Məhsətinin təqdimatı

Məhsəti Gəncəvi klassik Şərq poeziyasının 10 nəhəng ismindən biridir və bu sırada yeganə qadındır. Onun zəngin ədəbi irsi orta çağ təzkirələrində geniş yer alıb, üstəlik, Məhsəti həm də dastanlaşmış şəxsiyyətdir. Sadəcə, bu fakt Məhsətinin ədəbiyyat tarixində nə qədər mühüm yer tutduğunu ortaya qoyur.

Məhsəti Gəncə ədəbi məktəbinin simvollarından biridir, Nizami və Füzuli kimi sırf Azərbaycan mədəni arealının təmsilçisidir.

O, nəinki Şərqdə, bütün dünyada qadın haqları hərəkatının və maarifçiliyin erkən liderlərindən sayılır.

Məhsəti, eyni zamanda, mahir şahmatçıdır.

Akademik Rəfael Hüseynov hələ 1989-cu ildə "Yazıçı" nəşriyyatında çapdan çıxmış "Məhsəti necə varsa" kitabında yazırdı:

"Kimi onu "namuslu, ismətli qadın"- deyə təqdim edib, kimi də onu Şərqin "madam Sanjeni", fransız şansonetkalarının bənzəri sayıb. Hətta iş o yerə çatıb ki, Məhsətinin kişi olması fərziyyəsi də ortaya çıxıb.

Rafael Huseyn çox haqlı olaraq yazırdı ki, Məhsətinin şəxsiyyəti, poetik irsi və dünyagörüşü ilə bağlı bir sıra mübahisələrin, yanlış fikirlərin meydana çıxmasının ilk səbəbini şairənin şəhraşublar silsiləsində axtarmaq lazımdır:

"Bu janrın mahiyyətindən xəbərsiz olanlar, belə bir şeirin bir və ya bir neçə şairin yaradıcı­lığına mənsub, fərdi dəst-xətdən doğan hal deyil, regional xarakter daşıyan ədəbi hadisə olduğunu bilmədən təsnif etmişlər və onları ardınca tədqiqatçılar da istər-istəməz çətin suallar qarşısında qalmışlar".

Bu gün Məhsəti Gəncəvi əleyhinə yazan, onu əxlaqsız və qeyri-azərbaycanlı təqdim edənlər şəhrəşub janrından ya bixəbərdirlər, ya da ayrı qəsdləri var.

Məhsətinin günümüz və xalqımız üçün dəyəri onun:

- Azərbaycan mədəni arealına mənsub klassik olması;
- Azərbaycan qadının intellektual mübarizəsinin ilk obrazı olması;
- Yaradıcılığa azad və səmimi baxışıdır.

Zənnimcə, yuxarıda söylədiyim 3 məsələnin bədii həllini taparaq Məhsəti haqqında tarixi bir filmin çəkDİRilməsi yaxşı olardı. O filmdə Məhsətinin məhrəm səhnələr ola bilərmi? Əlbəttə, ola bilər!

Amma bədiiliyə xidmət edirsə!

Sənət üşün bədiilik və vulqarlıq arasındakı fərqləri Umberto Eko "Anlatı ormanlarında 6 gəzinti" kitabında çox səlis izah edib.

Taleh ŞAHSUVARLI