Niyazi Mehdi Niyazi Mehdi

Şort və İslam

Niyazi Mehdi


Media səs-səsə verəndə

Mənim kişilərin şort geyməsi ilə bağlı iki yazım çıxıb. Ola bilməz ki, "Azadlıq" radiosunun 2013-ğü ilin iylunda saytına qoyulmuş "Kişilərin şort geyinməsinə necə baxırsınız?" videosorğusuna (bax:http://www.azadliq.org/content/article/25060484.html) bu yazıların mövzu vermək baxımından təsiri olmayıb. Bunu öyünmək üçün demirəm. Bunu onun üçün deyirəm ki, Azərbaycan Mediasında, adətən, eyni qalmaqallı olayın qəzetdən-qəzetə, saytdan-sayta keçməsində bir-biri ilə səs-səsə verməni görürsən, ya da söz güləşdirəndə. Ona görə də nəsə yeni mövzu, yeni ideya irəli sürən yazarlarda tam pessimizm yaranır ki, yazdıqlarım quma tökülmüş su kimi yox olur.

Bu yaxınlarda Hafiz Hacıyevin şortla bağlı saldığı qalmaqal və gənclərin keçirdiyi fləş-mob isə göstərdi ki, konunun aktuallığı hələ çox qalacaq.

Videosorğuda mentalitet arqumenti

"Azadlığ"ın videosorğusu şort geyməklə bağlı mənim yazıma yaxşı empirik, yəni konkret faktlarla dolu material verdi. Onun üçün də bu faktları gözdən keçirim.

Bir yaşlı kişidən oğlanların şort geyməsinə necə baxdığını soruşanda qayıtdı ki, azərbaycanlıyıqsa mentalitetimizə uyğun geyinməliyik. Xanımlarımız Azərbaycan qadını rəmzində, kişilərimizsə kişi rəmzində geyinməlidirlər.

Sanki belənçi cavabları qabaqlayaraq mən yazmışdım: bizim camaat çoxdan unudub ki, vaxtı ilə dizləri çılpaq gəzmək qadın üçün biabırçılıq sayılırdı. On illər keçdi və bu camaat qadınların dizi, baldırı açıq geyinməsinə elə öyrəşdi ki, bununla mentalitet arasında heç bir ziddiyyət görmədi. Əvəzində kişinin dizi açıq gəzməsini mentalitet baxımından ayıb saydı. Görürsünüz, nə mənasız, nə gülünc məntiqdir?! Halbuki şortda gəzən kişini az qala sataşıb təhqir etmək istəyən bizim "mentalitetsevərlərin" heç ağıllarına da gəlmir ki, onları qəzəblərinin kökündə bu gülünc məntiq durur. Hələ onu demirəm ki, kəndlərdə "mentalitetimizə uyğun geyinən" arvadlar da baldırlarını bricdəki kimi açıq qoyurlar, halbuki 19-cu yüzildə bu, biabırçı seksuallıq sayılardı.

Şort və İslam

Başqa bir respondent söylədi ki, Şəriətə görə şalvar topuğacan olmalıdır, ona görə şort geyilməsinə pis baxıram. Adam əyilib şalvarın haradan olmasını göstərəndə bəlli oldu ki, qolu gödək köynək geyinib və heç ağlına da gəlmədi ki, Şəriət dönəmində sinəsi, qolu açıq geyinmək elə də bəyənilmirdi. Təsadüfi deyil ki, indi də Naradaranda kişinin qolu açıq gəzməsinə pis baxırlar (yeri gəlmişkən, 19-cu əsrdə Viktorian əxalıqının xaqanlıq etdiyi dönəmdə kişinin də, qadınların da ayaqlarını, qollarını çılpaqlaşdırması ayıb sayılırdı).

Şort satan dükanın satıcısı gənc və hicablı qız cavab verdi ki, kişilərin şort geyinməsinə pis baxır. Jurnalist soruşanda ki, ancaq özünüz şort satırsınız, qız qayıtdı ki, dəniz üçün (yəni çimərlik üçün) satırıq. Bu hicablı qızın ağlına da gəlmədi ki, çimərlik Avropadan gəlir və elə oranın özündə də kişilərin, qadınların bədənlərinin çılpaqlaşdırması xeyli sərt əngəlləri aşıb. Ötən yüzilin 42-cı ilinəcən çimərlikdə qadınlar da, kişilər də bədənlərinin çox kəsimini örtən çimmək geyimi geyinirdilər. Devrimi Paris modelyeri Lui Rear etdi. O qadının döşünü və göbək altını üçbucaqla örtən çimərlik geyimini podiuma çıxardı. Geyimin adı isə Sakit okeanda bir atollanın (kiçik adanın) adından götürülmüşdü. Görünür ona görə ki, bikini xəritədəki Bikini atollasına oxşayırdı və yaxınlarda orada atom bombası partladılmışdı (bəlkə, "bomba geyinib" deyimi burdan gəlir?!).

Şort geyinməyi müsəlman aləminə yad sayanlar yaddan çıxarırlar ki, özlərini "əsl müsəlman" sayan vahabilərin qısa şalvarından bric, olsa-olsa, 4-5 sm. qısadır. Aya, dava bunun davasıdır?! Halbu ki bizdə bric (uzun balaqlı şort) geyənlərə də pis baxırlar.

Bütün bu gətirdiyim söhbətlərdə anti-şort ritorikasının nə qədər əsassız oluğunu gördünüz. Onun üçün də gəlin şort, ondan bir az uzun bric geyinək və istidə bir-birimizə mənasız əzab verməyək. Bir də yay istisində Bakını uyqarlıqdan geri qalmış şəhər etməyək!

