20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar Azərbaycanın Malayziyadakı səfirliyi tərəfindən Perlis Universitetində (UniMAP) anım mərasimi və sərgi keçirilib. 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar Azərbaycanın Malayziyadakı səfirliyi tərəfindən Perlis Universitetində (UniMAP) anım mərasimi və sərgi keçirilib.

Malayziyada 20 Yanvar faciəsinin dəhşətlərindən danışılıb

20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar Azərbaycanın Malayziyadakı səfirliyi tərəfindən Perlis Universitetində (UniMAP) anım mərasimi və sərgi keçirilib.

AzNews.az xəbər verir ki, mərasimdə Perlis ştatının vəliəhd-şahzadəsi, universitetin rektoru Tuanku Syed Faizuddin Putra və xanımı Hajjah Lailatul Şahrin, ştatın dövlət qurumlarının rəhbərləri, müəllim və tələbə heyəti, BERNAMA Milli Xəbər Agentliyinin, nüfuzlu “Utusan Malaysia” qəzetinin və digər KİV-lərin nümayəndələri iştirak ediblər.

Əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə səfir Qaley Allahverdiyev Azərbaycan xalqının azadlıq mübarizəsi tarixindən danışıb, 20 Yanvar faciəsinin xalqımızın qan yaddaşında şanlı səhifələrdən biri olduğunu bildirib. O, 28 il öncə müstəqillik və suverenlik uğrunda mübarizəyə qalxmış xalqımızın başına gətirilən faciə, sovet rəhbərliyinin müstəqillik uğrunda mübarizəyə qalxmış millətlərin azadlıq arzusunu boğmaq cəhdi haqda tədbir iştirakçılarına geniş məlumat verib.

Səfir yanvarın 19-dan 20-nə keçən gecə Bakıya yeridilən hərbçilər tərəfindən 147 nəfər günahsız mülki insanın vəhşicəsinə qətlə yetirildiyini, 744 nəfərin ağır yaralandığını bildirib. Hadisədən dərhal sonra Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedən ümummilli lider Heydər Əliyevin bəyanatla çıxış etdiyini xatırladan diplomat məhz bu bəyanatdan sonra dünya ictimaiyyətinin Bakıda baş verən qanlı hadisələrdən xəbər tutduğunu diqqətə çatdırıb.

Diplomat həmin gecə Azərbaycan xalqının yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, müstəqillik və azadlıq uğrunda mübarizə əzmini bütün dünyaya bəyan etdiyini qeyd edib. Keçmiş SSRİ-nin sonuncu rəhbərliyinin Azərbaycan xalqına qarşı yürütdüyü ayrı-seçkilik və düşmənçilik siyasətindən bəhs edən səfir faciənin törədilməsində əsas məqsədin işğalçı Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddialarının gerçəkləşməsinə münbit şərait yaratmaq olduğunu bildirib.

Səfir çıxışında 20 Yanvar hadisələrindən başlayaraq müstəqil Azərbaycan Respublikasının inkişaf tarixi, həmçinin Azərbaycan-Malayziya əlaqələri haqqında geniş məlumat verib.

UniMAP-ın prorektoru professor Zul Azhar Azərbaycanın şanlı tarixinə dair geniş məlumat verdiyinə görə səfirə təşəkkür edərək, tədbirin Azərbaycan həqiqətlərinin Perlis ictimaiyyətinə çatdırılmasında əhəmiyyətini vurğulayıb. O, universitet heyəti və şəxsən öz adından faciə qurbanlarının ailələrinə və Azərbaycan xalqına başsağlığı verib.

Tədbirin sonunda 20 Yanvar faciəsinə həsr olunmuş sənədli film nümayiş etdirilib. Daha sonra universitetin kitabxanasında o gecənin qanlı dəhşətlərini özündə əks etdirən fotoşəkillərdən ibarət sərginin açılışı olub. Perlis ştatının vəliəhd-şahzadəsi faciə qurbanları ilə bağlı açılmış xatirə kitabına ürək sözlərini yazıblar.

Həmin gün vəliəhd-şahzadənin iştirakı ilə şəhidlərin xatirəsinə ehsan olaraq səfirlik tərəfindən Perlisdə yerləşən kimsəsizlər evinə və bir neçə yoxsul ailəyə ərzaq yardımı göstərilib. Daha sonra ştat rəsmilərinin iştirakı ilə Kangar şəhər mərkəzində veloyürüş təşkil olunub.

Bununla yanaşı, 20 Yanvar faciəsi ilə əlaqədar səfirlik tərəfindən hazırlanmış press-reliz Malayziya Xarici İşlər Nazirliyinə və ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərə göndərilib(azərtac).

image description image description image description