Elşad PAŞASOY Elşad PAŞASOY

Erməni uşağın göz yaşı

Elşad PAŞASOY



Ermənilər Ağdamda vurduğumuz hərbi vertolyotun pilotlarının qalıqlarını basdırdılar. Dəfn törənindən hazırlanan mərasimin video-kadrlarına sonadək baxdım. Baxdım və doğrusu düşmən də olsa, bölgənin və dünyanın bədbəxt xalqı olan ermənilərə acıdım...

Düzdür, erməni lobbisi, həmçinin Ermənistan rəhbərliyi şou hazırlamaqda çox pərgardır. Amma Ağdam səmasında məhv edilən erməni pilotlarla bağlı hazırlanmış dəfn törəni şousu tamam fərqli idi. Düzü, mən son illərdə ermənilərin belə bir mərasimə toplaşdığını xatırlaya bilmədim. Yalnız qondarma "soyqırım" abidəsi önündə bu cür təşkilatlanmış mərasimlər düzənlənir.

Azərbaycanın yaxın və nisbətən uzaq tarixində belə mərasimlər çox olub. Başımıza o qədər müsibət gətirilib ki. Sonuncu dəfə Milli Qəhrəmanımız Mübariz İbrahimovu çox yüksək səviyyədə dəfn etdik. Ermənistanda isə bir ilk idi. Bu, həm də onu göstərir ki, vertolyot olayı erməniləri sarsıdan bir hadisə oldu. Elə dövlət səviyyəsində keçirilən dəfn törəni də bunu sübut edir. Ermənilər indiyədək güman edirdilər ki, Azərbaycan onların bütün özbaşınalığına dözəcək, hərbi vertolyotları məzə üçün sağ-sola mərmi yağdırsa da, Azərbaycan əsgəri tətiyi çəkməyə cəsarət etməyəcək. Ancaq atəşkəsin mövcud olduğu 20 il ərzində bəlkə də ilk dəfə atəşkəs ciddi şəkildə, özü də haqlı olaraq pozuldu və düşmən Qarabağ savaşı başlayandan almadığı zərbəni aldı. Elə bir zərbə aldı ki, hətta hərbi təlimlərə gətirilən digər vertolyotları "təmir" adı ilə Xankəndi hava limanında saxlayıblar və qorxudan havaya qaldırıb Ermənistana qaytara bilmirlər.
Terror yolu ilə ölkədə rəhbərliyi ələ keçirən, üstəlik Avrasiya İttifaqına qoşulmaqla daxildə böyük narazılıq dalğası ilə üz-üzə qalan Ermənistan rəhbərliyi hazırda çox narahatdır. Ölkənin dövlət və hökumət üzvlərinin dəfn şousunda iştirak və çıxış etmələri, dəfn yerindəcə ölənlərlə bağlı təltiflərin elan olunması da narahatlığın göstəricidir.

Ermənistanda müxalif İrs Partiyasının lideri Raffi Ovanisyan "Heç bir zərurət yox idi ki, vertolyot Azərbaycan mövqelərinin 150 metrliyində döyüş təlimlərində iştirak etsin. Bu sual hamıda yaranır və cavab tələb edir" - deyərək Sərkisyandan cavab istəmişdi. Bu günədək sualın cavabı verilməyib. Odur ki, İrəvanda da erməni hakimiyyətinin hərbi vertolyotun məhz Azərbaycan tərəfdən vurulması üçün Ağdam səmasına göndərildiyi barədə əsaslı şübhələr var. Sərkisyan bu şübhələri dağıtmaq üçün əlindən gələni etdi, pilotların dəfni ilə bağlı böyük bir şou hazırlatdırdı. Erməni hakimiyyəti özünü elə itirdi ki, "Qarabağ ordusu"na məxsus olduğunu iddia etdiyi vertolyotun pilotlarının qalıqlarını İrəvan qəbristanlığında basdırdı. Əslində pilotların Ermənistandan olduğu, vertolyotların bu ölkədəki hərbi hissədən havaya qalxdığı faktlarla sübuta yetirilmişdi.

****

İrəvandakı dəfn mərasiminə baxdıqca Serj Sərkisyanın Xocalı soyqırımının 20 illiyindəki etiraflarını xatırladım. Bu qaniçən prezident Qarabağ üzrə tanınmış britaniyalı ekspert Tomas de Valla müsahibəsində belə demişdi: "Xocalıya qədər azərbaycanlılar bizimlə sadəcə zarafat etdiklərini düşünürdülər. Azərbaycanlılar elə bilirdilər ki, ermənilər dinc əhaliyə əl qaldıra bilməyən insanlardır. Bütün bu düşüncələri dəyişmək lazım idi. Belə də oldu". Bəli, Xocalıdan sonra biz ermənilərin mahiyyətini daha dürüst anlaya bildik...

