Səməd Seyidov: Hər bir türk dövlətinin gücü Azərbaycanın gücüdür

Türk dövlətləri ilə əməkdaşlıq Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Hər bir türk dövlətinin gücü Azərbaycanın gücüdür.

Buu fikri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov parlamentdə keçirilən Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri Sədrlərinin birinci iclasında çıxışı zamanı deyib.

Komitə sədri təəssüf hissi ilə bildirib ki, bu gün Azərbaycana qarşı təzyiqlər mövcuddur.

“Bir çox Qərb ölkələri Azərbaycanın torpaqlarını öz gücünə azad etməsi ilə barışa bilmir. Biz ikili və ədalətsiz standartların nə olduğunu yaxşı bilirik. Azərbaycan öz sözünü deyən, azad siyasət yeridən dövlətdir. Arxasında isə güc mərkəzinə çevrilən türk dünyası dayanır. Bu gün həm təşkilat çərçivəsində, həm də üzv ölkələrlə ikitərəfli əlaqələrin inkişafında bu gücü hiss edirik. Şanlı zəfərdən sonra Türkiyə ilə qardaş münasibətləri müttəfiqliyə yüksəlib. Azərbaycanın gücü hər bir türk dövlətinin gücü, hər bir türk dövlətinin gücü isə Azərbaycanın gücüdür”, - S.Seyidov vurğulayıb.