Sədrəddin Soltan Sədrəddin Soltan

Azərbaycan İran üçün nicat yoludur

Sədrəddin Soltan



İran prezidenti Həsən Ruhani ölkəmizə səfərə gəlir. Səfər çərçivəsində müzakirə ediləcək əsas məsələlərin iqtisadiyyatı sahəsini əhatə edəcəyi ehtimalı çoxdur. Çünki Tehran illər uzunu yürütdüyü xarici və daxili siyasət ucbatından düşdüyü iqtisadi vəziyyətdən çıxmağa çalışır.
Bu məsələdə Azərbaycan Respublikası İran hakimiyyəti üçün "nəfəslikdir".
Bundan başqa qonşu dövlәtlәrdәki, özәlliklә İraq və Suriyada baş verənlərdən nəticə çıxararaq, Tehran hakimiyyəti üzləşdiyi mövcud vəziyyətdən çıxmaq üçün çeşidli yollar arayır, habelə üzləşəcəyi ehtimal olunan problemləri həll etməkdən ötrü indidən hazırlaşır.
İranın dövlət büdcəsi əsasən neft və qazdan gələn gəlir hesabın formalaşır. Odur ki, bu sərvəti dünya bazarına çıxarmağa səy göstərir. Heç şübhəsiz, atom-nüvə proqramı ilə bağlı tətbiq edilən iqtisadi sanksiyaların zəifləyəcəyi və ya tamamilə ləğv ediləcəyi halda neft və təbii qazının dünya bazarına, özəlliklə Qərb bazarına çıxarılması üçün Tehran əlavə fürsət qazanacaq.
İranın dünya bazarına çıxması üçün ən etibarlı nəqliyyat yolu daha Azərbaycan Respublikası sayıla bilər. Başqa sözlə, Azərbaycan Respublikası İran İslam Respublikası üçün nicat yoludur. Çünki həm şərq, həm qərb, həm də cənub qonşularında sabitlik amili şimaldakı qədər etibarlı deyil. Ermənistan ərazisindən infrastruktur xətləri keçmədiyindən bu ölkə ilə bağlı bu sayaq layihələr gerçəkçi görünmür.
Keçmiş SSRİ dövründə İranla sovetləri Azərbaycandan keçən Moskva-Tehran dəmiryolu xətti birləşdirirdi. Ancaq Ermənistan Azərbaycanın bu dəmiryol xətti keçən ərazilərini işğal etdiyindən həmin yol 20 ildən artıqdır, işləmir.
Odur ki, daşımaçılıq üçün ən sərfəli nəqliyyat vasitəsi dəmiryolu xətti olduğundan İran və Rusiya Qəzvin-Rəşt-Ənzəli-Astara dəmiryol xəttinin tikintisi layihəsini yenidən gündəliyə gətirib. Qəzvin-Rəşt-Ənzəli xəttinin tikintisinə İran 10 ildən artıqdır başlayıb.
Bu yolun uzunluğu 185 km, tunellərinin ümumi uzunluğu 22 km, körpülərinki isə 17 km-dir. İran rəsmiləri iddia edir ki, hazırda bu layihəyə 285 milyon dollara yaxın sərmayə qoyulub. Rəşt-Ənzəli-Astara dəymiryolu xəttinin ümumi dəyəri 325 milyon dollardır. Ancaq illər uzunudur Tehran maliyyə çatışmazlığı ucbatından bu layihəni gerçəkləşdirə bilmir.
Ötən ay Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri Şahin Musafayev Tehrana səfəri zamanı İranın yol və şəhər tikintisi naziri Abbas Axundu ilə görüşündə Qəzvin-Rəşt-Ənzəli-Astara dəmiryolu tikintisini müzakirə edib.
İranlı nazir bildirib ki, Qəzvinlə Astaranın birləşdirən dəmiryolunun tikintisinə bir neçə il lazımdır. Layihənin gerçəkləşdirilməsi müddətinin azaltmaq üçün Azərbaycan tərəfi Cənubi Astarayadək (İran Astarası) 8 km uzunluğunda yol dəmiryolu xəttini tikməlidir.
