06:01
(077) 610-22-33

Vətəndaşlar “Azərsu” ya nə qədər pul borcludur? – RƏSMİ CAVAB

  • >
416 4 Mart 2013 12:49 | Cəmiyyət

Abonentlərinin “Azərsu”ya 100 milyon manat borcu var. Borcun 15 faizi əhali, qalanı isə qeyri-əhali qrupundan olan abonentlərdir



Bu barədə AzNews.az-a "Azərsu" Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib.

Onun sözlərinə görə, Nazirlər Kabinetinin 17 fevral 2012-ci il tarixdən qüvvəyə minən qərarına əsasən, istehlakçıya yazılı bildiriş göndərilmədən qazın, elektrik və istilik enerjisinin verilməsinin dayandırılması qadağan edilib. Lakin "Azərsu" yetkililəri borcluların suyunu bildirişdən sonra da kəsə bilmir: "2009-cu ildə "Su təchizatı və tullantı suları haqqında" qanuna edilən dəyişikliyə əsasən, hər bir kəsə suyun verilişi fərdi qaydada dayandırılır. Fərdi evlərdə bunu etmək problem deyil. Mənzillərdə isə su xətti evlərdə quraşdırıldığından içəri keçib su verilişini dayandırmaq olmur".

Bu səbəbdən də smart-kart tipli sayğacların quraşdırılmasına başlanıb. Ötən il 20 minə yaxın belə sayğaclar quraşdırılıb. Böyük əksəriyyəti Bakı şəhərində quraşdırılan həmin sayğacların bu il ərzində həcminin bir neçə dəfə artırılması planlaşdırılıb.

A.Cəbrayıllı onu da deyb ki, bəzi problemlərə baxmayaraq, əvvəlki illərlə müqayisədə içməli su və kanalizasiya xidməti haqlarının ödəniş səviyyəsi yüksəlib. Belə ki, istehlakçılar istifadə etdikləri içməli suyun və göstərilən kanalizasiya xidmətlərinin 88.2 faizinin haqqını ödəyiblər. Bu da əhali ilə aparılan işin nəticəsidir: "Ödənişlə bağlı baş verə biləcək anlaşılmazlıqların qarşısını almaq üçün mütəmadi xəbərdarlıqlar olunur ki, heç bir halda su təsərrüfatında nəzarətçilərə nəğd pul verməsinlər. Ödənişləri bank və poçt şöbələrində, Pay Point ödəniş terminallarında və plastik kartlardan istifadə etməklə internet vasitəsi ilə aparsınlar".

Xatırladaq ki, indiyədək ölkəmizdə bir neçə dəfə əhalinin kommunal borcları ləğv edilib. Bu qəbildən sonuncu dəfə əhalinin işməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsi üzrə 2011-ci il, 1 fevral tarixinə "Аzərsu" ASC-yə olan 294.2 milyon manat məbləgində borcu ləğv edilib.

Ruhiyyə
AzNews.az

Bağla X