- Siyasi müzakirə
- 23 Oktyabr 20:43
- 1 758
“Rusiya yalnız strateji məqsədlərinə çatanda atəşkəsə razı olacaq” - Həşim Səhrablı

“Donald Trampın Rusiya ilə bağlı məyusluğunun səbəbi bu gün bariz şəkildə görünür. Tramp hələ seçki kampaniyası dövründən etibarən, hətta seçki prosesi başladığı andan “mən müharibəni 24 saata bitirəcəyəm” demişdi. Onun bu bəyanatı iki əsas faktora əsaslanırdı. Birincisi, ABŞ-ın Ukraynaya birmənalı və güclü dəstək verən əsas ölkələrdən biri olması və bu dəstəyin siyasi təzyiqə çevrilməklə Kiyevi müəyyən mənada ram edə biləcəyi düşüncəsi idi. İkincisi isə Trampın Putinə olan etimadı idi. O, hesab edirdi ki, Putinlə şəxsi münasibətləri və qarşılıqlı anlaşma yolu ilə bu müharibəni dayandıra biləcək. Lakin hadisələrin gedişi göstərdi ki, Trampın bu gözləntiləri özünü doğrultmadı. O, hakimiyyətə gəldikdən sonra atdığı addımlarla Ukrayna məsələsində uğur əldə edə bilmədi. Bu isə həm onun şəxsi nüfuzuna, həm də ABŞ-ın dövlət olaraq qlobal miqyasda oynadığı aparıcı rola mənfi təsir göstərdi”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Həşim Səhrablı deyib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp dövlət katibi Marko Rubio ilə Rusiya XİN rəhbəri Sergey Lavrovun telefon danışığından sonra Moskvadan məyus olub. “Axios”un məlumatına görə, Vaşinqtonda Rusiyanın müharibəni dayandırmaq niyyətində olmadığı qənaətinə gəlinib. Nəticədə Tramp-Putin görüşündən imtina edilib və Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi qərarı verilib.
Siyasi şərhçinin sözlərinə görə, Tramp administrasiyasının Ukrayna siyasətində uğur qazana bilməməsi ABŞ-ın beynəlxalq münaqişələrin həllindəki lider imicinə ciddi zərbə vurub.
“Bütün bunlara baxmayaraq, Tramp müəyyən mərhələyə qədər Rusiya ilə münasibətlərdə kompromis saxlayır, Moskvanın mövqeyinə hörmət göstərməyə çalışırdı. Lakin Rusiyanın maksimalist siyasəti, yəni yalnız öz maraqlarını önə çıxararaq danışıqlar masasına gəlmək istəyi ABŞ-da səbir kasasının daşmasına səbəb oldu. Vaşinqton artıq anlayır ki, Rusiyanın bu cür davranışı qarşısında Ukraynanı tək buraxmaq nəinki ABŞ-ın maraqlarına ziddir, həm də növbəti mərhələdə Rusiyanın hədəfinə çevrilə biləcək ölkə kimi elə Amerikanın özünü təhlükə altında qoya bilər. Tramp administrasiyası indi dərk edir ki, Rusiyaya bu qədər siyasi manevr imkanı verməklə əslində ABŞ öz qlobal nüfuzunu risk altına atmış olur. O ki qaldı Rusiyanın “müharibəni bitirmək istəmir” görüntüsünə — bu, sadəcə görüntü deyil, reallıqdır. Rusiya doğrudan da müharibəni dayandırmaq istəmir. Kreml yalnız o halda atəşkəsə razı ola bilər ki, onun strateji məqsədlərinin böyük bir hissəsi həyata keçsin. Yəni Moskva bu müharibəni o şərtlərlə bitirmək istəyir ki, heç olmasa öz “ana hədəflərinin” əksəriyyətinə nail olsun. Məhz buna görə də Rusiya hazırda kompromisə getmir. Mövcud vəziyyətdə döyüş meydanında üstünlüyün Qərb və ABŞ tərəfində deyil, məhz Rusiyanın tərəfində olması faktı da Kremlə əlavə üstünlük qazandırır. Rusiya ordusunun bəzi istiqamətlərdə irəliləməsi Moskvanın müharibəni davam etdirməsinə əsas verir. Bu vəziyyət Rusiyaya imkan yaradır ki, maksimalist tələbləri qəbul etdirənə qədər hərbi əməliyyatları dayandırmasın”.
Rəfiqə Namazəliyeva,
AzNews.az