21:30
(077) 610-22-33

Mirşahindən “Xoca“nı bəyənməyənlərə sərt təpki – Müsahibə

  • >
455 1 Mart 2013 14:18 | Cəmiyyət

“Bunu edənlər Azərbaycanda ermənilərə işləməklə məşğuldurlar”




"ANS" Televiziyasının prezidenti Vahid Mustafayevin yeni çəkdiyi və son günlər barəsində müxtəlif ittihamlar səsləndirilən "Xoca" filminin baş prodüseri Mirşahin Ağayevin "Qafqazinfo"ya müsahibəsi:


- "Xoca" çəkilməyə başlayandan bəri bu filmlə bağlı qalmaqal da başlayıb. Səhv etmirəmsə, ilk qalmaqal Ermənistanda yaranmışdı. İstəyirəm bir qədər əvvəldən başlayaq.

- Əvvəla müəllimə türkcədə "hocam" deyirlər. Filmin "Xoca" adlandırılması məhz Xocalı hadisələrinin bir örnək olaraq cəmiyyətə təqdim olunması məqsədi güdürdü. Yəni ki, Xocalı filmi öyrətməlidir ki, biz Xocalıdan tarix, millət, dövlət qarşısında nələri öyrənməli, hansı dərsləri çıxarmalıyıq. Filmin son kadrında da Azərbaycanın rəmzlərindən biri olan üzüyü gətirib verən şəxs deyir ki, indi sənsən Xocalı. Yəni bu gün Azərbaycanda istər ərə gedən, istər dünyaya övlad gətirən xanımlar, lap elə analarımız hamısı faciəvi şəkildə işğal olunan Xocalı şəhərinin rəmzləridir. Hər bir qadın, hər bir ana bunu öz balalarına aşılamalıdır. Və "Xoca" sözü də məhz bu mənanı verir. "Xoca" müəllim, öyrədən deməkdir. İndi baxır ki, kim nəyi öyrənib. Ağıllı tamaşaçı üçün "Xoca" filmindən öyrənməli çox şey var. Əslində burada toy da bir rəmz kimi verilib. Qarabağ müharibəsi vaxtı belə bir deyim vardı ki, Bakı kefdə-damaqdadır, Qarabağ, Kərkicahan əldən gedir, Aşıq Şəmşirin dədə yurdu yandırılıb külə dönür. Bu Bakı kefdə-damaqdadır, Bakı toy içindədir kadrlarının Qarabağın qətli ilə paralel şəkildə bir yerdə verilməsi məhz həmin o məntiqin izahıdır.

- İndi yadıma düşür ki, filmin keyfiyyəti haqqında da Azərbaycanda hansısa rejissorlar fikirlərini bildirmişdilər.

