Bu gün Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Milli Məclisin Təhlükəsizlik və Müdafiə komitəsi sədrinin müavini, Yeni Azərbaycan Partiyasının İcra Katibliyinin Siyasi təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri, siyasi elmlər namizədi Aydın Mirzəzadənin doğum günüdür. Onun 58 yaşı tamam olur. Bu gün Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Milli Məclisin Təhlükəsizlik və Müdafiə komitəsi sədrinin müavini, Yeni Azərbaycan Partiyasının İcra Katibliyinin Siyasi təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri, siyasi elmlər namizədi Aydın Mirzəzadənin doğum günüdür. Onun 58 yaşı tamam olur.

“Mənə bundan böyük vəzifə lazım deyil” - Aydın Mirzəzadə (Müsahibə)

Bu gün Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Milli Məclisin Təhlükəsizlik və Müdafiə komitəsi sədrinin müavini, Yeni Azərbaycan Partiyasının İcra Katibliyinin Siyasi təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri, siyasi elmlər namizədi Aydın Mirzəzadənin doğum günüdür. Onun 58 yaşı tamam olur.

Aydın Mirzəzadə bu sevincli günü ilə bağlı fikirlərini AzNews.az-la bölüşüb.

-Aydın bəy, öncə sizi doğum gününüzə görə təbrik edirəm. Təbii ki, bu xoş günlə bağlı sizə saysız-hesabsız telefonlar zəngləri gəlib. Onların içində ən yaddaqalanı hansılar olub?
-Təbrikə görə sağ olun. Əgər kimsə səni sayıb təbrik edirsə, elə bunun özü yaddaşlardan silinmir. Ən şirin təbriklər isə ailə üzvləri tərfindən oldu. Onlar məni artıq bir neçə gündür ki, təbrik edirlər.

-Yəqin hansısa qeyri-adi bir hədiyyələri də olacaq...
-Hiss edirəm ki, mənə ad günü sürprizi edəcəklər.

-Gəlin etiraf edək ki, bütün bu xoş anların içində qəmli notlar da var. Qocalığa doğru gedən notlar...
-Doğum günündə insan sanki bu haqda düşünmək istəmir. Onu düşündürən yaxınların, dostların sənə olan diqqətidir. Ad günündən bir neçə gün keçəndən sonra isə təkliyə qapılanda bir anlıq beynindən belə hiss keçir ki, bir il də qocaldıq. Və ömrümüzün üstünə bir dənə də kərpic qoyduq. Hesab edirəm ki, dönüb geri baxanda nəsə həyatda bir iz qoyduğumuza, çoxlu dostlar qazandığımıza, Azərbaycanın bir daşı olmağımıza görə fəxr hissi duyduq.

-İnşaatçı peşəsinə yiyələnən bir gənc oğlan necə oldu ki, 180 dərəcə fikrini dəyişib başqa bir peşənin sahibinə çevrildi?
-Bu sualı özüm də özümə dəfələrlə vermişəm. İş burasındadır ki, mənim içimdə həmişə bir neçə Aydın mübarizə aparır. Onların biri texniki sahəyə marağı olan, riyaziyyatı, fizikanı sevən, mühəndisliyi sevən Aydındır. Biri siyasi prosesləri izləyən, siyasi gedişləri analiz etməyə maraq göstərən Aydındır. Biri ədəbiyyatla, incəsənətlə maraqlanan Aydındır. Görünür, siyasəti sevən Aydın bu birilərindən daha güclü çıxdı. Lap uşaqlıqdan evimizdə bir maraqlı söhbətlər gedirdi. Atam ixtisasca mühəndis olsa da Azərbaycan tarixini, ədəbiyyatını çox gözəl bilirdi və həmin dövrün proseslərinə bəzən zidd gələn, ancaq kifayət qədər obyektiv olan fikirlər bildirirdi. Yəni bizim evimiz əslində siyasi diskussiya, sonradan siyasi mədəniyyətin formalaşdığı bir məkan idi. Kiçik otağımızda atam vaxtilə mövcud olmuş müstəqilliyimiz, xalqımızın öz sözünü sərbəst deyə bilməməsi və yaxud təbii sərvətlərimizin talan edilməsi, bir ideologiyanın zorla bu xalqa yeridilməsi haqda cəsarətli fikirlər deyirdi. Və görünür, bu fikirlər bizləri formalaşdırdı. Bu fikirlər bizi həyata hazırladı və dövründə zamanın ortaya qoyduğu suallara cavab verməyə çalışan gənclərdən biri də biz olduq.

