23:18
(077) 610-22-33

Əyninə paltar geyin, səni bəyənim...

  • >
8 754 24 Avqust 2016 15:05 | Cəmiyyət

Seymur Verdizadə



Sosial şəbəkə istifadəçiləri arasında özünəməxsus ünsiyyət tərzi mövcuddur. Həyatda bir dəfə belə qarşılaşmayan adamlar virtual aləmdə dostluq edir, lazım gələndə, bir-birilərinə arxa, dayaq dururlar. Virtual ünsiyyət məni heç vaxt cəlb etməsə də, bunun faydasını görənlər az deyil. Amma gərək, dost seçimində yanılmayasan...

Jurnalist həmkarlarımın əksəriyyəti ilə müqayisədə sosial şəbəkələrə bir qədər gec yol tapmışam. Buna baxmayaraq, dost limitini qısa müddət ərzində doldurdum. Hər dəfə efirə çıxanda ən azı 100-150 nəfərdən dostluq təklifi alırdım. O vaxt təcrübəsiz olduğum üçün təkcə tanıdıqlarımı deyil, hətta tanımadığım adamları da həvəslə dost siyahısına qəbul edirdim. Bu səhvimi düzəltmək üçün sonralar xeyli əziyyət çəkdim.

Təəssüflə qeyd etmək lazımdır ki, qonşu ölkələrdə olduğu kimi, Azərbaycanda da sosial şəbəkələrin təyinatı sürətlə dəyişir. Qeyri-ciddi, savadsız və məsuliyyətsiz adamların sosial şəbəkələrdə "yuva salması" haqlı narazılığa səbəb olub. Bəzi insanların sosial şəbəkələrdə iştirakı yalnız özlərini göstərmək məqsədi güdür. Virtual qəhrəmanlıq xüsusi istedad, məntiq və məsuliyyət tələb etmədiyindən çox adam məqsədinə asanlıqla nail olur. Nəticədə sosial şəbəkələr sürətlə enerji qəbiristanlığına çevrilir.

Bu mövzuda yazmağa hazırlaşanda jurnalist dostlarımdan biri maraqlı bir hadisə danışdı. Sən demə, dostumun yaxından tanıdığı bir nəfər sosial şəbəkələrdə paylaşdığı şəkilləri "like" edən adamların siyahısını tərtib etməklə məşğuldur. Dostum and-aman edir ki, tanışı bu məqsədlə ayrıca dəftər-qələm alıb. Deyir ki, o, bircə şəklini bəyənən adamların səhifəsinə daxil olub, bütün məlumatları "like" etməyi özünə borc bilir. Hətta qətl, zəlzələ, sunami ilə bağlı paylaşımların altında da onun adını görmək mümkündür.

Jurnalist fantaziyasının güclü olduğunu bildiyim üçün əvvəllər belə söhbətlərə bir o qədər də əhəmiyyət vermirdim. Bu yaxınlarda başıma gələn hadisədən sonra dostumun sözlərinə şübhə ilə yanaşmaqla ona qarşı haqsızlıq etdiyimi anladım. Deməli, şəxsən tanıdığım, neçə vaxtdan bəri facebook sosial şəbəkəsində dostluq etdiyim bir kişi küçədə qabağımı kəsib, ona qarşı hörmətsizlik etdiyimi dedi. Abırlı adam olduğum üçün dərhal əl-ayağa düşüb, rəhmətlik babamdan cəmi bir neçə yaş kiçik olan bu ağsaqqala qarşı nə vaxt hörmətsizlik etdiyimi yadıma salmağa açlışdım. İndiyə kimi yaddaşımdan şikayətim olmasa da, heç nə xatırlaya bilmədim. Ağsaqqal məni çox intizarda qoymadı: "Məqalələrini, rayonlarda çəkdirdiyin şəkilləri, hətta səhifəndə dostlarının paylaşdığı məlumatları da görən kimi "like" edirəm. Amma sən indiyə kimi mənim bir şəklimi də bəyənməmisən".

Dərhal barmağımı dişlədim. Şəkil bəyənmək məsələsində mənim öz prinsiplərim var. Damağında siqaret, əlində "rumka" tutan adam doğma qardaşım olsa da, onun şəklini "like" etmirəm. Mən həmişə pis vərdişləri təbliğ etməyin əleyhinə olmuşam. Bunu ağsaqqala xatırladanda, üzünü turşutdu: "Nə araq, nə siqaret?! 75 yaşım var, hələ bu günə kimi nə arağın, nə də siqaretin dadını bilirəm".

Kişini inandırdım ki, yəqin nəsə anlaşılmazlıq olub. Söz verdim ki, bundan sonra onun paylaşdığı bütün şəkilləri bəyənəcəm. Çatılmış qaşlarını açıb, şad-xürrəm evinin yolunu tutdu.

Redaksiyaya çatan kimi ilk işim bu "anlaşılmazlığın" nədən ibarət olduğunu müəyyənləşdirmək oldu. Ağsaqqalın səhifəsini nəzərdən keçirəndə məlum oldu ki, 75 yaşı olmasına baxmayaraq, sosial şəbəkələrdə gənclərdən heç də az fəallıq göstərmir. Demək olar ki, avqust ayı başlayandan bəri hər gün ən azı 1 şəkil paylaşıb. Məsələ burasındadır ki, bu şəkillərin hamısı çimərlikdə çəkilib. Şəkillərə baxanda kişinin nağara boyda qarnı az qalır ki, adamın gözünə girsin. Ağsaqqala qarşı hansı səbəbdən "hörmətsizlik" etdiyimi müəyyənləşdirəndən sonra rahat nəfəs aldım. Hansısa kişinin qıllı sinəsinin, nağara boyda qarnının, əyri ayaqlarının altına "like" atmağı heç vaxt özümə rəva görməmişəm...

Bir qədər daşınıb-düşünəndən sonra ağsaqqala bu məzmunda mesaj yazdım: "Əyninə paltar geyin, səni bəyənim..."



Bağla X