- Bax, elə söhbət məhz hansısa rejissorlardan gedir. Mən Azərbaycan kino tarixində ad-san qazanmış rejissorlardan elə təkcə Eldar Quliyevin film haqqında fikirlərini xatırlatsam kifayətdir ki, filmin çox uğurlu alındığını deyək. O, Vahid Mustafayevi və filmin yaradıcı heyətini təbrik etdiyini demişdi. Onun sözü beləydi ki, filmə baxdım və mən fəxr etdim ki, Azərbaycan kino sənətində bu cür yeni adlar var. Vahid Mustafayevə bir tamaşaçı olaraq minnətdarlığım öz yerində, bir rejissor olaraq da təşəkkür edirəm.
Mənə elə gəlir ki, hansısa rejissorlar Eldar Quliyevin adı yanında kölgədə qalar. O hansısa rejissorların hansısa filmini xatırlamıram. Hansının ki, arxasında bu film görünməz olsun. Əksinə o adı çəkilməyən hansısa rejissorların istənilən işi "Xoca" filminin fonunda itib-batır. Mən sadəcə olaraq, o adamların adlarını belə xatırlamıram. O ki, qaldı filmin uğurlu cəhətləri ilə bağlı mən bəzi şeyləri çox təəssüflə qeyd etmək istəyirəm. Azərbaycanda bilmirəm bu həmişəmi olub, bəlkə biz hiss etməmişik, bəlkə ilk dəfə bizim işimizin ətrafında bunu hiss etməyə başlamışam, adətən uğurdan sonra təbriklər gəlir. Mən bu filmin istər "Altun portağal" festivalında anşlaqla nümayişində, istər Qahirədə kinofestivaldan sonra yerli ərəb tamaşaçılarının yaxınlaşıb bizi bağırlarına basmalarına və eyni zamanda Xocalı uğrunda bir müsəlman olaraq hər bir ərəbin həlak olması barədə çağırışlarını çatdıranda, həm bu filmin içərisində az-çox rolu olan bir adam kimi, həm də Azərbaycan vətəndaşı olaraq qürur duydum ki, belə bir filmin yaradılmasının biz şahid olmuşuq. Və nə yaxşı ki, bu filmi Bakı Film Kinostudiyası, mənim dostum Vahid Mustafayev çəkib. Yeri gəlmişkən deyim ki, Bakı Filmin stehsalı olan, Vahid Mustafayevin rejissorluğu və ssenaristliyi ilə çəkilmiş bu film Vahidin birinci işi deyil. Vahid bu filmdə debüt etməyib. Bu filmə qədər Vahid "Yaddaş", "Seçilən", "Bulağıstan" filmlərini hazırlayıb. Vahid birinci filmini 1992-ci ilin mart ayında "Qazma" adı ilə çəkib. "Qazma"nın çəkilişləri Xankəndində, Xocalıda aparılıb. Vahidin bütün filmlərində Qarabağ qırmızı xətt olaraq keçib. Bu baxımdan mən hesab etmirəm ki, Vahid təsadüfi bir adamdır. Vahid Azərbaycanın çox nadir rejissorlarından, bəlkə də yeganəsidir ki, bütün Qarabağ müharibəsini əvvəldən axıra kimi öz kamerası ilə çəkib və başqalarının nağıldan, əsatirdən, mifdən tanıdığı Qarabağ savaşını o adam kadr-kadr tanıyıb. O, bütün Qarabağ müharibəsinin, hətta yanan vertolyotu həmin anda çəkməsindən sonuncu əsgərin döyüş bölgəsində can verməsinə qədər hamısını çəkib və bu gün ANS-in arxivi Azərbaycan dövlətinin Qarabağ müharibəsi ilə bağlı ən zəngin kolleksiyasını özündə saxlayır. O ki qaldı bu filmin uğurlarına, mən bu filmin uğurları barədə danışsam bir az təvazökarlıqdan uzaq olacaq. Amma, madam, şərait vadar edir, mən bəzi uğurlarımızı qeyd etməliyəm.

- Yeri gəlmişkən, film nəyə görə ilk dəfə xaricdən nümayiş etdirilməyə başlandı?