- 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Mingəçevir şəhər təşkilatının yaradılmasında sizin də yaxından iştirakınız olub. Bu partiyaya daxil olmağa sizi nə sövq etdi. Yoxsa yeni yaranan siyasi təşkilata daxil olmaqla bir uğur qazanmaq istəyirdiniz?
-Əslində o vaxt məni partiya maraqlandırmırdı. 1987-ci ildə Heydər Əliyevin siyasi hakimiyyətdən uzaqlaşdırlması hər bir azərbaycanlı kimi mənə də təsir etdi. Və biz Heydər Əliyevsiz Azərbaycanda vəziyyətin çox çətin olacağı fikrinə gəldik. 1988-ci ildə Azərbaycana qarşı başlayan basqılar, Qorbaçovun bu prosesin başında durması, sonradan 1990-cı il faciəsi və ölkəmizdə baş verən digər məsələlər istəsək də, istəməsək də bizi siyasətə cəlb etdi. Düzdür, o dövrdə başlanan xalq hərəkatında bir çox məsələləri qəbul edirdik, ancaq bununla yanaşı formatın düzgün olmadığının fərqinə varırdıq. Çünki sadəcə küçə mitinqlərilə və yaxud bir-iki gəlişi gözəl çıxışlarla problemi həll etmək mümkün deyildi. O dövrdə bir çox gəncləri partiyaya qoşulmaq yox, məhz proseslərdə Azərbaycan üçün xeyirli olan hansısa addımların atmağı maraqlandırırdı. Və bunların içərisində əlbəttə ki, Heydər Əliyev yolu çoxlarına maraqlı idi. Onun təcrübəsi, yanaşması, siyasətilə Azərbaycan böyük uğurlar qazanmışdı. Bunlar hamısı yaddaşlarda təzə idi. Ara-sıra mətbuatda və eyni zamanda cəmiyyət arasında gedən söhbətlərdə Heydər Əliyevin qayıdışının vacibliyini hər kəs kimi biz də duyurduq. Düzdür, əyalətdə yaşayırdım, Bakıda gedən proseslərdən xəbərdar deyildim və 1992-ci ildə bir qrup ziyalının Heydər Əliyevə müraciətilə mətbuatda tanış olduq. Heç kəslə məsləhətləşmədən Mingəçevirdə yaranacaq YAP-ın təşəbbüs qrupunu yaratdıq. Bir qrup gənc idik. Heydər Əliyevi sevən və ona inanan insanlar idik. Həmin qrupun formalaşmasının özü də maraqlı idi. Onlardan bir qrupunu sadəcə tanıyırdıq və maraqlanırdıq ki, həmin dövrdə kimin kabinetində Heydər Əliyevin portreti var. Həmin insanların yanına gedirdik, onlarla söhbət edirdik. Və o insanlardan bir çoxu sonradan bizə qoşuldu. Təşəbbüs qrupu yaratdıq, sonradan partiya təsis olundu. 1992-ci il fevral ayının 13-də YAP Mingəçevir təşkilatını təsis etdik. Sonradan isə addım-addım bugünümüzə gəlib çatdıq. Bizi nə vəzifə, nə də şöhrət maraqlandırırdı. Biz ancaq bir şey istəyirdik. Azərbaycan öz müstəqilliyindən istifadə edərək möhkəmlənsin, uğur qazansın və bunun Heydər Əliyevlə bağlı olduğuna inanırdıq. Və bizim inamımız bizi aldatmadı. İndiyə qədər də həmin proseslərdəyik, həmin yoldayıq.

-Hər bir deputata seçildiyi dairədən seçiciləri tərəfindən bir çox təklif və şikayətlər gəlir. Onları həll etməyə çalışırsınızmı?
-2 aydan bir mən Mingəçevirdə seçicilərimlə görüş keçirirəm. Son görüşüm aprel ayında oldu. 60 nəfərə yaxın insanları qəbul edib, fikirlərini dinlədim. Və yerində bir çox məsələləri həll etməyə çalışdıq. Mingəçevirdə hər bir seçicini tanıyıram desəm, yanılmaram. 40 yaşınadək o şəhərdə yaşamışam. İkincisi, mənim mobil telefonumun nömrəsini Mingəçevirdə hər kəs bilir. İstənilən vaxt zəng edib, sözlərini deyə bilirlər. Ona görə də insanların problemlərini maksimum dərəcədə həll etməyə çalışıram. Həllinə kömək edə bilmədiyim insanların problemlərinin heç birini də unutmamışam. Həll edə bilmədiyim məsələlər səlahiyyətimdən kənarda olanlar olub. Qoy etdiklərimi seçicilərimin və bu yazını oxuyanların özləri müəyyən etsinlər. Ya məni təqdir etsinlər, ya da tənqid atəşinə tutsunlar.

