“Azərbaycanda süni intellektin inkişafı dövlət səviyyəsində dəstəklənir” - Hüseyn İbrahimov

“Təbii ki, bu gün süni intellekt sosial həyatımızın ayrılmaz bir hissəsinə çevrilib. Süni intellektin həm yaradıcı, həm də dəyişdirici rolu sürətlə təhsil sahəsində, tibb sahəsində, iqtisadiyyatda və informasiya bazarında artır. Xüsusən informasiya xidmətləri bazarında, həmçinin digər sahələrdə onun rolu getdikcə genişlənir. Eyni zamanda, ölkə Prezidenti cənab İlham Əliyevin də süni intellektin ölkəmizdə inkişaf etdirilməsi və onun səmərəli istifadəsinin genişləndirilməsi ilə bağlı xüsusi diqqəti vardır və bu sahəyə xüsusi tapşırıqlar verilib. Məhz bunun sayəsində yaşıl enerji, tibb və təhsil sahələrində innovasiyaların tətbiqi genişlənir və əhatələnir”.

Bu fikirləri Aznews.az-a açıqlamasında sosioloq Hüseyn İbrahimov deyib.

Qeyd edək ki, son illərdə süni intellekt (Sİ) texnologiyaları həyatımızın demək olar ki, hər sahəsinə nüfuz etməyə başlayıb. İş yerlərindən tutmuş təhsilə, sosial mediadan gündəlik ünsiyyətə qədər, süni intellekt insan davranışlarını və cəmiyyətin strukturunu dəyişdirir. Bu dəyişikliklər həm imkanlar, həm də risklərlə müşayiət olunur: bəziləri texnologiyanın həyatımızı asanlaşdıracağını düşünür, digərləri isə sosial bərabərsizliyin, işsizlik və etik problemlərin artacağından narahatdır. Azərbaycan kontekstində isə süni intellektin cəmiyyətə təsiri həm gənclərin karyera perspektivlərinə, həm də təhsil və sosial münasibətlərə yeni çağırışlar gətirir.

Sosioloq qeyd edib ki, süni intellektin inkişaf səviyyəsi hər bir ölkədə onun texnoloji imkanlarından asılı olaraq fərqlənir.

"Bəzi ölkələr həm istehsalçı, həm də istehlakçı kimi çıxış edirlər, digərləri isə yalnız bazarın istehlakçısıdır. Təbii ki, institusional əsaslarla süni intellekt bazarının istehlakçısına çevrilmək cəmiyyətin inkişafında əhəmiyyətli rol oynayır. Ancaq burada ziddiyyət yaradan məqamlardan biri süni intellektin istifadəsinin institusional deyil, kortəbii şəkildə cəmiyyət üzvləri tərəfindən artmasıdır. Süni intellekt müəyyən dərəcədə insanların işlərini rahatlaşdırır və sürətləndirir. Lakin Vaşinqton Universitetinin qənaətinə görə, o, təhsil sahəsində insanı tam əvəz edə bilməz. Buna görə də, bu gün təhsildə süni intellektin gənclər və tələbələr arasında istifadəsi və ona arxayınlaşma meyilləri artır. Texnoloji baxımdan, institusional olaraq informasiya, iqtisadiyyat və xidmətlər bazarında Azərbaycanda süni intellektin rolu artıb və bu, müsbət tendensiyadır. Amma cəmiyyətin mikrostrukturunda, ailədə, fərdlər arasında və müxtəlif kiçik təşkilatlar daxilində süni intellektə meyilliliyin kortəbii şəkildə aparılması müəyyən risklər yarada bilər. Bu, süni intellektin təşkilatların və fərdlərin məqsədlərinə xidmət etmə səviyyəsinə deyil, daha çox onların işlərinin şaxələnməsi və ideya-bacarıqlarının genişləndirilməsinə təsir edir. Vaşinqton Universitetinin qənaətlərindən biri belədir ki, süni intellekt heç vaxt insanı tam əvəz edə bilməz. Onun yaradıcı və ideya verici rolunu süni intellekt tam şəkildə əvəz edə bilməz. Lakin süni intellektin proqramları günbəgün dəyişir, buna görə də bu proqnozlar hər zaman özünü doğrultmaya da bilər. Bütün hallarda, bir çox insanlar təhsildə müəyyən bağlı bilik və tələbatların ödənilməsi üçün süni intellektdən 100 faiz istifadə edir və bununla kitabxanalardan və mütaliələrdən kənarlaşırlar. Bu, cəmiyyətin mikrostrukturunda müəyyən tendensiyalar yarada bilər ki, bu tendensiyalar gənc və yeniyetmələrin təşəbbüslərinin azalması kimi nəticələr doğura bilər".

Rəfiqə Namazəliyeva,

AzNews.az