"Şirməmməd müəllim məktəbi”ni təhrif edənlər, yoxsa dövrümüzün “şəfibəyçiləri?”

Son aylarda sosial şəbəkələrdə bəzi şəxslər tanınmış şəxsiyyət olan professor Şirməmməd Hüseynovun adından özlərinə uyğun məzmunda ictimaiyyətə qeyri-dəqiq məlumatlar yayırlar. Həmin şəxslər öz “fikirlərini” “Şirməmməd müəllim məktəbi” adı ilə ictimaiyyətə təqdim etməyə çalışırlar.

Əvvəla, başqa bir tanınmış şəxsiyyətin adı altında “fəaliyyət” göstərmək heç də yaxşı əlamət deyil. Kimin nə fikri, nə sözü varsa buyurub yazsın və söyləsin. Əgər həqiqəti deyirsə ona təşəkkürlər, yox böhtan, şantajdırsa və sübutsuz, faktsızdırsa onda təbii ki, məhkəmə, hüquq mühafizə orqanları qarşısında cavab verməli olacaq.

Təbii ki, belə tip insanlar təəssüflər ki, hər dövrdə olub və onların da cavabları verilib.1930-cu illərdə M.Ə.Rəsulzadə “Şəfibəyçilik” adlı əsər yazmış və milli Azərbaycan hərəkatına, milli dəyərlərimizə ziyan vuran insanların cavabını vermişdi. İndi həmin hadisə başqa formada təkrarlanır və düşündüm ki, bəzi fikirləri oxuculara çatdırım.

Mərhum professor Şirməmməd Hüseynov öz zəhməti, bacarığı, arxiv və kitabxanalarda çalışması ilə hamımızın yaddaşında yaşamaqdadır. Azərbaycan müstəqillik əldə etdikdən sonrakı dövrdə unudulmuş şəxsiyyətlərimizin- M.Ə.Rəsulzadənin, Ə.Hüseynzadənin, Ə.Ağaoğlunun, Ü.Hacıbəylinin irsinin yeni nəslə çatdırılmasında onun əvəzsiz xidmətləri oldu. O, M.Ə.Rəsulzadə, Ü.Hacıbəyli, Azərbaycan Cümhuriyyəti dövrü ilə bağlı maraqlı kitablar hazırlayıb cəmiyyətə çatdırdı.

Biz onunla ömrünün sonuna qədər, 20 il bir kafedrada işlədik (1999-2019-cu illər). Bu müddət zamanında müşahidə edirdim ki, onun Azərbaycan cəmiyyətində, işlədiyi universitetdə və jurnalistika fakültəsində çox böyük nüfuzu vardır. Olduqca savadlı, məlumatlı olması, çalışqanlığı, sözü kəskin demək xarakteri çoxlarını onunla hesablaşmağa məcbur edirdi. O, uzun illər universitetdə dekan, kafedra müdiri vəzifələrində çalışıb, AZTV-də siyasi icmalçı olaraq maraqlı çıxışlar da etmişdi. Xatırlayırsınızsa prezident İlham Əliyev onu qəbul edib görüşəndə belə bir fikir dedi: “Sizin o dövrdəki çıxışlarınızı maraqla dinləyirdim”. Yəni Şirməmməd müəllimin auditoriyanı diqqətdə saxlamaq bacarığı çox yüksək idi və bunun da əsasında onun dərin savadı dayanırdı.

339915.jpg (87 KB)

Onun belə nüfuzlu olması nəticədə Şirməmməd müəllimin ətrafında iki qrup insanların toplaşmasına imkan yaradırdı: birinci qrupa ona xoş gəlmək üçün daha çox yaltaqlananlar, məddahlıq edənlər, “baş üstə, bəli” deyənlər”.. ikinci qrupa isə ona böyük sayğı ilə yanaşan, eyni zamanda lazım gələndə müstəqil fikirlərini də söyləyən, bəzən onunla razılaşmayanlar. Müşahidə edirdim ki, Şirməmməd müəllim ikinci qrupa daxil olan(yəni məddahlıq etməyənlər) insanlara daha çox rəğbət bəsləyir. Bu da təbii ki, onun böyüklüyü idi. İndi müəyyən hadisələri xatırladıram.

