- Tribuna
- 5 Aprel 2024 11:18
- 16 049
Millət vəkili: "Konqo ilə Azərbaycan arasında güclü dostluq əlaqələri yaradılacaq"
Ölkəmizin Qoşulmama hərəkatına rəhbərlik etdiyi dövrdə qazandığı nüfuz və Prezident İlham Əliyevin apardığı uğurlu xarici siyasət bu gün Afrika ölkələrinin də regiona marağının yaranmasına səbəb olmuşdur. Nəticədə bəzi ölkələr Azərbaycanla əməkdaşlığa can atır. Konqo Respublikasının prezidenti Deni Sassu-Nqessonun Azərbaycana rəsmi səfəri bunu deməyə əsas verir. İlk dəfədir ki, Konqo Respublikasının Prezidenti ölkəmizə səfər edir.
İki ölkə arasında olan əlaqələrin bundan sonra da yüksələn xəttlə inkişafı imkan verəcək ki, birlikdə daha böyük uğurlar əldə olunsun. Konqo ilə Azərbaycan arasında güclü dostluq əlaqələri yaradılacaq. İmzalanmış Əməkdaşlıq haqqında Bəyannamə münasibətlərin inkişafına töhvə verəcək və əməkdaşlığımızın perspektivlərini müəyyən edəcək. Çünki Qoşulmama Hərəkatına bu ilin yanvar ayına qədər 4 il uğurla sədrlik etmiş Azərbaycan Konqonun dəstəyini hər zaman hiss edib. Təşəbbüslərimizə müsbət rəy verilib. Yaranmış dostluq əlaqələrinin fonunda Azərbaycan Konqoda bir çox investisiya layihələrində iştirak etmək fikrindədir, ilk növbədə də, kənd təsərrüfatı sahəsində. Bu gün bizim imkanlarımız var ki, digər ölkələrdə investisiya proqramları həyata keçirək. İqtisadi gücümüz buna imkan verir. Bərpaolunan enerji, energetika, mədənçilik və digər sahələrdə əməkdaşlıq üçün çox gözəl perspektivlər var. Bu gün Azərbaycan sadiq tərəfdaş kimi dünyada özünü təsdiqlətmişdir. Bir çox ölkələr də gördüyümüz kimi bizimlə əməkdaşlıq etmək istəyir. Azərbaycan elə qlobal layihələri tək başına icra edib ki, bizim təcrübəmiz artıq dünyada öz təsdiqini tapıb. Bu baxımdan Konqo Respublikası ilə də yaranmış əməkdaşlıq imkanları hər iki dövlət üçün müsbət nəticələr verəcək. Azərbaycan Konqo ilə elm, təhsil sahəsində də müəyyən ortaq layihələr həyata keçirə bilər. Vaxtilə Sovet dövründə Konqodan olan tələbələr Azərbaycanda ali məktəblərdə təhsil alırdılar. Sonrakı dövrlərdə bu proses dayanmışdı. Azncaq bu cür ənənənin də bərpa olunması üçün müvafiq göstərişlər verilib. Ümumilikdə isə iki dövlət arasında imzalanmış sənədlər daha böyük perspektivlərdən xəbər verir.
Vüqar İskəndərov
Milli Məclisin deputatı