- Əslində, elə olmadı. Əgər yadınızdadırsa, filmin çəkilişi, ssenarisi və sair işlər çoxdan başlamışdı. Filmin çəkilişinə start verməmişdən 4-5 ay öncə ssenari var idi, ssenarinin üzərində iş gedirdi. Filmin çəkilişinə başlayanda Vahid Mustafayev şəxsən şirkətin vəsaiti hesabına filmi çəkməyə başladı. Cənab prezidentin Azərbaycanda teleserialların çəkilişi üçün ayırdığı vəsait ortaya çıxanda isə bu lap bizə göydəndüşmə oldu. Bizim işimizin böyük hissəsinin də tamamlanmasına kömək etdi. Bu baxımdan Vahid Mustafayev həmişə Azərbaycan prezidenti İlham Əliyevə təşəkkürünü bildirir ki, onun bütün filmlərində olduğu kimi bu filmdə də maddi və mənəvi dəstəyini əsirgəmədi. Fevralın 26-da bu film bütün kinoteatrlarda nümayiş olunmağa başladı. Əvvəlcə Bakıda Nizami kinoteatrında, daha sonra Bərdədə, Gəncədə, Şəkidə göstərildi. Filmi tamaşaçıların xahişi ilə, hətta bəzi rayonlarda biz bir neçə gün ard-arda göstərdik. Naxçıvanda film çox böyük anşlaqla keçdi. Biz bu filmi Azərbaycanda ona görə geniş göstərməyə çalışdıq ki, Azərbaycanda Xocalı faciəsi ilə əlaqədar trafaretlər formalaşmağa başlamışdı. Xocalı soyqırımından danışanda həmişə Milli Qəhrəman Çingiz Mustafayevin kadrlarını göstərirdik və cəmiyyətdə bir növ bu kadrların plakatlaşması baş verirdi. Azərbaycan tamaşaçısı bu dərdi çox gözəl başa düşür, amma bunun xarici ölkə tamaşaçısına çatdırılması üçün o texnologiya yəqin ki, bir balaca novatorcasına işlənməyə ehtiyac duyurdu. Ona görə də, belə bir addım atıldı və bu filmin də xarici ölkələrə çıxarılması hansısa rejissorların təbirincə desək mükafat almaq məqsədi güdmürdü. Biz sadəcə olaraq, bu festivallardan fürsət kimi istifadə edib Azərbaycanın məruz qaldığı, dəhşətli fəlakət olan Xocalı soyqırımının göstərilməsi və nümayiş olunması üçün addımlar atmaq istəyirdik və bu fürsətdən də istifadə etdik. Bizim birinci dəfə festivala müraciət etmək cəhdimiz məhz Ermənistanla bağlı oldu. Bu filmi ilk dəfə İrəvana göndərdik. İrəvanda qəbul etmədilər. Millət vəkili Jalə Əliyeva və bir qrup QHT təmsilçisi Ermənistana səfər edilən zaman filmin diskini Jalə xanım vasitəsilə Ermənistana göndərdik. Çünki birinci dəfə göndərəndə onlar bildirmişdilər ki, bizə disk çatmayıb. Jalə xanım diski onlara verəndə artıq nümayişkaranə şəkildə nümayişindən imtina etdilər. Bizim əslində istəyimiz o idi ki, birinci Ermənistanda görsünlər ki, onlar necə böyük faciə törədiblər. Bu insanlar özlərinin etdiyi səhvə Azərbaycan rejissorunun, tamaşaçısının gözü ilə baxsınlar. Ermənilər imtina addımını atdılar və ondan sonra biz belə qərara gəldik ki, imkan daxilində Azərbaycanın bu dərdini dünyanın bizim filmimizin göstərilməsi mümkün olan bütün ölkələrində diqqətini cəlb edək. Və bu addımı atdıq. Türkiyədə, Qahirədə göstərdik. Qahirə kinofestivalında film "İnsan Haqları Nominasiyası" üzrə mükafatlandırıldı. Filmin orada 1 dəfə göstərilməsi nəzərdə tutulmuşdusa, iki gün 3 dəfə olmaqla göstərildi. Nəzərə almaq lazımdır ki, film hər yerdə Azərbaycanca göstərilirdi, subtitrlərdə ingiliscə gedirdi. Vahid Mustafayev filmin hər dəfə nümayişindən sonra mətbuat konfransları da keçirirdi. Qahirədə filmin birinci nümayişi zamanı ermənilərin provakasiyası nəticəsində filmin nümayişi 15-ci dəqiqədə yarımçıq saxlanıldı. Sonra hər şeyi yenidən bərpa etdik. Bura qədər dediklərim filmin baş prodüseri olaraq mənim subyektiv mülahizələrim ola bilər, mən bəlkə filmin içərisində olduğum üçün nəyisə görə