Elbrus Ərud Elbrus Ərud

Cırıla-cırıla “Qarabağ”...

Elbrus Ərud



"Qarabağ" qalib gəlmək üçün həmişə "Ukrayna"da oynamalıdır... Qalib gəlməyin ayrı düsturu yoxdur. Oyunun keçiriləcəyi yerə can atmalısan. Bunun üçün aylarla çalışmalısan, hər gün hazırlıq işləri görməlisən. Hər səhər yuxudan oyananda başlamasına daha az gün qaldı deyə sevinclə gülümsəməlisən... Artıq sizdən soruşmaq yersizdir ki, adi bir azarkeşinin hələ bir ay qabaqdan məhz bu şəkildə oyununa hazırlaşdığı bir komanda uduza bilərdimi? Heç vaxt uduza bilməzdi. Necə ki, "Qarabağ" uduzmadı, hətta Azərbaycan futbolunda ilkə imza atıldı, Avroliqanın qrup mərhələsində ilk qalibiyyət əldə edildi. "Qarabağ" Azərbaycan futbolunda yaşanan "Qarabağ düyünü"nü açmağın yolunu göstərdi...

Yəni bu təkcə "Qarabağ"ın qələbəsi deyildi... Bu həm də qalib gəlməyin yolunun tapılması idi. Artıq dəqiq şəkildə bildik ki, qalib gəlmək üçün bizdə nə çatmır. İnanın mənə, futboldan anlayan biri olmasam da, bütün ruhumla, qanımla məsələnin nə yerdə olduğunu görə bilirəm. Bizim yalnız bir xilas yolumuz var, azarkeş ölkəsinə çevrilməliyik. Bamazə çıxmasın, bu ölkədə Xoşqədəmin manevrləri hansı incəliyinə qədər izlənilib təhlil olunursa, Rəşad Sadıqovun da manevrləri o qədər kütləvi müzakirə olunmalıdır. Yalnız bundan sonra Rəşad Sadıqov özünü Xoşqədəmin hiss etdiyi yerdə görə bilər. Yəni söhbət ölkədə futbola münasibətin dəyişməsindən gedir.

Mən artıq üstündən az qala bir həftə keçən nə Ukrayna səfəri, nə yolüstü Tibilisi təəssüratları, nə Kiyev macəraları, nə də ki, "Qarabağ"ın "Dnepr" üzərindəki tarixi qələbəsi haqqında yazmaq istəyirəm. Heyətimizdəki jurnalistlər demək olar ki, səfərə çıxandan az qala hər gün yol qeydlərini, reportajlarını yazıblar və söz əhlinin əksəriyyəti də bu yazıları oxuyub.



Mənim yazmaq istədiyim şeylər, bu səfərə getməzdən öncə də, ondan sonra da fikirləşdiklərim, düşündüklərimlə bağlıdır. Sadəcə, bu səfərdə bir şeyi də öyrəndim. Kompleks təkcə fərdlərə məxsus xüsusiyyət deyil, toplumlara da şamil olunası xarakterdir. Komplekslər, çatışmazlıq sindiromları, qələbəyə tamarzılıq, qarşında dayananla öz əyin başını müqayisə etmək xəstəliyi bizi toplum olaraq, kütlə olaraq xəstəlik kimi sarıb və inanın mənə bu bəlanın sağlamaq şansı, "Qarabağ"ın "Real Madrid"ə çevrilmə şansı qədərdir...

Yəni mən nəyə görə hansısa ölkənin poxlu küçəsi ilə öz gəzdiyim küçəni, restoranı ilə restoranımı, qızları ilə qızlarımı, azadlığı ilə azadlığımı müqayisə etməliyəm? Bu nə xəstəlikdir bizdə? Hər halda nədirsə bizi getdiyimiz yerdə rahat buraxmır, gəzməyə qoymur, dincəlməyə imkan vermir. Hər addımda müqayisə xəstəliyinə tutuluruq. Pivədən bir qurtum alan kimi dodağımızı mırçıldadıb, gözlərimizi böyüdürük ki, bu hara, tutalım ki, "Xırdalan" hara... Türklər demiş, bu nə ya?..

