Siyavuş Novruzov: “Siyasi partiyalara baxırsan, adam özü ritmdən düşür”

Deputat, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov ölkə gündəmini əhatə edən ən aktual mövzulardan biri - parlament seçkiləri ilə bağlı “Yeni Müsavat”a olduqca maraqlı müsahibə verib. Hakim partiyanın ən məlumatlı simalarından birinin müsahibəsini təqdim edirik:

- Siyavuş bəy, bu gün-sabah parlament seçkiləri elan olunacaq deyə xəbərlər dolaşır. Hakim partiyanın ən məlumatlı nümayəndələrindən biri kimi səhih məlumat sizdə olar. Parlament seçkilərinin yayda keçiriləcəyi barədə məlumatlar nə dərəcədə səhihdir?

- Təbii ki, bu məsələlər gündəmdə var, müzakirələr aparılır. Ümumilikdə götürəndə konstitusiyaya əsasən, parlament seçkiləri noyabr ayının birinci bazar günü, yəni 2024-cü ildən bəhs ediriksə, noyabrın 3-də keçirilməlidir. Amma noyabr ayında Azərbaycanda çox böyük beynəlxalq tədbir - COP29 keçiriləcək. Ona qədər bütün hazırlıqlar həyata keçirilməlidir. Demək olar ki, dünyanın hər yerindən qonaqlar, rəsmi şəxslər gələcək. Onların qarşılanması, yerləşdirilməsi var. Bütün hotellər siyahıya alınır, kim harada yerləşəcək, dəqiqləşdirilir, əlavə təcili hotellər hazırlanmalıdır. Azərbaycan üçün tarixi bir hadisədir. O baxımdan parlament seçkiləri Seçki Məcəlləsinə, həm də konstitusiyaya görə, fevralda da keçirilə bilər, qanun buna imkan verir.

- Yəni bu, konstitusion maddənin pozulması deyil, eləmi?

- Bəli. Konstitusiyada göstərilir ki, növbədənkənar seçkilər keçirilirsə, növbəti seçki 5 ilin tamamında keçirilə bilər. Əgər noyabrda keçirilsə, bu müddət tamam olmur. Amma konstitusiyada 5 illik müddət göstərilir. Bu baxımdan konstitusiyaya görə, 2025-ci ilin fevralında da keçirilə bilər. Seçki Məcəlləsində isə göstərilir ki, seçkilər müəyyən vəziyyətlə əlaqədar olaraq irəli və ya geri çəkilə bilər. Məsələn, əgər müharibə şəraitidirsə, seçkilərin vaxtı dəyişdirilir, yaxud uzadılır. Görürsünüz, Ukraynada prezident seçkisi keçirilməliydi, amma hərbi vəziyyətlə əlaqədar seçki keçirilmədi. Yəni dünyanın hər yerində bu cür normalar mövcuddur. O baxımdan parlament seçkiləri qabağa da çəkilə bilər. Lakin irəli çəkilərsə, gərək bizim parlament özü özünü buraxsın. Bizim qanunvericiliyə uyğun olaraq bir neçə halda bizim parlament buraxıla bilər. Tutaq ki, hökumətin hesabatını, baş naziri üç dəfə təsdiqləməsə, yaxud Mərkəzi Bankın namizədlərini təsdiqləməsə, belə hallarda parlament buraxıla bilər.

- Azərbaycanda, hər halda, belə bir təcrübə var...

244ddfb5-b80a-424b-bc45-9915d92f48cb.jpeg (300 KB)

“Artıq kitab, qələm, dəftərlərini qabaqlarına qoyub, namizədlərini, dairələrini müəyyən etməlidirlər”