bilmirəm, amma bir vətəndaş olaraq tam səmimi deyim ki, Azərbaycanın heç bir filmi son 15-20 ildə xaricdə Azərbaycanın problemlərinin təbliği nöqteyi-nəzərindən bu qədər böyük iş görməmişdi. Martın 1-dən Azərbaycan filmi ilk dəfə Türkiyədə tam hüquqlu film kimi nümayiş olunacaq. "Xoca" adi film deyil. Bu hansısa "Titanik", "Leyli və Məcnun", məhəbbət haqqında danışılmış nağıllar əsasında çəkilən orta statistik bir film deyil. Bu film çox güclü, psixoloji təsirə malik və kifayət qədər ciddi tarixi statistikaya əsaslanmış filmdir. Yeri gəlmişkən bu Azərbaycan cəmiyyətində nə qədər gözlənilməz olsa da Qırğızıstanda Vahid Mustafayev Türkdilli Dövlətlərə Dəstək Fondunun qızıl medalına layiq görüldü. Bu, filmin Bişkekdə nümayişindən sonra baş verdi. Qırğızıstanın mədəniyyət nazirinin xüsusi mükafatına da layiq görüldük. Bu yaxınlarda Qırğızıstanın mədəniyyət nazirinin dəvəti ilə biz yenə də ora gedəcəyik. Çox güman ki, filmin artıq qırğız dilində dublyajı da hazırdı. Mən hansısa rejissorlara bir şeyi də xatırlatmaq istəyirəm ki, Dolad Şamşıyev "Qurd dərəsi" filminin rejissoru, ssenaristi SSRİ dövlət mükafatı laureatı, SSRİ xalq artisti, mən onun titullarını saymaqla bitirə bilmərəm, çünki əfsanəvi bir rejissordur. O adam şəxsən bizə bildirdi ki, mən çox şadam ki, nəhayət, böyük türk filmi yarandı və çox istəyərdim ki, bu filmi bütün türkdilli dövlətlər öz dillərinə tərcümə etsinlər və yaysınlar. Mən sadəcə olaraq elementar şeylər var ki, onları deyə bilmirəm. Ona görə ki, mənim tərbiyəm, əxlaqım ona yol vermir, çünki özünütərifləmək bizdə yasaqdır. Amma bunları deməliyəm, çünki bunlar faktdır. Elə filmin Türkiyədə nümayişi də böyük ajiotajla keçdi. Türkiyənin bütün tanınmış iş adamları, ziyalıları, aktyorları orada idi. Demək olar ki, bu Türkiyədə günün hadisəsi idi. ANS televiziyası da həmin tədbirindən yarım saatlıq canlı yayım verdi. Sözün düzü bu elə hadisədir ki, insan dərdlə fəxr etməz. Adətən tabut olan yerdə alqış yada düşmür. Yalnız aktyorları səhnədən son mənzilə yola salanda alqışlayırlar. Bu baxımdan Xocalı soyqrımına görə dostum Vahid Mustafayevi təbrik etmək bir qədər qəribə səslənər. Amma mən bu filmdə Vahid Mustafayevə rejissor olaraq çəkdiyi bütün əziyyətə, 14-16-18 bəzən 20 dərəcə şaxtada, gecədən-səhərə qədər yatmayıb işlədiyinə görə, Azərbaycanın bütün tamaşaçıları adından onun qarşısında baş əyirəm. Ona görə yox ki, mən də o prosesin içərisində idim. Mən bilirdim ki, o filmi fevralın 26-na kimi kinoteatrlarda çıxarmaqdan ötrü nə qədər əziyyət çəkir. Onun eyni zamanda Çingiz Mustafayevə görə, çiynində bir məsuliyyət var idi. Çünki Çingiz Mustafayev Xocalı soyqrımını sənədli nöqteyi-nəzərdən dünyaya çatdırmaq üçün müstəsna rol oynamışdı. Amma ikinci bir tərəfdən Vahidin özünün də dediyi kimi atası, Fuad Mustafayev ona tapşırmışdı ki, Xocalı soyqrımının sonunu Çingiz çəkib, amma əvvəlini çəkmək sənin borcundu, bunu sən etməlisən. Həmin söhbət vaxtı mən də orda idim. Vahid atasına dedi ki, mən bilirəm sən heç vaxt mənə elə-belə tapşırıq verməzsən. Mən bunu tarixi missiya kimi qəbul edirəm, söz verirəm ki, mən bunu edəcəm. Doğrudan da fevralın 26-a hazır oldu. Bu gün mən filmin ətrafında qəribə bir münasibət görürəm. Xaricdə biz bu filmi göstəririk türk millətini, Azərbaycanı sevənlər Vahidi bağrına basır. Çox qəribədir Azərbaycanda kimlərsə, hansısa rejissorlarsa ortalığa çıxır və hardasa qara axtarmağa çalışır. Və bu adama toxunur.