Məni "Qarabağ"ın qələbəsindən də çox heyrətləndirən Nicat Dağların səfərdən öncə təklif etdiyi bir şüar oldu. Nicat dedi ki, gəlin Kiyevdə meydanda "Mı podderjivaem Ukrainu, a boleem za Qarabag" şüarını qaldıraq. Təklif səslənəndən sonra bir nəfər replika atdı ki, siyasi şüardır, səsləndirmək olmaz, qayıdandan sonra məsələ qəlizləşər. Biri dedi ki, bu şüar təhlükləlidir və Rusiya ilə Azərbaycan indiki yaxınlaşdığı ərəfədə jurnalistin belə bir şüar qaldırması başa düşülməyəcək. Bir sözlə hərə bir soz dedi və açığı məsələ o qədər böyüdü ki, mənim bu gün də başımın üstünə qaldırmaq istədiyim, hələ də aktuallığını itirməyən şüarı Putinin xoşuna gəlməz deyə qaldıra bilmədik, vaz keçdik. Bir şüarı qaldırmağa gücü çatmayanlar necə qələbə istəyə bilər? Məsələni fərdiləşdirmək istəmirəm və peşəkarlar bilir ki, burda xitab toplum olaraq özümüzədir. Yəni sən nə demokratiya-demokratiya mırtıldayırsan, ancaq sənin içində bir şüara bəs edəcək qədər azadlıq yoxdur... Nə isə ağır söhbətdir və hər halda mən söz verirəm ki, "Dnepr"lə Bakıdakı oyuna qədər bu şüarı başımın üstündə saxlayacam. Ancaq içimdə...



Məni heyrətləndirən başqa bir məqam Azərbaycanın Kiyevdəki səfiri Eynulla Mədətli oldu. Diplomatımız Ukraynada gedən proseslərdən elə şeylər, özü də tam inandırıcı şəkildə danışırdı ki, mən fikirləşirdim, nə əcəb rəsmi Kiyev siyasi böhrandan çıxmaq üçün belə dünyagörüşlərdən istifadə etmir?!. Səfirimiz Kiyevin nələrdə səhvlərə yol verdiyini açıqlayır və əslində necə addım atmalı olduqlarına dair yollar göstərirdi. Uşaqlar hamısı təəccüblə bir-birlərinə baxırdılar...

Jurnalistlər səfirimizi bəyəndilər. Hər halda o, öz ölkəsinin böhrandan çıxış taktikalarından bəhrələnmiş qaydada fikirlərini səsləndirirdi. Nəzərə alsaq ki, Ukraynada bu dəqiqə baş verənlər 1992-1996-ci illərdə Azərbaycandakı hadisələrin demək olar ki, 90 faiz təkrarıdır, o zaman bu ölkədə böhrandan çıxışın yollarını bizim ən balaca məmur da göstərə bilər. Hər halda indi bizdə elələri var ki, Ukraynada baş verənləri seyr edərək dodaqlarını gəmirir, hələ sadəlövh ukraynalının başına gətiriləcək yaxın gələcəkdəki böyük bəlaların xilaskarı kimi özünü görür. Həqiqətən də Ukraynada ünsiyyətdə olduğumuz nə sadə xalq, nə ofisiantlar, nə taksi şoferləri, nə də göygöz ukraynalı qızlar bir gün sonra ölkələrindəki baş tutacaq parlament seçkiləri haqqında bir kəlmə də danışmırdılar. Deməli, ortada olan xalq yox, bir dəstə bizdəki 90-ci illərin cüvəllağılarıdır...