Şirməmməd müəllimlə birgə həm də “Təfəkkür” universitetində çalışırdıq. Bizi oraya özü dəvət etmişdi və orada jurnalistika kafedrasının müdiri idi. Bir dəfə diplom müdafiəsində professor Alxan Bayramoğlu (O, buraxılış işləri üzrə komissiyanın sədri idi) bir tələbənin işində nöqsan aşkarladı və dedi ki, həmin nöqsan düzəldilsin, sonra müdafiəyə buraxaq. Hətta Şirməmməd müəllimlə də ciddi mübahisəsi oldu. Nəticədə diplom işinin müdafiəsi sonraya qaldı. Şirməmməd müəllim narazı qalsa da sonrakı proseslərdə bu məsələni unutdu və Alxan müəllimlə normal münasibətlərini davam etdirdi. Ümumiyyətlə, Şirməmməd müəllim kin saxlamağı sevmirdi.

Bir dəfə isə kafedramızda Məmmədismayıl müəllimlə mübahisələri oldu. Kafedramızın bəzi müəllimləri o hadisəni indi də xatırlayır. Yenə hər şey unuduldu və qaldı keçmişdə.

Bir dəfə isə mənimlə diplom buraxılışı prosesində bərk mübahisəmiz oldu. Diplom mövzusu mühacirət mətbuatından idi. Tələbə Səbahəddin Şimşirin kitabından Türkiyə türkcəsində olduğu kimi köçürüb gəlmişdi müdafiəyə və qeydlərimizi nəzərə almamışdı. Mən isə rəyçi olaraq işi imzalamadım. Şirməmməd müəllimlə anlaşılmaz bir vəziyyətdə mübahisəmiz oldu. Yadımdadır ki, dosent Akif Rüstəmli, professor Sabir Məmmədli, professor Nəsir Əhmədli və digərləri də orda idi. Professor Sabir Məmmədli isə mənim mövqeyimi ciddi müdafiə etmişdi.

Qısa bir müddətdən sonra biz Şirməmməd müəllimlə barışdıq. Hiss olundu ki, baş verən hadisə hər ikimizə pis təsir edib.

Bir qədər sonra mənim doktorluq işimin müzakirəsi keçirildi. Havanın çox kəskin soyuq və küləkli olmasına baxmayaraq Şirməmməd müəllim gəlib başda əyləşdi. Çıxışında isə mənim haqqımda, araşdırmalarım haqqında çox xoş fikirlər söylədi. Həmin müzakirənin video çəkiliş mənim arxivimdə saxlanılır.

Bir dəfə də dostumuz Mirşahin bəy “Əkinçi” qəzeti haqqında kəskin fikirlər söyləmişdi. Şirməmməd müəllim Mirşahinə sərt sözlərlə cavab yazdı. Hətta aranı gərginləşdirmək istəyənlərə Şirməmməd müəllim belə demişdi: “Mən sözü bir dəfə deyirəm”.

Ancaq Mirşahin bəy əsil ağayanalıq etdi, o zaman ANS-də Şirməmməd müəllimin Cümhuriyyət və “Azərbaycan” qəzeti haqqındakı fikirlərini silsilə çəkilişlər olaraq auditoriyaya təqdim etdi. Bəlkə də bu çıxışlar indi də arxivimizin maraqlı səhifələrini təşkil edir.

Şirməmməd müəllimin “525-ci qəzet”in Baş redaktoru Rəşad Məcidə də xoş münasibəti vardı. Rəşad bəy hər həftə şənbə günləri qəzetin 2, bəzən də 1 səhifəsini Şirməmməd müəllimin yazılarına ayırırdı.

Şirməmməd müəllimin “Yeni Müsavat” qəzetinin Baş redaktoru Rauf Arifoğluna da münasibəti çox müsbət idi. Rauf bəy də qəzetin səhifələrində Şirməmməd müəllimin Cümhuriyyət dövrü və M.Ə.Rəsulzadə yazılarına geniş imkanlar yaradırdı.

Bir dəfə isə biz dostlar olaraq (əsasən siyasilər) Şirməmməd müəllimin 85 illiyini qeyd etdik. Bakıdakı kafelərin birində bu tədbiri keçirdik. Kimlər yox idi bu mötəbər məclisdə? Şirməmməd müəllimdən siyahıya kimləri istəyirsə əlavə etməsini də xahiş etdik. Bir-iki şəxsin də adını əlavə etdi. İndi baxıram ki, “Şirməmməd müəllim məktəbi” deyib hay-küy qoparanlardan heç birisinin adını əlavə etməmişdi tədbir siyahısına.