- Bəli, bundan əvvəl parlament özü özünü buraxdı, bu təcrübə mövcuddur. Söhbət burada parlamentin pis işləməsindən getmir. Parlamentin iclaslarında siz də iştirak edirsiniz, görürsünüz ki, sonuncu çağırışda çox aktiv şəkildə çalışır. İstər pandemiya, istər müharibə, istərsə də antiterror tədbirləri dövründə bütün zəruri qanunlar qəbul olundu, lazımi məsələlər həllini tapdı. Deputatların səfərləri, beynəlxalq təşkilatlarda təmsilçilik, Azərbaycana gələn xarici parlamentarların işğaldan azad olunan ərazilərə səfərlərinin təşkil olunması, real vəziyyətin onlara çatdırılması ilə bağlı dövlətimizin qarşıya qoyduğu vəzifələr çox yüksək səviyyədə yerinə yetirilib. Yəni yeni seçkilərin keçirilməsində parlamentin işindən yox, sadəcə olaraq, yeni mexanizmin tapılmasından söhbət gedir. Bu baxımdan, mənim fikrimcə, parlament seçkilərinin vaxtından əvvəl keçirilməsi daha məqsədəuyğundur. Bu məsələ də bitərdi və COP29-la məşğul olardıq. Həm də dekabrda bələdiyyə seçkiləri var. Bələdiyyə seçkiləri də əvvəlkilərdən fərqlidir. Birincisi, işğaldan azad olunmuş ərazilərdə də bələdiyyə seçkiləri ilk dəfə keçiriləcək. Bələdiyyələrin sayının azaldılmasına da qərar verilib. Növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı bir məqamı da qeyd edim. Növbədənkənar prezident seçkisi cənab Prezidentin səlahiyyət müddətinin bitməsinə 1 il 2 ay qalmış keçirildi. Cənab Prezident seçkiləri elan edəndə qeyd etdi ki, Azərbaycan öz suverenliyini, ərazi bütövlüyünü tam şəkildə bərpa edib, müstəqilliyini bərpa etdikdən sonra bütün ərazilərdə prezident seçkisi keçirilməyib. Ona görə də ilk olaraq prezident seçkisinin keçirilməsi məqsədəuyğundur və biz orada ilk dəfə bələdiyyə seçkilərini keçirə bilmərik. Prezident seçkisindən sonra gələn əsas seçkilər isə parlament seçkiləridir. O baxımdan mən hesab edirəm ki, parlament seçkisi də bələ bələdiyyə seçkisindən sonra olmaz. Parlament seçkisi də məntiqə uyğun olaraq bələdiyyə seçkilərindən öncə keçirilməlidir. Azərbaycanın bütün ərazilərində parlament seçkiləri keçiriləcək və müstəqillik dövründə ilk dəfə olaraq ali qanunverci orqan bu şəkildə formalaşmalıdır. Ondan sonra isə yerli özünüidarəetmələrə seçkilər. Bu, bir-birini tamamilə tamamlayır. O baxımdan da seçkilərin irəli çəkilməsi məqsədəuyğundur və burada heç bir problem yoxdur. Bir neçə ayla heç nə dəyişməz.

- Siyavuş bəy, şəxsən özünüzün seçkilərlə bağlı qərarınız varmı?

- Hər bir partiya, həmçinin bizim partiya seçki ilə bağlı tədqiqat aparır. İlk növbədə parlament üzvlərinin fəaliyyəti ilbəil təhlil olunur. Parlamentdəki çıxışları, seçicilərlə görüşləri, seçicilərin münasibəti, beynəlxalq təşkilatlarda Azərbaycanı təmsil etməsi, o cümlədən partiyada fəaliyyəti və bu kimi məsələlərin hər biri ilə bağlı tədqiqatlar, müzakirələr, təhlillər aparılır. O cümlədən yeni yetişən kadrlar, namizədlər var, onların da müzakirəsi olur. Bundan sonra kimin hansı dairədən seçilməsi daha aktualdır, təbii ki, bunlar hamısı araşdırmanın nəticəsidir. Bir seçki bitəndən sonra digər seçkiyə hazırlaşmalısan. Bəzən biz görürük ki, bir sıra partiyalar var, deyirlər yox, niyə seçki bu vaxt təyin edildi? Guya gəlib onunla razılaşdırılmalıdır. Siyasi partiyanın birinci funksiyası seçkiyə hazırlaşmaqdır. Bəs gecə-gündüz bunlar nə ilə məşğul idilər? Blogerlik edirdilər, nə bilim bir-iki intervü verməklə, yalan danışmaqla elə bilirlər ki, vəzifə borclarını yerinə yetirirlər. Prezident seçkisində 3 namizəd namizədliyin irəli sürülməsinə 7 gün qalmış namizədliyini irəli sürdü, sonra dedilər ki, vaxt çatmadı. Sən qabaqdan 20 günü buraxmısan, sonra yadına düşüb ki, sən namizəd olmaq istəyirsən. Sonra da deyir ki, antidemokratik keçirilir. Prezidentliyə namizəd olmaq istəyən şəxs 6 ay - 1 il qabaqcadan planlaşdırmalıdır, komanda toplamalıdır, prosesdə iştirak üçün komanda ilə hazır olmalıdır. Bunların heç səlahiyyətli nümayəndəsi, özlərindən başqa imza yığanı yoxdur, istəyirlər ki, seçkilərdə iştirak etsinlər. O cümlədən də parlament seçkilərində... Gərək qabaqcadan dairəni müəyyənləşdirsinlər. Bizdə çox maraqlı bir tendensiya var. Bəzən, düzdür, yerinə düşür, bəzən də əksinə. Kim harada doğulub, elə bilir ki, oradan namizədliyini versə, keçəcək. Ola bilsin kimlər üçünsə yerinə düşür, çünki kök, nəsil var, hörmət, münasibət var, bu, başqa şeydir. Elə adam var, onun nəslinin yanından keçəndə camaat söyə-söyə keçir, gedir həminki yerdən namizədliyini irəli sürür ki, mən buradan deputat seçilməliyəm. (Ürəkdən gülür) Bəzi şəxslər və siyasi partiyalar tədqiqatlar aparmadan yanlış qərarlar verirlər. İndi müzakirələr gedir. Lap seçki fevralda keçirilsin. İndi artıq kitab, qələm, dəftərlərini qabaqlarına qoyub, namizədlərini, dairələrini müəyyən etməlidirlər. Fevralda olacaqsa, hətta palto da almalıdırlar. Daha sabah deməsinlər ki, bizə xəbər eləmədilər. Yox, gəlib bunların qapısını döyəcəklər ki, seçkilərə gedirik, gəlin, hazırlaşın... Bu baxımdan da bəllidir ki, ölkədə seçkilər olacaq və onlar hazırlaşmalıdırlar.

