Şəfəq Mehrəliyeva Şəfəq Mehrəliyeva

AZAL biabırçılığı

Şəfəq Mehrəliyeva


Bakı-Nyu York bir başa uçuşunun "dadını çıxarmaq" üçün yolumuzu ABŞ-a saldıq. Qərb istiqamətində uçarkən, mən də sevincdən qanadlanmışdım. Milli hava yollarım yarı yəhudi, yarı fars, bir balaca qrup da gürcü sərnişinləri ABŞ-a aparırdı. Hərçənd ki, yəhudi və fars sərnişinlərinin bəziləri biri-birinə ağız büzməkdən çəkinmirdilər, mən artıq AZAL-ı ağlımda "sülh təyyarəsi" filan kimi romantik terminlərlə adlandırmışdım.

Təyyarənin özü 21-ci əsrin ikinci dekadasına yaraşan Boeing idi desəm, imanımı yandırardım. Sərnişinlərin qarşısındakı ekrandan barmaq vurulanda bir neçə saniyə sonra soraq çıxırdı. Özümü bir anlıq 90-cı illərin sonlarında KLM hava yollarının təyyarələrindəki kimi hiss etdim. Video seçimləri də artıq şanlı günlərini çoxdan yaşamış Hollivud filmləri idi: uşaqlar üçün film seçimləri demək olar ki, yox idi. Lakin, hamıya məlumdur ki, 12 saatlıq yolu diri gözlə qət edən məhz elə balaca sərnişinlərdir. Ümumiyyətlə, uşaqlara digər hava yollarında olduğu kimi heç bir xüsusi diqqət göstərildiyini görmədim. Qısası, milli hava yolları ilə planetin yarısını dayanacaqsız qət etməyin yaratdığı fərəh hissi bütün çatışmazlıqlara göz yummağa kifayət edirdi. Hətta, mənzilə çatmağa 1 saatdan çox qalmış, soyuq təyyarədə bütün odeyal və balışların toplanmasına belə. Nyu-Yorka erkən çatdığımıza görə, gömrükdə demək olar ki, heç kim olmur- sürətlə sərhədi keçmək üstünlüyü var. Bakıda verdiyin baqajın itmə ehtimalı da demək olar ki, sıfıra bərabərdir.

Qayıdan zaman təcrübəmi yekunlaşdıra bilsəm, Sizə yalnız bir məsləhət verərəm- azərbaycan dilindən qeyri nə dildə istəyirsinizsə danışın, yoxsa özünüzü ikinci sort sərnişin kimi hiss edəcəksiniz. Bakıya dönüşdə ingilis dilindən artıq yorulmuşduq. Eyni fərəhli addımlarla göyərtəyə daxil olub, çatana qədər "bəli", "xeyr", "lütfən", "təşəkkür edirəm"lə keçirməyi planlaşdırırdıq. Ay başıvıza dönüm, xarici sərnişinlər oldu bir qırağa, biz, bir qırağa. Onu da deyim ki, bir neçə oturacağın qarşısında ekran işləmirdi. Və onun biri də (əlbəttə ki) mənim qarşımda olan idi. Lakin, "komsomol"u belə şeylərlə qorxutmazsan: The New York Times tərəfindən ötən ilin 10 ən yaxşı kitabından biri olan əsəri aeroprotda almışdım. Ədəbiyyatla yol daha qısa olur. Lakin, bu vəziyyətin necə idarə olunması mənim üçün maraqlı idi. Başımın üstündə stüardların diqqətini cəlb edən kiçik lampanı yandırdım. Heç kim yaxınlaşmadı. Üstündən təxminən bir saat sonra içəcəklər paylanarkən stüardın birindəm soruşdum:
- Məgər, bu diqqət lampası deyilmi? Bayaqdan yanır, lakin digər xarici sərnişinlərə yaxınlaşdığınız təqdirdə, azərbaycan dilli sərnişinə heç kim yanaşmadı.
-Nə lazımdır xanım?
-Ekran işləmir.
-Həəə...onu perezaqruzka eləmək lazımdır. Baxarıq.

Nə isə, cavabın davamı və ya sərnişinə geri dönmə olmadı. Bir müddətdən də sonra təyyarənin ortasına tərəf gedib oğluma içməyə bir şey tapmaq istədim Yaxınlaşanda digər stüard yaraşıqlı iranlı bir sərnişinlə flirt edirdi. Yanlarında durub xeyli gözlədim. Qardaş mən tərəfə heç baxmırdı, əməlli başlı strategiya üzərində işləyirdi - müxtəlif şirniyyatlar çıxarıb qıza təklif etdi:
-Bir bunu ye, gör nə yaxşı dadır.
-Yox, baba, istəmirəm.
-İstəyirsən, çay da düzəldim sənə. Çayla əla gedir.
-Yox, yox, istəməm.

Bu iddiliyada kənar şəxslərə yer olmadığını başa düşüb yerimə qayıtdım. Və növbəti içki servisini gözlədim. Bir müddət sonra yanımızdan keçən arabanın arxasında duran stüard soruşdu:
-nə verim?
-çay, lütfən, qəndlə.
Çay gəldi, qənd gəlmədi. Bizdən bir neçə cərgə o tərəfə keçəndən sonra, arxadan səsləndim:
-Sizdən qənd ala bilərəm, lütfən?
Etinasız iki parça qənd uzadıldı. Çayımı içib bitirəndən sonra ətrafa baxıb gördüm ki, sərnişinlər, səhər yeməklərini bitirirlər. Sən demə bayaq içki ilə barabər, həm də yemək servisi imiş. Bu dəfə səbrimi basa bilmədim. Təyyarənin arxasına yönəlib stüardessadan soruşdum:
-Xanım, bayaq bizə yemək təklif edilmədi. Bunun bir səbəbi varmı?
-Necə yəni təklif edilmədi?
-Nə içdiyimizi soruşdular. Lakin yemək təklif etmədilər.
-Aaaa...neujeli yaddan çıxıb?
Xanım bu sualı ilə özü də bilmədən bizim uçuş təcrübəmizə yekun vurmuşdu- yaddan çıxmışdıq. Azərbaycan dilində danışan azərbaycanlı sərnişinlər bir təyyarə xarici transfer sərnişinlər arasında yaddan çıxmışdı.

Müxtəsəri, AZAL-dan daha istifadə etməyəcəyəm. Təyyarənin quyruğunda mavi zolaqların mənə verdiyi böyük qürur hissi olsa belə. Çünki, istəyirəm ki, bu fərəh hissi qarşılıqlı olsun. AZAL da göyərtəsində azərbaycan vətəndaşını görəndə eyni şəkildə qürurlansın və müvafiq xidmət göstərsin. Bu baş verməyincə...bizimki tutmaz.