03-14_03_17-8.jpg (150 KB)

Tədbiri aparmaq məsuliyyəti mənə tapşırıldı. İlk sözü xalq şairi Bəxtiyar Vahabzadəyə verdim. Bəxtiyar müəllim Şirməmməd müəllim haqqında maraqlı bir çıxış etdi. Tədbirdə çox dəyərli insanlar çıxış etdi. Tanınmış jurnalist, “Azərbaycan” qəzetinin Baş redaktoru olmuş Mehman Cavadoğlunun çıxışı da təsirli oldu. Mehman bəy həm onun tələbəsi, həm də onun yetirməsi kimi unudulmaz çıxış etdi.

Xatırlayıram ki, tədbirdə Şirməmməd müəllimin həyat yoldaşı Ülkər xanım, nəvələri də iştirak edirdi.

Qeyri –dəqiq məlumatlarla sosial şəbəkələrdə ictimaiyyəti çaşdırmağa çalışan bu məktəb “cəfakeşləri” əsassız fikirlər də irəli sürürlər: guya Rəsulzadə irsini araşdıranlar hardansa milyonlar qazanır. Qeyd edim ki, Şirməmməd müəllim M.Ə.Rəsulzadənin 1-ci cildini nəşr etdirəndən sonra(Bax: M.Ə.Rəsulzadə.Əsərləri,1 c.,1992-ci il), 2-ci cildini maliyyə problemlərinə görə 9 il sonra (2001-ci ildə) nəşr etdirdi. Mən də bu prosesin içində olmuşam. Bir tanışımız kitabın nəşr xərclərinə kömək etməyə söz versə də dəstək ola bilmədi. Şirməmməd müəllim isə bərk əsəbiləşirdi kitabın nəşr edilməməsinə görə. Sonda o zaman “Günay” Bankın direktoru Mahmud Məmmədov kitabın nəşrinə kömək etdi. Kitabda onun da adı yazıldı(bax: M.Ə.Rəsulzadə, əsərləri, 2-ci cild, B..2001). Və burada Şirməmməd müəllimə heç bir milyonlar verilmədi. Son illərdə onun hazırladığı M.Ə.Rəsulzadənin 5 cildlik nəşrinə isə Prezident İlham Əliyev müəyyən vəsait ayırdı və “Təhsil” nəşriyyatında nəşr edildi. Mən o məbləği bildiyimdən tam inamla söyləyirəm ki, yenə milyonlar söhbəti yoxdur burada.

Şirməmməd müəllim M.Ə.Rəsulzadədən və onun yaratdığı Müsavat partiyasından bəhs edən "Azərbaycan istiqlalının Bayraqdarı" kitabını nəşr edtirməkdə yenə maliyyə çətinlik çəkirdi. Kitabı mənə verib "siyasi dostlarınla danış və bunu nəşr edin" dedi. O zaman dostlarımızın birindən (O sağdır və təsdiqləyə də bilər) xahiş etdik, gedib "Adiloğlu" nəşriyyatında problemi həll etdi. Kitabları aparıb Şirməmməd müəllimə evində(o zaman Badamdar tərəfdə, Zoologiya İnstitutundan bir qədər aralıda yaşayırdı) təqdim etdim və buna görə çox sevindi, mənə çox minnətdarlıq etdi.

Xatırlayıram ki, mənim də Rəsulzadə haqqında olan bir kitabımı nəşr etməkdə ciddi maliyyə problemim vardı. O zaman şəxsi evimin ehtiyacı üçün götürdüyüm bank kreditinin bir hissəsini kitabın nəşrinə verdim və kitab satıldıqca bank ödənişlərini etdim.

2013-cü ildə ildə nəşr etdirdiyim “Məhəmməd Əmin Rəsulzadə ensiklopediyası” kitabımın nəşrinə isə Moskvadakı “M.Ə.Rəsulzadə Məclisi” dəstək oldu. Yenə həmin məclisin köməyi ilə ensiklopediyanı Moskvda rus dilində nəşr etdirdik. Türkiyədə isə bu ensiklopediyanı 2015-ci ildə “Azərbaycan Kültür Dərnəyi” nəşr etdirdi.