fb7e58b0-ee51-4963-b9cd-bbf83dd34da4.jpeg (277 KB)

- Belə arxayın danışmağınızdan şübhəm yoxdur ki, siz artıq təzə kostyum da almısınız...

- Hamısı var. Hətta palto da var...(Gülürük)

- Dairəniz necə?

- O məsələ partiyanın qərarına bağlıdır.

b5d53587-ce76-479f-87f4-8eeddacf6cc8.jpeg (133 KB)

- Müsavat Partiyasında başqan dəyişikliyi gözlənilir. Bu məlumat sizi məmnun edir, yoxsa...

- Misal var, bir gün Çörçill növbəti dəfə baş nazir seçilir, hamı təbrikə gəlsə də, bunun qanı qara olur. Soruşurlar ki, niyə qanın qaradır, baş nazir seçilmisən? Deyir ki, seçilmişəm e, Stalin yox, Ruzvelt yox, Hitler yox, kimlə işləyim...(Ürəkdən gülür) İndi vallah, siyasi partiyalara baxırsan, adam özü ritmdən düşür. Elə insan yoxdur ki, onunla işləyəsən, mübarizə aparsan, debatlara çıxasan, fikir mübadiləsi aparasan. Bir neçə şəxsi çıxmaq şərtilə. Təbii ki, Müsavatda İsa Qəmbərdən sonrakı dəyişiklik Müsavat Partiyasını ən zəif partiyalardan birinə çevirdi. Amma bizim üçün fərqi yoxdur. Kimliyindən asılı olmayaraq... Görürsünüz ki, Azərbaycandakı siyasi partiyalar arasında normal münasibətlər qurulur. Siyasi partiyalar bir-biri ilə düşmənçilik etməməlidir, bir-biri ilə azad, düzgün rəqabət aparmalıdır. Söyüş kampaniyası getdi, insanlar artıq o dövrü başa vurub, yeni ideyaların, fikirlərin, layihələrin təqdimatı, ideyaların müzakirəsi getməlidir. Elə məsələlər var ki, iqtidar deyə bilmir, onu müxalifət deməlidir. Dünya ölkələri, Azərbaycanla bağlı elə problemlər var ki, onlar qaldırmalı, açıqlığı, çılpaqlığı ilə deməlidir, İranla, başqa ölkələrlə əlaqədar. Elə məsələlər var ki, onu dövlətlər qaldırsa, dövlətlərarası münasibətlər korlanacaq. Amma ciddi müxalifət partiyası ortaya mövqe qoyanda dövlət də deyir ki, bax, mənim ölkəmdəki partiyalar bunları məndən tələb edir. (yeni müsavat)