18:32
(077) 610-22-33

İranın keçmiş səfiri azərbaycanlı jurnalistlə üzləşdi

  • >
481 20 Fevral 2013 16:12 | Cəmiyyət

Həbsdə olan jurnalist Şəmsiyyə Bəylərqızı ilə İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani arasında üzləşmə keçirilib. Bu barədə APA-ya vəkil Tərlan Azayev məlumat verib.

T. Azayev üzləşmə zamanı Ə. Süleymaninin suallara cavab verə bilmədiyini deyib: "Əfşar Süleymani üzləşmə zamanı mənə və Şəmsiyyə Bəylərqızına nalayiq söyüşlər söyərək təhqir edirdi. Bir neçə dəfə mənə əl-qol da atdı. Mən də dedim ki, uzaq dur. Hay-küy salaraq bildirirdi ki, siz üç azərbaycanlı məni təkləmisiniz. Şəmsiyyə ilə evli olmasını inkar edir, uşaqdan da imtina edir. Mən də müstəntiqdən xahiş etdim ki, bir tədbir görsün. Bundan sonra üzləşmə yarımçıq qaldı" .

Ə. Süleymani isə APA-ya açıqlamasında bildirib ki, onların arasında üzləşmə keçirilib, lakin hər hansı qalmaqal baş verməyib: "Orda müstəntiq var idi. Müstəntiqin yanında elə hərəkət etmək olarmı? Bu adamların danışdıqlarının hamısı yalandır. Mən ora zərərçəkmiş kimi müstəntiqin dəvəti ilə getmişdim. Bu adam yalandan sənəd düzəldib, deyir ki, səndən uşağım var. Hər yoldan keçən desə ki, bu uşaq sənindi, qəbul edəsi deyilik ki. Mən bütün sənədləri istintaqa vermişəm və inanıram ki, istintaq bu məsələni ətraflı araşdıracaq ".

Qeyd edək ki, Ş. Bəylərqızı ötən ilin iyun ayında İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymaninin şikayəti əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən tutulub.

Ə. Süleymani Daxili İşlər Nazirliyinə etdiyi şikayətində Ş. Bəylərqızının ona qarşı dələduzluq etdiyini və 741 min ABŞ dolları məbləğində pulunu mənimsədiyini bildirib. Həmin şikayət əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən Ş. Bəylərqızına qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.

AzNews.az
Bağla X