13:16
(077) 610-22-33

Dövlət və dələduzlar

  • >
395 25 Fevral 2013 09:26 | Cəmiyyət

Zamin Hacı

Vaxtaşırı polis nazirliyi, ya da prokurorluq hansısa dələduzların saxlandığını xəbər verir, mənim bu xəbərlərdə diqqətimi çəkən bir detal var. O da dələduzların adətən müxtəlif real, ya da uydurma dövlət qurumlarının adından istifadə edib camaatı aldatmağıdır.

Məsələn, bu yaxınlarda B.Bağırov adlı şəxs tutuldu, Bağırov bir nəfər Bakı sakinini aldadıbmış ki, onu... Milli Təhlükəsizlik Nazirliyi nəzdində yaranacaq "Asan Xidmət" Mərkəzinə işə düzəldəcək və üst-üstə 7 min manata yaxın pulunu qopardıbmış. MTN hara, artıq fəaliyyət göstərən "Asan Xidmət" dövlət agentliyi hara?

Bağırovun dələduzluğu tək bununla bitməyibmiş. Başqa bir vətəndaşdan da nə az, nə çox – düz 65 min manat alıbmış ki, onu... Ali Məhkəməyə hakim köməkçisi vəzifəsinə təyin edəcək.

Lap təzə xəbər isə 23 fevralda Sumqayıtdan gəlib. Orda polis R.Həsənzadə adlı şəxsi saxlayıb. Həsənzadə özünü Nazirlər Kabinetinin "Yardım Məsələləri üzrə Dövlət Komissiyasının" üzvü kimi təqdim edərək 2 nəfərdən üst-üstə 50 min manatdan çox pul alıbmış. Söz veribmiş ki, guya bu pulun əvəzində onlara dövlət yardımı ayrılacaq.

Əgər özünüz internetdə "Azərbaycanda dələduz yaxalandı" adıyla sorğu versəniz, axtarış portalları qabağınıza buna bənzər məzmunda saysız-hesabsız informasiya çıxardar. Ancaq elə bunlar da bəsdir.

Əlbəttə, həmin dələduzların toruna düşən insanları "sadəlövh, avam" adlandırıb, "ay ağılsızlar, bu qədər pulu hansısa fırıldaqçıya necə vermisiniz" deyə qınayıb mövzunun üstündən keçə bilərik. Problem isə bu qədər sadə deyil. Özündə bir çox ciddi ictimai-siyasi problemləri gizlədir.

İlk növbədə, dələduzların "yaratdıqları" dövlət qurumlarının adlarına fikir verin. Bəyəm bunlara bənzər dövlət idarələri azdır? Azərbaycanda az qala Uzunqulaqdan Yıxılanlara Yardım Dövlət Agentliyi (UYYDA) də var. Lazımsız idarələrlə, nəhəng bürokratik aparatla hər yeri doldurublar. Bizdə olan nazirlik və dövlət komitələrinin sayı İsveçrədəkindən bəlkə 3 dəfə çoxdur.

Məsələn, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nə işlə məşğul olduğunu bilən bir ailə, qadın, uşaq tapa bilərsinizmi? Yaxud, çoban qoyunu otarır, əkinçi də turp əkir – Kənd Təsərrüfatı Nazirliyinin funksiyası bəs nədir? Hətta kəndlilərə alət, texnika, pul yardımları da "Aqrolizinq" ASC həyata keçirdir. Belə çıxır ki, nəhəng aparatı olan nazirliyin yeganə funksional qurumu Dövlət Baytarlıq Xidmətidir. Bir də nazirlik hərdən... bal bazarı düzəldir. O zaman bunun adını Arı və Brusselyoz Nazirliyi qoymaq doğru olmazmı?

Dələduzlara geniş imkanlar yaradan ikinci önəmli detal isə vətəndaşların dövlətə etibar etməməsidir. Yoxsa kim dövlətdən yardım almaq üçün rüşvət verər? Hələ o Ali Məhkəmənin adı hallanan dələduzluq olayı ümumiyyətlə biabırçılıqdır. Əgər vətəndaş kiməsə 65 min manat verib Ali Məhkəmədə hakim köməkçisi işinə düzələ biləcəyini güman edibsə, bəlkə dələduzla yanaşı elə o hakimin özünü də sorğulayaq? Deyək ki, ay yoldaş, axı niyə vətəndaş sizin köməkçiniz olmağın bu qiymətə başa gəldiyini düşünür? Atalar demişkən, od olmayan yerdən tüstü çıxmaz. Əgər cəmiyyətdə hüquq-mühafizə orqanlarının, ümumiyyətlə dövlət qurumlarının təmiz obrazı formalaşmayıbsa, bunun günahı kimdədir?

Elementar bir misal çəkim. Universitet oxumuş adamlar bunu yaxşı bilirlər: hər ali məktəbdə kristal təmiz, rüşvətə, tapşırığa-filana baxmayan ən azı bir-iki müəllim olur və tələbələr heç vaxt onlara rüşvət təklif etmirlər. Çünki o müəllimin sorağı əvvəldən yayılır, tələbələr bilirlər ki, ən azı "3" qiyməti alacaq qədər oxumalıdırlar, yoxsa yer-göy dağılsa bu müəllimdən qiymət ala bilməyəcəklər.

Dövlət qurumlarının da belə obrazı olmalıdır. O zaman dələduzlar da gedib başqa, sivil dünyadakı dələduzluq üsullarına əl atarlar. Məsələn, küçədə üskük oynadarlar, "rəhmətə getmiş nigeriyalı milyonerin yeganə varisi sizsiniz" adıyla pul qopardarlar və sairə.

Hələliksə bizdə vətəndaşı dövlət adıyla aldadırlar. Maraqlı fenomendir. Heç üskük oynadanlar da çoxdandır gözə dəymir. Kim bilir indi hansı nazirlikdə, dövlət qurumunda işləyirlər...



Bağla X