ya da evdə bəslənilən itlər küçədə gəzəndə dinc durmurlar.

Adamlar



Tiflisdə adamlar rahatdır, asudədir, özlərini sakit, təmkinli aparırlar. Ancaq insanların maddi sıxıntı içində olduqları üzlərindən, geyimlərindən hiss olunur. Meşşan, təmtəraqlı Bakıyla müqayisədə Tiflis adama kasıbyana görünür. Burada küçədə maşınıyla "ğorrrr" deyə adamın yanından şütüyən harın adamlar, çox bahalı maşın sürənlər yoxdur. Maşınlar orta qiymətlidir. Sanki Bakıya gələn bahalı maşınlar heç Gürcüstandan keçib gəlmir.

Küçələrdə xırdavat və mer-meyvə satan adamlar da çox gözə dəyirdi.

Tıxac



Tiflisdə tıxac problem də yoxdur. Elə oldu ki, camaatın işdən çıxan vaxtı otelimizə qayıdası olduq. Yollarda sıxlıq-filan, tıxac yox idi. Sürücüdən soruşduq, "burda hərdən bir yüngül sıxlıq olur, amma tıxac olmur" dedi. Sürücü özü azərbaycanlydı, Bakıya işləyənlərdən idi və Bakının tıxacını gördüyündən dedi ki, bu məsələdə Tiflislə Bakı müqayisə oluna bilməz.

Gəncəli erməni



Azərbaycanlılar yaşayan Şeytanbazar məhəlləsinə baş çəkmək istədik. Orda beton sürahinin üstündə nərd oynayan və zəri stəkanda atan ağsaqqallar gördük. Bir az yuxarı irəliləyəndə, "Sabirin çayxanası"nı axtaranda gəncəli Nicat Dağlar ünvan soruşarkən bir gəncəli erməniylə rastlaşdı. Adamın adı Papik Markusyan idi, 45-50 yaşlarında bir adam idi, "gəncəli balasıyam" dedi, əlavə etdi ki, imkan olsa Gəncəyə piyada gedər, çünki Gəncəni çox sevir.

Amma Papik bizə "Sabirin çayxanısı"nın yerini səhv isnad verdi, bir addımlıqdakı çayxananı qoyub yoxuşa dırmandıq. Amma sonra dönüb azərbaycanlıların işlətdiyi çayxanaya girdik.

Seymur Baycanın çayxanası



Məlum oldu ki, bura əslində Seymur Baycanın çayxanasıdır. Həmişə bura gəlirmiş. Çayxananı işlədən Bayram adlı gənc dedi ki, bayaq buralardaydı. Masaların birində azərbaycanlı yazıçıların kitabları vardı, o cümlədən Seymur Baycanın bir neçə kitabını gördük.

Burada bizə yaxşı limonlu, ədvalı çay verdilər. Mən də Bayramın şəklini çəkdim ki, qoy reklamı olsun, Tiflisə yolu düşən azərbaycanlılar öz xeyrilərini bu gənclərə versinlər, kitab-zad da oxusunlar.

Saakaşvili nostaljisi



Deyirlər, bir şəhərin durumunu bilmək istəyirsənsə onu taksi sürücülərindən soruş. Biz sərnişini olduğumuz taksi sürücülərindən Mixail Saakaşvilinin, yoxsa indiki prezident Margvelaşvilinin yaxşı işlədiyini soruşduq. Hamısı birmənalı olaraq "Saakaşvili yaxşı işləyirdi" dedilər, əlləri ilə onun tikdirdiyi binaları göstərdilər, "rüşvət və korrupsiyanın kökünü kəsmişdi" dedilər, "indi banditlər yavaş-yavaş bütün sahələrdə fəallaşır" dedilər. Sürücünün biri hətta Margvelaşvili haqqında belə dedi: "Ona oraya qoyublar, amma Gürcüstanı özləri idarə edir".

P.S. Qeyd edək ki, jurnalistlərin Tiflisdən keçməklə Kiyevə səfərlərinin bütün xərclərini "Azərçay" firması və "Akkord" şirkəti öz üzərinə götürüb və buna görə jurnalistlər həmin biznes strukturlarına minnətdarlıq ifadə edirlər.



Xalid Kazımlı