- Bəlkə, Xocalı haqqında film olmasaydı, adam bu qalmaqalın yaranmasına sevinərdi. Amma elə kadrlar təqdim edirlər ki, "Bress qalası" filmiylə eynidir. O müqayisələri siz də gördünüzmü?

- Sözün düzü, bu müqayisələrdən xəbərim var. Bu mənim danışmaq istəmədiyim mövzudur. Yuli Sezarın vaxtından bu dünyada bir çox proseslər var ki, təkrarlanır. "Romeo və Culyetta" , "Leyli və Məcnun" olub. Və heç vaxt demək olmaz ki, "Romeo və Culyetta" intihar faktını "Leyli və Məcnun"dan plagiat edib.

- Təkcə 500-ə qədər "Leyli və Məcnun" əsəri yazılıb.

- Bəli. Heç kim heç kimdən plagiat etməyib. Mən bilirəm ki, Vahid Mustafayev bu filmi çox ciddi mənbələrə əsasən çəkib. O filmin ssenarisi iki dəfə yazılıb. Bir dəfə filmin ssenarisi yazıb, sonradan pozub, təzədən bir-bir Xocalı faciəsinin iştirakçıları ilə günlərlə, saatlarla oturub işləyib. Hər birinin dediklərinə diqqətlə yanaşıb. Qarşı tərəfin ermənilərin mənbələrini diqqətlə oxuyub öyrənib. Və Xocalı filmini çəkəndə bütün bu məsələlər orada öz əksini tapıb. Necə bilirsən, yoxsa indiyə kimi Xocalı soyqırımına həsr olunmuş bütün dünyada, Türkiyədə böyük rezonansa səbəb olan film haqqında nə əcəb ermənilər bir şey yazmırlar? Çünki onların da faktları yoxdur. Vahid bu filmi çəkəndə əlində kifayət qədər ciddi mənbələr olub və bu mənbələrə istinad edib. O ki qaldı bu filmin hansısa epizodun başqa bir filmlə üst-üstə düşməsi məsələsinə. Film təxminən 118 dəqiqədir. Bu filmin bir, yaxud iki dəqiqəsini götürüb üst-üstə qoymaq olar və s. Bu çox qeyri-ciddi məsələdir. Mən hesab edirəm ki, bu Ankarada Xocalı hadisələrini qəbul edərək aksiya keçirən azərbaycanlılara ermənilərin təhriki ilə stendlərə hücumun davamıdır. Hesab edirəm ki, bu ermənilər və erməniləri müdafiə edən fransızlar tərəfindən həyata keçirilən provakasiyanın davamıdır. Sadəcə olaraq bunu edənlər Azərbaycanda ermənilərə işləməklə məşğuldurlar. İşin içində Azərbaycanın uğurlarına, onun maraq və mənafeyinə işləyən məqamları göstərmək əvəzinə, hardasa nələrisə axtarıb tapmaq, qara-qura şeylər əldə etmək və bunu ANS Şirkətlər Qrupunun və onun prezidenti, rejissor Vahid Mustafayevin işinin üstünə kölgə salmaq məqsədilə etmək, kişilikdən uzaq bir hərəkətdir.

- Qarabağ haqqında çox filmlər çəkilib. Bəzən tənqidlər səsləndirirlər ki, Qarabağ hadisələrinin gözümüzlə görüb yaşasaq da, təsirli film çəkə bilmirik. "Fəryad" filmi mənim xoşuma gəlir. Bu yaxınlarda "Dolu" filminə də baxmışam. Siz də baxmısınızmı?

- Baxmışam.

- Mən istəyirəm ki, "Dolu" ilə "Xoca"nı müqayisə edəsiniz...

- Bu filmləri müqayisə edə bilmərəm. Bilirsiniz niyə? Fərqli-fərqli janrlarda çəkilmiş filmlərdir. Amma ikisinin də mövzusu Qarabağla bağlıdır. Vahidin filmində alman ekstreminizminin nümunəsi olaraq bir sıra rəmzlər var. Orada daha çox rəmzlər, rənglər danışır. Rahatlıq və firavan həyat şəraitində mövcud olan Bakı sırf ağ işıqla müşahidə olunur. Amma Qarabağda gedən proseslər Günelin Ələkbərlə münasibətlərı sarı işıqla şərtlənir. Eyni zamanda bu bir tərəfin nə qədər soyuqqanlı, digər tərəfin istiqanlı olmasına dəlalət edir. "Dolu" filmi realist filmdir. Bu Aqil Abbasın çox böyük uğurudur.