Bu yol vasitəsi ilə İran Bakı-Tbilisi-Qars dəmiryolu xətti ilə Türkiyəyə təhlükəsiz mal daşıya bilər. Eləcə də Azərbaycan tərəfi İranın Bəndər-Abbas limanı vasitəsi ilə körfəzə çıxmaq imkanı qazanır.
Qəzvin-Rəşt-Ənzəli-Astara dəmiryolunun tikintisinə bir neçə ildir Rusiya da maraq göstərir. Hələ bir neçə il öncə İranın uyğun qurumunun rəsmisi Abbas Nazari bildirmişdi ki, 175 km-lik uzunluğu olan Rəşt-Astara dəmiryolunun tikintisinə 400 milyon dollar maliyyə vəsaiti lazımdır. Tehranın hesablamasına əsasən, bu yolun tikintisi 2013-cü ildə başa çatmalı idi.
"Şimal-Cənub" nəqliyyat dəhlizi adlanan bu layihə indiki halda Rusiya və İran üçün çox vacib sayıla bilər. Çünki Rusiya sanksiyaya məruz qalıb. Onun güvəndiyi dövlətlərdən biri İrandır. Bu layihə ilə Moskva həm İranla əlaqələrini gücləndirə, həm də Bəndər-Abbas limanına körfəzə çıxa bilər.
İrana isə perspektivdə sanksiyalardan qurtulacağı halda Azərbaycandan keçən dəmiryol xətti ilə Avropaya çıxış əldə imkanı qazanar.
Qeyd edək ki, Moskva ilə Tehran üç əsas "birgə paket" üzərində işbirliyi planlaşdırır:
- "Böyük neft müqaviləsi". Bu layihə 20 milyard dollar dəyərindədir;
- 8-10 milyard dollarlıq "energetika körpüsü";
- Bir milyard avroluq dəmiryolu layihəsi.
Beləliklə, Şimal-Cənub nəqliyyat dəhlizi həm sanksiyaya məruz qalan Rusiya, həm də sanksiyadan qurtulacağı ehtimal olunan İran üçün qurtuluş yollarından biri sayıla bilər.
İranın neft və təbii qazını Avropaya çıxarması üçün də Azərbaycan Respublikası əlverişli tranzit yoludur. Sentyabrın sonunda İran prezidenti Həsən Ruhani avstriyalı həmkarı Haynts Fişerlə görüşündə deyib ki, İslam Respublikası Avropa üçün etibarlı enerjidaşıyıcısı mənbəyi ola bilər.
Heç şübhəsiz, İranın enerjidaşıyıcılarının Avropaya çıxarılması üçün Türkiyə də əlverişli mövqeyə malikdir. Hətta bu ilin əvvəlində İranla Türkiyə arasında təbii qazın Avropaya çıxarılması ilə bağlı danışıqlar başlamışdı. Həmin qaz kəməri Türkiyənin mərkəzi hissəsindən keçərək, Yunanıstanadək uzanacaq. Xəttin uzunluğu 5 min km-dir.
Türkiyə tərəfi artıq layihəni keçəcəyi yerlə bağlı işləri başa çatdırıb. Ancaq kürdlərin İrana və Türkiyəyə qarşı ərazi iddiası, onlara bağlı terrorçu təşkilatların Türkiyədən keçəcək xətti partlatması ehtimalının çox olması bu layihə ilə bağlı çeşidli problemlərin yaranmasına səbəb ola bilər.

Bu baxımdan, İranın Azərbaycan Respublikası ərazisindən keçən enerjidaşıyıcıları xəttinə qoşulması daha gerçək görünür.
Nəhayət, Orta Doğuda baş verənlər fonunda Azərbaycan Respublikasından keçən dəmiryol və enerjidaşıyıcıları xətti, həm iqtisadi-maliyyə, həm də təhlükəsizlik baxımından Qərb, eləcə də İran üçün ən etibarlı layihə sayıla bilər.

(lent.az)