Şortu ayıblamağın dekonstruksiyası


Terminoloji giriş

"Dekonstruksiya" Post-modernistlərdə, Post-strukturalistlərdə sevimli sözdür. Adi anlamı "analiz"dir. Ancaq elmi anlamı odur ki, nəyisə analiz edib içində gizlənən və qorxusu, bicliyi görünməyən ünsürləri açıb ağardırsan, ifşa edirsən. İndi azərbaycanlıların küçədə şortlar, briçlər geyənləri ayıblaması, utandırması sanki mənəviyyat, abır-həya, əxlaq və tərbiyə üçündür. Bütün bunları dekonstruksiya edəndə isə, çağdaşlığımız üçün, mədəniyyətmiz üçün təhlükələr açılır.

Azərbaycanda şortlar tarixindən

Daha öncələri bilmirəm, ancaq mənim uşaqlığımın düşdüyü 50-ci illərdə uşaqların dizlik tuman geyinməsi adi hal idi. O vaxtlar "şort" sözünü bilməyib "tuman" deyirdik. O vaxtkı azəri bilinci üçün şort uşaq geyimi idi. Ona görə də 26 Bakı Komissarından olan filmdə ingilislər şortda peyda olanda bu, gülüş doğurmuşdu. Ekranda ingilis hərbçilərinin belə göstərilməsi onların hərbçi kimi zəhmini azaltmaq, onları komikləşdirmək üçün idi – sənətşünaslar dərslərdə bunu rejissor tapıntısı kimi göstərə bilərdilər.

70-ci illərdə azərbaycanlılar Bakı küçəsində şort geyinmiş yabançı görəndə nəsə özlərini narahat hiss edirdilər, ancaq gülmürdülər, özlərini görməməzliyə qoyurdular. 80-ci illərdə iki vəzifəli adamla ailəlikcə Bolqarıstana getmişdik. Axşam gəzintiyə çıxanda bir də gördüm ki, ikisi də şort geyinib. Gəzirdik və onların nə geyindiklərinin fərqində olduqları bütün yerişlərindən sezilirdi. Məni içimdə axmaq bir gülüş tutmuşdu.

Həmin illərdə bizdə də özlərini elit sayan bəzi adamlar başlamışdılar sanatoriyalarda şort geyməyə. Ancaq tez-tez milli qeyrət qoruyucularımız da onlara ayıb tuturdular ki, "burda arvad-uşaq var!". Bir ağır qədeş sanatoriyada belə etməsini mənə fəxrlə danışanda dedim ki, qəribə adamsınız. Sanatoriyada yemək yeyəndə biri burnunu qurtdalasa, deməzsiniz elə etmə. Ancaq şortu deyirsiz. Bir az pərt oldu.

90-cı illərdən, day, çoxları evdə şort geyinirdi. Ancaq 2000-ci illərdən tabu pozuldu və gənclərin nə qədərisə ya şortda, ya briçdə (bric də deyirlər) küçələrə çıxmağa başladı.

Şortla bağlı ilginc mənalar

Mənim yaşımda adam bütün görünüşündən görünsə ki, "bir dəyqiqəliyə" bayıra çıxıb, onun şortda çıxması başqalarına ayıb görünməz.

Soruşmağın gəlir: şortda kişinin şəhərə çıxmasını ayıb sayıb qınayanlar nədən çıxış edirlər? Ən gözəl fiquru olan oğlanın da şortun iri balaqlarından çıxan tüklü ayaqlarının erotik cazibəsi olmur ki, - çöp kimi çıxan ayaqda nə erotika?! - deyəsən, azərilər qızların oğlana baxanda korlamasından qorxurlar. Bu, bir məntiqsizlik.

Bəlkə, bizim camaat bütün şəhərin estetikasının qayğısına qalırlar ki, eybəcər ayaqlar küçələrin görünüşünü korlamasın? Ancaq belə adamların şəhərin estetikasının qayğısına qalmasına bir dənə də fakt yoxdur. Şəhərin təmizlənməsindən məmuniyyətlə danışırlar, ancaq indi-indi küçələrdəki zibil qutusuna nəsə atırlar. Tum çırtlayanlar isə skamyada oturanda qabıqlar çevrələrində "gölməçə" yaradır.

Bir də nədən bu adamlar qızların, day, şortda gəzməsi ilə barışıblar, kişilərinsə, yox?!
Həm də, axı, briçdə yalnız topuqlar bayırda qalır…Di gəl, bizim camaat Vahabi şalvarlarına dözürlər, Avropa şortlarına isə yox. Yeri gəldi, vahabilərin qısa balağına bir yozum verim. Hədis var ki, Peyğəmbər uzun balaqda gəzməyi pisləyir. Görünür o zaman palçıqlı, tozlu mühitdə balaqların batıb murdarlanmasına görə Peyğəmbər belə buyurmuşdu. Bəs bunun, - vahabi dostlara deyirəm, - asfaltlı şəhərə nə dəxli?!

Bir nəsnə də ilgincdir. Kişi şalvarını balağını qatlayıb beləcə dükana getsə, pis baxmazlar. Bəs nədən briçdə getməyə pis baxırlar?

Belə görünür ki, bizim camaatın şorta pis baxması kişi topuğunun çılpaqlaşmasına pis baxmaqdan gəlmir. O, sadəcə, şort geyinmiş kişini nədənsə kişi ideyasına yaraşdırmır, o nədənsə "şort geyinmək" anlayışına pis baxıb hiddətlənir. Ancaq belə də ayıb olar?!

Buradan çıxan sonuc: ey şort geyinmiş adamlara pis baxan azəri! Bizim dekonstruksiya göstərir ki, sənin pis baxmağının səbəbi əxlaq və abır-həya deyil. Özünü aldatma! Sən hələlik anlamadığım səbəbdən yarı şalvar olan parçaya, - şorta nifrət edirsən.