09:06
(077) 610-22-33

İlham Əliyevdən icra başçılarına xəbərdarlıq

  • >
213 12 Fevral 2013 22:19 | Cəmiyyət


"Sahibkarlara yerli icra orqanlarının ciddi dəstəyi olmalıdır. Yerli icra başçıları, vəzifəli şəxslər sahibkarlara yalnız dəstək verməlidirlər, onları incitməməli, işlərinə müdaxilə etməməlidirlər, qanunsuz tələblər irəli sürməlidirlər. Belə hallar var. Deyə bilmərəm ki, bu geniş vüsət alıb, amma var. Buna son qoyulmalıdır".

APA-nın məlumatına görə, bunu prezident İlham Əliyev "Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda deyib.

Prezident bildirib ki, sahibkarlığın inkişafı dövlət siyasətidir:

"İcra başçısı yerlərdə dövlət siyasətini aparan şəxsdir. O, dövlət siyasətindən kənarda heç bir iş apara bilməz. Bir daha deyirəm, bütün icra başçıları bilsinlər, sahibkarları incidən cəzalandırılacaq. Onlardan qanunsuz tələb edən şəxslər öz cəzasını alacaq. Onlara yalnız kömək etmək lazımdır ki, öz işlərini səmərəli şəkildə qura bilsinlər".


Prezident qeyd edib ki, sahibkarların sosial məsuliyyəti var:

"Ötən il də müşavirədə mən bu barədə danışmışam, sahibkarların sosial layihələrə diqqət göstərməsini, bu təşəbbüslərini alıqışlayıram. Bilirəm ki, onlar bəzən yerlərdə öz təşəbbüsləri ilə məktəblər, bağçalar tikirlər. Amma bütün bu işlər könüllü şəkildə öz həllini tapmalıdır. İcra başçıları sahibkarları məcbur etməməlidirlər. Belə hallar da var. Onlara abadlıq işləri gördürüb, sonra pullarını vermirlər. Hər bir rayonun öz büdcəsi var, həm də mütəmadi qaydada Prezidentin Ehtiyat Fondundan vəsait ayrılır. Həmin vəsaitlərlə iş görmək lazımdır. Sahibkarlar bu işlərə könüllü dəstək verə bilərlər, amma bəzi hallarda onları məcbur edirlər, böyük xərclər çəkirlər, sonra pullarını vermirlər, belə olmaz. Əgər kimsə fikirləşir ki, mənə bu məlumatlar çatmır, səhv edirlər. Mənə bütün məlumatlar çatır".


Bağla X