-Qarşıdan yeni parlament seçkiləri gəlir. Öz namizədliyinizi irəli sürəcəksinizmi?
-Mən burada şəxsi qərar vermirəm. YAP-ın üzvüyəm. Və siyasət ilk növbədə komanda oyunudur. Əgər üzvü olduğum partiya məni yenidən parlamentdə öz təmsilçisi görmək istəyərsə, mən razılıq verib seçkidə iştirak edərəm və seçicilərimdən yenidən etimad istəyərəm. Yox əgər başqa insanlar olarsa, mən həmin insanlara maksimum kömək edəcəm və partiyamızın namizədinin qalib gəlməsinə dəstək olacam.

-Siz hazırda iki vəzifə daşıyırsınız. Onların hansına daha çox enerji sərf edirsiniz?
-Əslində onların hər ikisi bir-birini tamamlayır. Günün müəyyən hissəsini parlamentdə oluram, digər hissəsində isə partiyamızın Mərkəzi Aparatına gedirəm. Və hər bir işimə məsuliyyətlə yanaşmağa çalışıram. Parlamentin üzvü kimi ilk növbədə seçicilərimin maraqlarını qorumalıyam, dövlətimin maraqlarını qorumaq uğrunda çalışmalıyam. Eyni zamanda partiyamızın Siyasi təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri kimi partiyanın siyasi xəttinin keçirilməsinə çalışıram. Hər halda çalışırıram ki, bunları bir-birilə uzlaşdıram.

-Aydın bəy, bir vaxtlar parlament jurnalistləri arasında keçirilən rəy sorğularının nəticələrinə görə "İlin deputatı" seçilmisiniz, dəfələrlə Milli Məclisin 10 ən aktiv millət vəkilindən biri olmusunuz. Bütün bu uğurlara necə nail olursunuz?
-Hesab edirəm ki, mənim bu çalışqanlığım ailədən bizə təlqin edilən bir məsuliyyət hissidir. Cəmiyyətin bizə göstərdiyi etimadı doğrultmaq hissidir. Həmçinin, özünü başqalarından, cəmiyyətdən ayırmamaqdır. Sadə insanın hansı duyğularla, çətinliklərlə yaşadığı haqda daima maraqlanmaqdır. Bunları etdikdə, hesab edirəm ki, müəyyən bir nəticəyə gəlmək olar. Mənə etimad göstərməklə onluğa salınması isə jurnalistlərin dəyəridir. Mən onlara təşəkkür edirəm. Onlar mənim dostlarımdır. Biz mətbuata daim dəstək olmalıyıq. Mətbuat cəmiyyətin güzgüsüdür. Azərbaycanda doğrudan da öz vəzifəsinə çox böyük məsuliyyətlə yanaşan bir mətbuat görürəm. Həsən bəy Zərdabinin, Cəlil Məmmədquluzadənin ənənələri bu gün də yaşamaqdadır.

-YAP-ın bir çox funksionerlərinə yüksək vəzifələr verilib. Sizə hansısa vəzifə təklifi gəlibmi?
-Mən Milli Məclisin deputatıyam və hesab edirəm ki, bundan böyük vəzifə mənə lazım deyil. Ancaq yenidən etimad göstərsələr, bu, mənim üçün şərəfdir, göstərməsələr də bu ölkənin vətəndaşıyam.

-Bu gün iyul ayının 2-də doğum gününüzü kiminlə keçirəcəksiniz? Evdə, yoxsa dostlarınızla?
-Yəqin ailə üzvlərimlə birgə olacam. Harada keçirəcəyimiz haqda isə bir qərar verməmişik.

-Aydın bəy, bu 58 ildə qazancınız və itirdiyiniz nə olub?
-Ən böyük qazancım müstəqilliyimizdir. Müstəqil bir dövlətin vətəndaşıyıq. Bundan böyük qazanc ola bilməz. İtirdiyimiz isə torpaqlarımızdır. Eyni zamanda nənəmi, valideynlərimi, əmilərimi və yaxınlarımı da itirmişəm...

Babək Göyüş