Tanınmış tədqiqatçı Aydın Balayevin 2017-ci ildə hazırladığı “Məmməd Əmin Rəsulzadə Məktublar Şəfibəyçilik” kitabına da Moskvadakı dostlarımızın kömək etdiyini bilirəm. Və burada da milyonlar söhbəti yoxdur. Müəyyən zamanlarda bəzi dostlarımız bizim və yaxud digər tədqiqatçılarımızın da araşdırmalarına dəstək olublar və buna görə həmin şəxslərə dərin minnətdarıq. İrs araşdırmaq, tədqiqat işləri aparmaq asan deyil. Rəsulzadənin mühacirətdəki yazılarını toplamaq üçün Türkiyədə, Almaniyada, Fransada, Polşada arxiv və kitabxanalarda uzun müddətli araşdırmalar aparmalısan. Bu ölkələrə getmək, qalmaq, işləmək xərcləri az deyildir. Rəsulzadənin mühacirətdəki əsərlərinin 2 cildini nəşrə hazırlamışam. Hər cildə 200-ə qədər izahlar yazmışam, çoxlu sayda ərəb-fars sözlərinin lüğətini hazırlamışam və s. Yəni bu kitabları hazırlamaq asan iş deyil, böyük zəhmət edir. İndi burada kimlərinsə milyonlar qazanmaq fikrini söyləmək yalnız korafəhimlikdir. Bəlkə elə buna görə bəziləri arxiv və kitabxanalarda çalışmadan, milyonlar qazanmaq istəyi ilə Rəsulzadədən yazmaq həvəsinə düşdülər və nəticədə iflasa uğradılar. Yəni əsil mənada “Şirməmməd müəllim məktəbi”ni keçə bilmədilər. Çünki bu məktəbin yolu arxivlərdən, kitabxanalardan, ağır zəhmətlə çalışmaqdan keçir.. Onların son zamanlar tez-tez işlətdikləri “mənəviyyat, əxlaq” qaydaları də əslində elə burdan başlayır. Çünki insan adətən özündə olmayan dəyərlərə daha çox çağırışlar edir.

...Ölümündən bir qədər əvvəl Şirməmməd müəllim kafedraya gəlmişdi. Hamıyla səmimi danışdı, söhbət etdi, xatirə foto da çəkdirdik.2019-cu ildə dünyasını dəyişdi. Onun tabutunu universitetin binasına –vida mərasiminə gətirdilər. Hamımız sayğı duruşunda dayandıq. Allah rəhmət etsin.

P.S. ... Bir dostum isə maraqlı faktlar əldə etdiyini danışır. Deyir ki, sosial şəbəkələrdə insanlara tez-tez atmacalar atanlardan biri ilə bağlı maraqlı faktlar əldə edib. Məlum olub ki, həmin şəxs vaxtilə Türkiyə dövləti və türkçülük əleyhinə çalışan “Fetoçu” dəstənin üzvü olub. Hətta onun 1990-cı illərdə çap olunmuş “Ekran” qəzetində “Fetoçuluğu” təbliğ edən yazılarının da olduğu söylənilir. Dostumuz deyir ki, həmin yazıları əldə edə bilsə aparıb Türkiyə səfirliyinə təqdim edəcək. Əgər belə olacaqsa bu ciddi məsələdir. Ancaq necə deyərlər, hər kəs öz taleyini yaşamağa məhkumdur.

WhatsApp Image 2024-04-06 at 11.19.26.jpeg (58 KB)

P.S.Bu fotonu Şirməmməd müəllimlə birgə çəkdirdik. Bakı Dövlət Universitetinin həyətində M.Ə.Rəsulzadənin büstü qoyulacaq daş lövhənin qarşısına gül dəstəsi aparıb qoyduq və oranı ziyarət etdik. Tələbələrimizdən də bəziləri bizimlə oldu. Şirməmməd müəllimlə oradan uzaqlaşandan sonra kimlərinsə göstərişi ilə həmin gül dəstəsini gəlib götürdülər. Xatırlayıram ki, bu hadisəyə görə Şirməmməd müəllim jurnalistika fakültəsinin o zamankı dekanı Yalçın Əlizadəyə ciddi etirazını bildirmişdi.

215104_6sc19hkw8l.jpg (25 KB)

Nəsiman Yaqublu,
tarixçi, professor