- Mən düşünürəm ki, Xoca filmi tamaşaçı auditoriyası üçündür. Əgər filmin nöqsanı varsa, nümayiş olunduğu böyük festivallarda peşəkarlar tərəfindən qiymətləndiriləcək. Amma gerçəkdən demək olarmı ki, "Xoca" indiyə kimi bizim Xocalı haqqında çəkilən ən yaxşı filmimizdir?

- Mən hesab edirəm ki, "Xoca" indiyə qədər Qarabağ mövzusunda çəkilmiş ən uğurlu filmimizidr. Filmin baş prodüseri, tamaşaçısı olaraq mən belə hesab edirəm. Burada bir fakt, proses subyektiv yox, obyektiv nöqteyi-nəzərdən təqdim olunur. Və eləcə də Azərbaycan həqiqətləri ki nəfər gəncin sevgisi vasitəsilə tamaşaçılara çatdırılır. Və müasir kinematoqrafiyanın ən son nailiyyətlərindən biri olan neostanizm janrına əsaslanır. Burada bütün həqiqətlər sərtdir. Çünki siz də bilirsiniz ki, heç vaxt ata öz qızının qoluna girib şadlıq sarayına nişanlısının yerinə aparmaz. Əslində hər belə epizod, kadr ondan xəbər verir ki, bizim bu filmimizdə çox böyük sərt, amansız həqiqətlər böyük ustalıqla, reallıqla uyğunlaşdırılır. Orada bir epizod var. Bizim qəhrəmanımız Ələkbər sevgilisi ilə danışanda deyir ki, "bilirsən heç nə deməyəcəm, quş kimi gəlib göydən sənin ovcuna düşəcəyəm, heç nə deyib danışmayıb sənin gözəlliyinə valeh olacam". Filmin son epizodunda Ələkbərin vertolyotla meyiti gəlir və heç nə demədən gəlib Günelə yaxınlaşır. Tabutu qarşısında onun arzusu da yerinə yetir. Quş kimi gəlib onun ovcuna düşür. Orada heç bir epizod elə-belə deyil. Hətta Xocalı soyqırımında gülləborana məruz qalmış qadın camaatın içində sağa-sola qışqıraraq "Azər, Azər" çağırır. O Azərbaycan xalqına ünvanlanmış ana fəryadıdır. Bizim simvolumuz olan Ayazın səhər yeməyində danışarkən istifadə etdiyi sözlər var, onların da tərkibində çox ciddi simvolik məqamlar var. Xoca üzüyünün belə ən axırda Mehdi tərəfindən xilaskar olaraq gətirib xanımın barmağına taxılması və Xocalı deməsi bunlar hamısı simvollardır. Mən Azərbaycan kinosunda tam səmimi deyirəm ki, çoxdandır belə simvollarla, rəmzlərlə, müxtəlif sətiraltılarla zəngin film görməmişəm. Filmdə əməliyyatın gedişi ilə bağlı təfərrüatları da onların hamısını Vahid Mustafayevə döyüşdə sağ qalmış komandirlər danışıblar. O cümlədən o prosesin içində olmuş Nazim Mikayıloğlu Hüseynov var. Vahid Mustafayevə irad tuturlar ki, bu hadisə "Bress qalası" filmində də eynidir. Həmin o Nazim Hüseynov şəxsən hadisəni özü Vahid Mustafayevə danışıb.

- Orada Azərbaycan tamaşaçısının öyrəşmədiyi açıq-saçıq öpüşmə səhnəsi də maraqla qarşılanıb...

