10:37
(077) 610-22-33

``Bu gün 1 milyon Azərbaycan Türkü evinə dönə bilmir``

  • >
287 24 Mart 2013 11:10 | Cəmiyyət

Türkiyənin Bahçeşehir Universitetində "Xocalı qətliamı və soyqırım gerçəyi" adlı konfrans keçirilib.

Konfransda millət vəkili Qənirə Paşayeva, Türkiyə Böyük Millət Məclisinin üzvləri, millət vəkilləri Yusuf Halaçoğlu, Şuay Alpay, Kadir Gökmen Öğüt çıxış ediblər. Konfransı açan Bahçeşehir Üniversiteti Sosial Elmmler İnstitutunun rəhbəri Burak Küntay bu cür tədbirlərin keçirilməsinin vacibliyini qeyd edərək, Xocalı Soyqırımının beynəlxalq aləm tərəfindən tanıdılması istiqamətində hər bir türk insanın üzərinə düşən vəzifələrdən danışdı və bu istiqamətdə birgə fəaliyyətin aparılmasının vacibliyini qeyd edib.

Universitetin Siyastə elmi və beynəlxalq əlaqələr klubunun rəhbəri Burak Öztürk çıxışında qondarma erməni soyqırımı iddialarına qarşı mübarizədə və Azərbaycan həqiqətlərinin daha geniş şəkildə təbliği məqsədilə Azərbaycan və Türkiyənin birgə fəaliyyət göstərmələrinin daha da genişləndirilməsinin vacibliyini qeyd etdi.

Millət vəkili Qənirə Paşayeva çıxışında Xocalı soyqırımının bütün insanlığa qarşı edilmiş bir cinayət olduğunu və Xocalı Soyqırımını törədənlərin təkcə tarix qarşısında deyil, ədalət qarşısında hesab verməli olduqlarını dedi: " Hər kəs Azərbaycanı bu mövzuda dəstəkləməlidir. Ermənistan Azərbaycanın 20% torpağını işğal altında saxlayır. Bu gün 1 milyon Azərbaycan Türkü evinə dönə bilmir. Ermənistan beynəlxalq təşkilatların qərarlarına məhəl qoymur".

Qənirə Paşayeva bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Xocalı Soyqırımı, Qarabağ həqiqətlərinin, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarının dünyaya çatdırılması, bu soyqırımı törədənlərin öz layiqli cəzasını alması üçün çalışmalıdır.

Millət vəkili 20-ci əsrin əvvəlində ermənilərin həm Anadolu, həm də Azərbaycan torpaqlarında, 20-ci əsrin sonunda müasir dünyanın gözləri qarşısında Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi qətliamlar, soyqırımlardan danışıb və bildirib ki, dünyanın bəzi ölkələri var ki, gerçəkləri görmək istəmir və qondarma erməni soyqırımı ilə bağlı qərarlar qəbul edirlər. Bu yalanların qarşısının alınmasının tək bir yolu var – birlikdə mübarizəmizi daha da gücləndirmək və həqiqətləri dünyaya birlikdə daha da geniş yaymaqdır.

"Qondarma erməni soyqırımı iddialarına qarşı mübarizə və Qarabağ probleminin həlli harada doğulub harada yaşamasından asılı olmayaraq bütün Türklərin əsas məsələsi olmalıdır. Biz bu iddiaların qarşısını almaq üçün həqiqətləri, gerçəkləri bütün dünyaya daha geniş şəkildə çatdırmalıyıq", – deyə millət vəkili əlavə edib.

Bu məsələdə türk gəncliyinin üzərinə böyük vəzifə düşdüyünü qeyd edən millət vəkili Qənirə Paşayeva bütün türk gəncliyini tariximizə sahib çıxmağa, sosial mediada, virtual aləmdə fəal olmağa çağırıb və qondarma erməni soyqırımı iddialarına qarşı mübarizədə və Azərbaycan həqiqətlərinin daha geniş şəkildə yayılması məqsədilə sosial mediada səylərin artırılmasının, işinin sürətləndirilməsinin vacibliyini qeyd edib.

Tədbirdə iştirak edən TBMM-nin üzvləri millət vəkilləri Yusuf Halaçoğlu, Şuay Alpay, Kadir Gökmen Öğüt çıxışlarında ermənilərin 21 il əvvəl dinc Azərbaycan türklərinə qarşı qətliam törətdiklərini, Xocalı faciəsinin insanlığa qarşı edilmiş bir cinayət olduğunu və bu cinayəti törədənlərin ədalət qarşısında cavab vermələrinin vacibliyini qeyd etmiş, bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulamışdılar.

Onlar Türkiyənin daim dost, qardaş Azərbaycanın yanında olduğunu və insanlığa qarşı bir cinayət olan Xocalı Soyqırmının beynəlxalq aləmdə tanıdılması istiqamətində və qondarma erməni soyqırımı yalanlarına qarşı mübarizədə hər iki qardaş ölkənin birgə fəaliyyətinin daha da sürətləndirilməsini qeyd etdilər.

Tədbir çərçivəsində millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB və Şamaxının millət vəkili Elxan Süleymanovun rəhbərlik etdiyi Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının hazırladığı "Azərbaycan həqiqətləri" adlı filmlər toplusu, millət vəkili Qənirə Paşayeva və Dağlıq Qarabağın Azərbaycanlı İcmasının İdarə heyətinin üzvü Həvva Məmmədovanın həmmüəllifliyi ilə hazırlanmış və Xocalı soyqırımını şahidlərin dili ilə oxucuya çatdıran "Hocalı Soykırımı: tanıkların dili ile", millət vəkili Qənirə Paşayeva və Xocavənd Rayon İcra Hakimiyyətinin əməkdaşı Şaiq Aslanovun həmmüəllifliyi ilə hazırlanmış və Qaradağlı soyqırımını şahidlərin dili ilə oxucuya çatdıran "Qaradağlı Soyqırımı şahidlərin dili ilə" kitabları, "Hocalı Soykırımı" və "Ruhum Qarabağlıdır" filmləri də təqdim olundu.

Konfrans çərçivəsində millət vəkili Qənirə Paşayeva , Türkiyə Böyük Millət Məclisinin üzvləri, millət vəkilləri Yusuf Halaçoğlu, Şuay Alpay, Kadir Gökmen Öğütə həqiqətlərin daha geniş yayılması istiqamətində göstərdikləri fəaliyyətlərinə görə Universitet adından plaketlər təqdim olundu.

AzNews.az
Bağla X