Ancaq indi Sərkisyanın daha bir etirafına ehtiyac var: bu dəfə vertolyot zərbəsi ilə bağlı. 12 noyabr vertolyot hadisəsinə qədər ermənilər Azərbaycanın zarafat etdiyini güman edirdilər. Artıq düşmən anlayır ki, Azərbaycan səbrinin sonsuz olmadığı barədə bəyanatlarını səsləndirərkən, hərbi büdcəsini ildən-ilə artırmaqla, istənilən yolla torpaqları azad etməyə hazır olduğunu deməklə heç də zarafat etmir. Erməni ilə nə zarafatımız? Azərbaycanın ciddi olduğunu bütün dünya gördü, elə ermənilər də. Sadəcə Azərbaycan müharibənin böyük faciə olduğunu qəbul edib bir az da gözləməkdə qərarlıdır. Azərbaycan istəmir ki, günün birində erməni uşaqları göz yaşı içində boğulsun. Azərbaycanda heç bir ana qundaqdakı uşağının qulağına "sənin düşmənin ermənidir" deyib onu zəhərləmir. Bax, bizimlə onların fərqi budur.

Dəfn şousunda çox şey saxta idi. Boş tabutlar, erməni rəhbərliyinin matəm görüntüsü, pilotların nə səbəbə məhv edildiyi barədə iddialar...Ancaq saxta olmayan bir şey vardı. Pilotların ailə üzvlərinin hıçqırtıları... Atasının murdar Saakyan tərəfindən verilən təltifi qəbul edən azyaşlı erməni uşağının yazıq görkəminə tamaşa etdikcə insanlığın faciəsinə təəssüfləndim. Əslində o, bu təltifi erməni generalın başına çırpmalı idi: "Məni atamı niyə öldürdünüz, onun Ağdamda nə işi vardı" deyə. Amma biçarə nə bilsin, dünyadan xəbərsizdir...

****

Erməni uşağa baxan anda gözümün önünə uzaq tarixdə olanlar barədə oxuduqlarımız bir yana, son onilliklərdə başımıza gətirilən müsibətlər, Xocalıda güllələnmiş nəsillər, Çingiz Mustafayevin hönkürərək bağrına basdığı körpə qızcığazın donmuş cismi, Kəlbəcər zəbt olunanda özünü qayadan atan qız-gəlinlərimiz, düşmənə əsir düşməməsi üçün hətta qızını güllələmək həddinə çatdırılan atalar, elə bu atəşkəs illərində erməni snayperlərinin hədəf seçdiyi oğullarımız, 9 yaşlı Farizin oyuncaqlarla bəzədilmiş məzarı, elə son həftə xidmətini başa vurmağa 42 gün qalmış şəhid olan əsgərimiz gəldi. Övladı bu il 1-ci sinfə gedən Həsəni, girovlarımız Dilqəmlə Şahbazı, onların övladlarını xatırladım...Bütün bunları düşündüm və...

Yox, gözüyaşlı erməni balasına baxıb "ilanın balası ilan olar", ya "ilanın ağına da lənət, qarasına da" düşünmədim. Nə qədər qəribə gəlsə də, acıdım düşmən uşaqlarına. Kim bilir, bəlkə də ataları bir az da həyasızlıq etsəydi, indi biz böyük bir faciəni qeyd edəcək, günahsız itkilərimizə yas tutacaqdıq. Ancaq bunları bilə-bilə acıdım ermənilərin balalarına. Çünki ermənilər hələ beşikdə olarkən uşaqlarına "türk sənin düşmənindir" deyib onları hələ çağa ikən zəhərləyirlər. Bağçada, məktəbdə, ali məktəbdə, işdə-gücdə, hər yerdə, dünyanın hansı ölkəsində olursa-olsunlar ermənilər nəinki bir-birini, hətta özgələri də, qeyri-türk olan bütün millətləri öz zəhərli təbliğatlarına "qonaq edirlər". 100 ilə yaxındır ki, dünyanı boğaza yığıblar, "genosid" deyərək. Düzdür, bu saxta təbliğat xristian dünyası, anti-türk əhvallılar üçündə göydəndüşmə olub. Ancaq ermənilər xalq olaraq hələ də anlaya bilmirlər ki, onlara fəlakətli tale bəxş edən elə öz erməni cəlladları, "Böyük Ermənistan" xəstəliyinə mübtəla olan əclaflardır. Bu gün erməni xalqını Azərbaycanın enerji ehtiyatlarından elə gürcülərsayağı istifadə etmək şansı var idi. Azərbaycan qazı Avropanı isidir, qonşuluqdakı Ermənistan donur, əhalisi dilənçi kökündə. Yetər ki, ayılsınlar. Nə qədər ki, onlar düşməni doğru-dürüst tanımayacaq, o halda rahat ömür sürə bilməyəcəklər, nəinki Qarabağda, heç Ermənistanda da...

Gərək həlak olan hərbçilərin göz yaşı axıdan xanımları, yaxud boynunu qısıb qalmış məktəbli uşaqları ordakı o köpəyin, Zori Balayanın yaxasından yapışıb "tfu zənin üzünə" deyəydlər. Çünki Qafqazın iki xalqını üz-üzə qoyan ideoloqlardan biri də o köpəkdir. Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılması üçün xəstə təxəyyülünü işə salıb "Ocaq" kitabını yazan, Xocalıda körpələrin qanının axıdılmasından həzz alıb sonra bunu qələmə alan. Üzünə tüpürməli çoxları var idi orda, lap çox. Fürsəti qaçırdı ermənilər. Belə getsə, bu sayaq dəfn törənləri çox olacaq. Tabutların içi boş olsa da...