23:03
(077) 610-22-33

Hilal Məmmədovun məhkəməsində “teatr“

  • >
304 6 Fevral 2013 13:15 | Cəmiyyət

Müttəhim üzünə maska taxdı, qulaqlarına pambıq tıxadı və üzünü divara çevirdi




Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Tolişi Sədo" qəzetinin həbsdə olan təsisçisi və baş redaktoru Hilal Məmmədovun cinayət işi üzrə məhkəmə baxışı keçirilib.

Vəkil Cavad Cavadlının APA-ya verdiyi məlumata görə, hakim Azər Orucovun sədrlik etdiyi prosesdə məhkəmə istintaqının başlanılması barədə qərar qəbul olunub. Dövlət ittihamçısı ittiham aktını elan edib. Daha sonra H. Məmmədovun vəkilləri vəsatətlə çıxış edərək bildiriblər ki, müdafiə etdikləri şəxslə birlikdə müdafiə mövqeyini dəqiqləşdirmək üçün məsləhətləşməyə ehtiyac var. Onlar bunun üçün məhkəmədən şərait yaradılmasını istəyiblər. Hakim onların vəsatətini təmin edib. Proses fevralın 13-də davam etdiriləcək.

C. Cavadlı həmçinin bildirib ki, Hilal Məmmədov məhkəmənin qapalı keçirilməsinə etiraz əlaməti olaraq prosesdə üzünə maska taxıb, qulaqlarına pambıq tıxayıb və üzünü divara çevirib.

Qeyd edək ki, ötən proses zamanı H. Məmmədov vəsatətlə çıxış edərək, bildirib ki, əgər məhkəmə iclasları açıq keçirilməsə, qulaqlarına pambıq tıxayacaq, üzünü divara çevirəcək. Lakin məhkəmə onun vəsatətini təmin etməyib.

Daxili İşlər Nazirliyinin H. Məmmədovun həbsi ilə bağlı yaydığı məlumatda onun İran xüsusi xidmət orqanları ilə əməkdaşlıqda şübhəli bilinərək həbs olunduğu, həbs olunan zaman üzərində və yaşadığı mənzildə ümumi çəkisi 33,183 qram olan narkotik vasitə - heroin , həmçinin qanunsuz fəaliyyətində istifadə etdiyi informasiya daşıyıcıları aşkar edildiyi qeyd olunub.

Hilal Məmmədov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 283.2.2-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama və satma) maddələri ilə təqsirləndirilir.

AzNews.az
Bağla X