Bərdədə güclü yanğın baş verib

Əslən Ağdam rayonundan olan Namiq Nəcəfovun ailəsi ilə birlikdə Bərdənin beton zavodu adlandırılan ərazisində müvəqqəti məskunlaşdığı tikili elektrik naqilindəki qısaqapanma nəticəsində yanıb.

ANS PRESS-in bölgə muxbirinin verdiyi məlumata görə, yanğın baş verən əraziyə FHN-nin Bərdə yanğından mühafizə hissəsinin əməkdaşları cəlb olunub, alovun qarşısı alınıb. Ümumi sahəsi 77 kvm olan tikilinin təxminən yarısı yanıb. Namiq Nəcəfov deyir ki, əşyalarla birlikdə bütün sənədlər də yanıb. Hazırda 6 nəfərdən ibarət ailənin sığınacağı bir yer yoxdur.

Qaçqın və məcburi köçkünlərlə iş üzrə dövlət komitəsinin Bərdə rayon üzrə nümayəndəliyinin əməkdaşları hadisə yerinə gəlib.

Qaçqın və Köçkünlərin işləri üzrə dövlət komitəsinin Bərdə rayon nümayəndəsi Sərdar Zeynalov bildirib ki, bu barədə Bərdə rayon İH-nin başçısına eləcə də respublika dövlət qaçqınkomun rəhbərliyinə vaxtında məlumat verilib. İlkin olaraq, Bərdə rayon İH-nin və Bərdə qaçqınkomun ehtiyyatından bu ailəyə çadır, yataq dəsti, pal-paltar verilib"

Komitənin Bərdə nümayəndəliyindən bildirilib ki, Ağdam rayon icra hakimiyyəti də baş vermiş hadisə barədə məlumatlandırılacaq və Nəcəfovlar ailəsinin başqa yerdə müvəqqəti məskunlaşması üçün kömək göstəriləcək. Ailəyə gələn il Bərdədə məcburi köçkünlər üçün salınan yeni qəsəbədən ev verilməsi planlaşdırılır.