- Maraqla qarşılanıb deyəndə, səhv eləmirəmsə SSRİ-nin son vaxtlarında Amerika ilə SSRi arasında bir telekörpü keçirilirdi. Yadımdadır, Amerikadan onu Donax Yu aparırdı. Bir ABŞ tamaşaçısı SSRİ-dən olan tamaşaçıdan soruşmuşdu ki, siz seksə necə münasibət bəsləyirsiniz? O zaman hələ indiyə kimi SSRİ-də məşhur olan kadr baş verdi. Qadın ayağa durub dedi ki, "u nas seks net". Uzun müddət bu Amerikada lağlağı və istehza obyektinə çevrildi ki, SSRİ-də seks yoxdur. Yadımdadır, Amerikanın hansısa kanalında xüsusi bir zastavka hazırlanmışdı ki, orada həmin qadını göstərirdilər. Mən bunu ona görə deyirəm ki, biz o riyakarlıqdan, ikiüzlülükdən gələn qaçağıq. Biz indi mentalitetdən, milli mənəvi dəyərlərdən danışandan sonra adi dəniz qırağına çıxaq və biz baxaq görək ki, bizim o milli gözəllərimiz dodaq-dodağa necə öpüşürlər. O ki qaldı bu iki nəfərin sevgisini nümayiş etdirməkdən ötrü hələ ki , Azərbaycan kinematoqrafiyası dünya kinematoqrafiyasının tərkib hissəsi olaraq daha uğurlu bir forma tapmayıb. Onlar sevgisini sübut etmək üçün öpüşməklərini göstərirlər də. Başqa şey göstərsəydik, deyəcəkdilər ki, milli ənənələrimizə ziddir. O ki qaldı öpüşmə səhnələri. Bu sevib, o sevilib, cavan qızdır, oğlandır fürsət düşüb öpüşüblər. Bu əsas məsələ deyil. İki saata yaxın filmin içərisində bu epizodları götürüb müzakirə etmək düzgün deyil. "Xoca" filmi Azərbaycan kinosu haqqında uzun müddət Azərbaycan kinolarının hamısının birlikdə eləmədiyindən qat-qat artıq iş görüb. Avropanın neçə şəhərində bu film göstərilir. Və bu filmdən sonra da Azərbaycan-Ermənistan münaqişəsi, Xocalı haqqında ən aparıcı media orqanları yazırlar. Mənə elə gəlir ki, "Xoca" filminə görə Vahid Mustafayeva Azərbaycan cəmiyyətinin bu saat təşəkkürdən savayı, hər hansı deyəcəyi olmamalıdır. Vahid Mustafayevin dostu kimi, filmin baş prodüser və onun dəfələrlə tamaşaçısı olmuş bir nəfər kimi deyə bilərəm ki, bu Azərbaycan kinosunda uğurdur, hadisədir. Kimlərin hansı mövqe tutmasından asılı olmayaraq hesab edirəm ki, "Xoca" filmi Azərbaycanda Qarabağla bağlı çəkilmiş filmlər arasında ən yaxşı yeri tutacaq və ondan sonra gələn filmlər də Allah eləsin ki, ən azı "Xoca" kimi olsun.

- Film kommersiya məqsədi güdürmü, yəni satışda disklər varmı?

- Filmin diskləri də, DVD-ləri də satışda olub. Onlar elə satışda olduğu ay yarım, iki ay ərzində tam satılıb qurtarıb. Sonradan biz onun satışına əhəmiyyət vermədik. Ona görə ki, filmin müəllifi Vahid Mustafayevin əsas xətti ondan ibarət idi ki, biz bu filmdə Azərbaycanın problemini, Xocalı hadisələrini təqdim edək. İndiyə kimi bəzi dövlətlər, xalqlar bu filmə qədər Xocalı hadisəsi haqqında başqa cür düşünürdülərsə, bu filmlə fikirlər dəyişdi. Vahid Mustafayevin təbliğat yolunun düzgünlüyünə onda əmin olduq ki, filmin effektini gördük. Dünya mətbuatına baxın, görün ki, Azərbaycan rejissorunun "Xoca" filmi nə boyda rezonansa səbəb olub. Biz sadəcə, xarici ölkələrdə bu filmin nə yaradıcılıq, nə də peşəkarlıq nöqteyi-nəzərindən şübhəyə alınmasına dair bir vergül, nöqtə belə tapmırıq.
Bağla X