Kiyevdən yadımda qalan bir şey də var. Oyundan qabaq küçədə-bacada qabağımıza çıxan istənilən yerlidən sabah biz burda oynayırıq, xəbəriniz varmı, deyə soruşanda hamı başını bulayıb keçirdi. Dəli olmuşduq ki, bu adamlar deyəsən fərqində deyillər ki, 15 Azərbaycan jurnalisti durub Qarabağın oyununa görə qatarla Kiyevə gəlib. İndi Kiyevdən gəlmiş olsaydılar, bütün mətbuatımız onlardan yazırdı. Bunların belə saymazyana münasibətləri məni hətta hiddətləndirmişdi. Ta ki, oyunun sabahı otelin qabağında bizə təbrik üçün əl uzadan gürcüləri görənə qədər belə oldum. Oyundan bir gün sonra hansı kafeyə getdik, dükana girdiksə, şoka saldılar bizi. Elə bil bütün Kiyevə elan verildi. Hamı qələbəyə görə bizi təbrik edir və öz "Dnipro"larına görə təəssüfləndiklərini bildirirdilər. Nə oyun oynayırdılar bunlar bizimlə?



Qələbədən söz düşmüşkən, yuxarıda komplesklərdən yazmışdım. Məncə, bizim komplekslərimizdən biri də qələbəni qeyd edə bilməməyimizlə bağlıdır. Bu bəlkə də çatışmazlıq, ənənəsizlik faktorudur daha çox. Qələbə var, ancaq ürəkdə partlayış yoxdur. Nəsə sınıqdır, qırıqdır. Əllərini yuxarı qaldıra bilmir adam. Bunu uşaqlara da dedim. Elə bil nəsə çatmır, adam sona kimi sevinə bilmir. Özü də bu təkcə "Qarabağ"da belədir. Zatən bizi "Qarabağ" qədər sevindirən başqa biri də yoxdur. Ancaq olsaydı o qələbinin sevinci ayrı cür olardı. "Qarabağ"ın hər sevinci mənim atamı yandırır, qışqırmaq istəyirəm, qışqırıram da, ancaq sevincimdən yox, ürəyimi nisgil dağıdır, qübardan qışqırıram. Ciddi deyirəm. "Qarabağ" qol vuranda uşaqların üzünə dönüb baxdım, heç bir klubun azarkeşi qol olanda belə hala düşməz. Bizimki qələbəyə yox, aldığımız yüz yumruğun əvəzinə bir şillə vurmağa bənzəyir. İçimizi qəzəb dağıdır, cırılırıq... Nərildəyirik. Dilimizdə başqa, ürəyimizdə bambaşqa Qarabağ qışqırırıq...

Bax məsələ o bambaşqa Qarabağla bağlıdır. Tanrının bizə top-top oynamaq üçün göndərdiyi "Qarabağ" bu xalqın həm də sınaq imtahanıdır. İnanın mənə, top qovan "Qarabağ"ın yanında nə qədər varıqsa, Topxanalı Qarabağın da yanında o qədər var olacağıq. Axı mən yanıb tökülə-tökülə nəyə görə yazmalıyam ki, ay nazirlər, deputatlar, sahibkarlar, polislər, küçə uşaqları, dilənçilər, bu millətin övladları, axı nəyə görə "Qarabağ"ın oyununa ancaq klubun azarkeşləri gəlməlidir? Axı cəlb olunduğumuz sınaq imtahanında Qarabağa nə qədər haqq etdiyimizi göstəririk. Bu haqq 30 min nəfərlik stadionunun az qala yarısının biletlərinin dəvətnamə şəklində, yarısının da bir manatdan satılaraq doldurulması ilə bitmir ee... Bu haqq arvadlı, uşaqlı, böyüklü, kiçikli, itli, pişikli "Qarabağ" oynayan gün bir şəhərin, ölkənin həyəcandan dağılması ilə qazanılır.

Möhtəşəm gün xilasımız cırılana qədər bütün məmləkət olaraq "Qa-ra-bağ", "Qa-ra-bağ", Qarabağ çığırmaqdan keçir...