02:54
(077) 610-22-33

Bakının “qız tutmaq“ reklamları

  • >
443 10 May 2013 11:47 | Cəmiyyət

Bahadur Qobustan



Baxmağı yaradan ona görə yaratmayıb ki, təkcə özünə baxasan. Özünə baxmaq yaxşı şeydi. Amma hərdənbir sənə tapşırılan işlərə, yerlərə, göylərə də baxasan gərək.

Mən falçıya heç inanmıram. Hərçənd onların da adlarına el arasında "baxıcı" deyirlər. Nə yazıq ki, Bakı küçələrinə baxanların bir çoxu da elə o baxıcılar kimi inanılası deyil. Hərdən də elə olur ki "baxan" görünməsi lazım olduğu kimi yox, öz görmək istədiyi kimi baxır.
Sözün birini qoyub o birinə keçirəm; əslində o sözü orda qoyub burda yaddan çıxarmıram, sadəcə fikir vermirəm...

Bu "uşaqlardan" danışmaq istəyirəm. O uşaqlardan ki "qız tutmaq" üçün Bakının küçələrini cızma-qara ilə doldururlar. Artıq hansı binaya, avtobus oturacaqlarına, park divarlarına baxsan "net"dən, "com"dan, "az"dan -zaddan başqa bir şey tapmaq olmur.
Çat yaratmaq elə də çətin məsələ deyil. Əsas onu "qaldırmaq"dı. Onu qaldırmaq üçün gərək özünü o qədər aşağı salasan ki, "dəniz səviyyəsindən" də aşağı enəsən.

Bu uşaqlar əvvəlcə öz səviyyələrinə uyğun bir ad fikirləşib çat yaradır. Sonra da bir qrup "çat uşağlarını" başlarına yığıb şəhərin binalarını, divarlarını, oturacaqlarını rəngləməyə başlayırlar. Amma onların çoxunun rəsm çəkmək qabiliyyəti olmadığından "çəkdiklərini " də adam kimi çəkə bilmirlər...

Bu uşaqlar təkcə rəsm çəkmirlər, "el dərdin"i də çəkirlər. Hansını danışdırsan öz elinin qeyrətini çəkməkdən, vətənpərvərlikdən danışır. Özünü vətənpərvər adlandıran insanların vətəninin qızını tutmaq istəyi isə anlaşılmır ki, anlaşılmır... Tutulmağa meylli qızlar üçün isə, necə deyərlər, münbit şərait yaranır.

Bir xalq mahnısında deyilir ki, "küçələrə su səpmişəm, yar gələndə toz olmasın. Elə gəlsin elə getsin aramızda söz olmasın". Amma bu gün o küçələri pis günə qoyanlar nəinki küçələrin "toz" olmasından, hətta aralarında söz olmalarından belə qorxmurlar.

Bu uşaqlara bir söz də demək istəyirəm. O uşaqlara ki, kitab görəndə üzlərini turşudur: Sizin Bakı divarlarına yazdığınız, çəkdiyiniz, əkdiyiniz sizə heç nə verməyəcək. Amma sizdən çox şey alacaq.

Məlum məsələdir ki, çatın qarşısını almaq olmaz, heç çata girməyin də... Amma ən azından şəhər divarlarının "qara günə" qalmasına bir əlac etmək olar. Bəlkə o zaman on nəfər yeniyetmənin üçünün dərsi ilə məşğul olmağına nail olmaq olar. Bəlkə o zaman on beş-on altı yaşlı bir qız uşağının gələcəkdə pis yola düşməsinin də qarşısını almaq olar. Bəlkə o zaman beş nəfərin mənəviyyatla, elmlə, informasiya ilə bağlı saytlara da girməsinə şərait yaranar. Bəlkə o zaman...

AzNews.az
Bağla X