18:59
(077) 610-22-33

40 gündə 1145, 3 gündə 500 maşının plyonkası sökülüb

  • >
351 15 Fevral 2013 12:30 | Cəmiyyət

"100-dən artıq nəqliyyat vasitəsi müvəqqəti dayanacaqlara yerləşdirilib”



Ölkə prezidenti İlham Əliyevin nəqliyyat vasitələrində plyonka və tünd rəngli şüşələrdən istifadənin aradan qaldırılmasına dair tənqidindən sonra bəzi sürücülərin özləri tərəfindən plyonkaların sökülməsi halları artıb. Bu barədə məlumatı AzNews.az-a
Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov verib.

Vaqif Əsədov bildirib ki, bu il yanvarın 1-dən fevralın 10-dək olan müddətdə 1145 maşında belə hallara yol verilməsi ilə bağlı protokol tərtib edilib. Müşavirədən sonra isə həyata keçirilən tədbirlər daha da intensivləşdirilib:

"Bir neçə gün ərzində 400-dən artıq nəqliyyat vasitəsi ilə bağlı inzibati tədbirlər görülüb, 100-dən artıq nəqliyyat vasitəsi müvəqqəti dayanacaqlara yerləşdirilib".

V.Əsədov qeyd edib ki, qanunun tələblərinə əməl edənlərlə yanaşı müqavimət göstərən sürücülər də var: "Sürücülərlə münaqişə və ya sürücünün müqavimət göstərməsi kimi hallara da rast gəlinir. Müvəqqəti dayanacağa yerləşdirilən nəqliyyat vasitələri arasında da belə sürücülərin idarə etdikləri, həmçinin qayda pozuntusunun yerində aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitələri var".

Məlumat üçün bildirək ki, "Yol hərəkətləri haqqında" qanuna edilən 1 saylı əlavənin tələbi ilə avtomobilin şüşələrinə görünməni məhdudlaşdıran, şəffaflığı korlayan pərdə və plyonkaların asılması yolverilməzdir. Pərdə və plyonkalar nəqliyyat vasitələrinin istismarının qadağan olunmasına səbəb olan nasazlıqlar siyahısına aiddir. Nasazlıq yerində aradan qaldırılması mümkün olmadıqda həmin nəqliyyat vasitələri mühafizə olunan duracağa yerləşdirilir. Sürücü isə İnzibati Xətalar Məcəlləsinin 155-ci maddəsinə müvafiq olaraq 50 manat miqdarında cərimə olunur.

Nəqliyyat vasitələri isə yalnız o nasazlıqlar aradan qaldırıldıqdan və həmin sürücüyə inzibati tənbeh verildikdən sonra mühafizə olunan duracaqlardan buraxılır.

Standartlara uyğun olaraq ancaq sənaye üsulu ilə hazırlanan və 40 faiz tündləşdirilən şüşələrdən istifadəyə icazə verilir. Hər iki tərəfdə arxanı göstərən xarici güzgülər olduqda minik avtomobillərinin yalnız arxa alın şüşələrinə örtük çəkməyə və ya sənaye üsulu ilə hazırlanan jalüz asmağa yol verilir.

Elnarə Əlosmanqızı
AzNews.az

Bağla X