06:53
(077) 610-22-33

Sabir Rüstəmxanlı Araz Əlizədani "türk düşməni" adlandırdı- FOTO

  • >
8 051 13 Fevral 2017 12:29 | Cəmiyyət

“Nifrət hədəfi Siyavuş Novruzov kimi mövqeyini bəyənmədiyimiz, lakin öz mövqeyində sabitqədəm, milli təfəkkürü yerində olan adamlar yox, Araz Əlizadə kimi bütün mahiyyəti xəyanətdən ibarət olan türk düşmənləri olmalıdır.”

AzNews.az xəbər verir ki, bunu sabiq millət vəkili, Azərbaycan Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı Milli Məclisin deputatı Siyavuş Novruzovun xəstəliyi ilə bağlı məlumatı şərh edərkən bildirib. O, Siyavuş Novruzovun xəstəliyi ilə bağlı son günlərdə davam edən müzakirələri oxuyanda ürəyi ağrıdığını və olanlardan heyrətləndiyini qeyd edib:

“Biz niyə bu qədər daş ürəkli, mərhəmətsiz olmuşuq? Niyə içimiz kinlə, nifrətlə dolur, sevgi hissimiz itir, ictimai əxlaqımız pozulur, hər şeyi siyasi müstəvidə görürük? Yerlibazlıq, insanlara haralı olması meyarı ilə baxmaq ibtidai təfəkkürün nəticəsidir və milləti geri çəkən məsəlidir, bizə yaraşmaz. Hansı cəbhədə olmasından, kimliyindən asılı olmayaraq insanın xəstəliyinə sevinmək və bunu müzakirəyə çıxarmaq insanlıq deyil və Allaha xoş getməz. Bəzən xəstəliyi həkimlər də öz xəstəsindən gizlədir. Hər kəsin çevrəsi, yaxınları, ailəsi, uşağı var. Bu müzakirələrin onlara necə təsir edəcəyini düşünməmək vəhşilikdir. Siyasi opponentlik və ya tənqid üçün şəxsin xəstələnməsini gözləməzlər! Hər kəsin imkanı var, saglam vaxtında iradını da, bəyənmədiyini də yaza bilər, ona qarşı mübarizə də apara bilər. Ancaq adam xəstələnəndən sonra buna sevinmək yaxşı iş deyil. Allah bütün xəstələrimizə şəfa versin!”

Sabir Rüstəmxanlı Siyavuş Novruzovun xəstəliyi barədə heç nə bilmədiyini də vurğulayıb:

“Kaş yalan olsun! Biz Siyavuşla ayrı siyasi cəbhələrin adamlarıyıq. Məclisdə həmişə fərqli mövqedən danışmışıq. Lakin ondan heç zaman sayqısızlıq görməmişəm. Mən də onun çıxışlarına təəccüblənməmişəm. Çünki o, bir siyasi partiyanın funksianeridir və öz vəzifəsini öz partiyadaşlarından daha ardıcıl, açıq, imkanı daxilində, sədaqətlə yerinə yetirir. Siyasətdən və məclisdən kənar Siyavuş Novruzov xeyirxah, dostluqda etibarlı, həyatın çəkinliklərindən keçib gəlmiş adamdır. Çox mütaliə edir, yaxşı ədəbiyyat həvəskarıdır. Mövqeyini açıq deyən, öz böyüklərinə və tutduğu yola bağlı olan adamdan ziyan gəlməz. Üzdə bir cür, arxada başqa cür olan adamlardan qorunmaq lazımdır. Nifrət hədəfi Siyavuş Novruzov kimi mövqeyini bəyənmədiyimiz, lakin öz mövqeyində sabitqədəm, milli təfəkkürü yerində olan adamlar yox, Araz Əlizadə kimi bütün mahiyyəti xəyanətdən ibarət olan türk düşmənləri olmalıdır. Rəqiblə mübarizə aparərkən öz gücünə arxalanmalısan. Kişi düşməninə də qəfil xəstəlik arzulamaz...”

Bahar RÜSTƏMLİ

AzNews

Bağla X