22:09
(077) 610-22-33

Gənclər Daxili İşlər Nazirliyini məhkəməyə verir

  • >
260 25 May 2013 11:31 | Cəmiyyət

Bu işdə gəncləri bir neçə vəkil müdafiə edəcək



30 aprel ADNA terrorunun anım yürüşü zamanı həbs edilib 10 sutka inzibati cəzaya məhkum edilmiş, cəzalarını çəkən zaman isə fotoları çəkilərək yayılmış AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı, N!DA Vətəndaş Hərəkatı İdarə Heyətinin üzvü Turqut Qəmbər və Azad Gənclik Təşkilatının üzvü İlkin Rüstəmzadə hüquq-mühafizə orqanlarını məhkəməyə verməyə hazırlaşır.

Bu barədə AzNews.az-a AXCP GK-nın rəhbəri Ə.Qurbanlı özü məlumat verib. O bildirib ki, hazırda bir neçə vəkillə bu barədə danışıqlar aparırlar və yaxın günlərdə bu işlə bağlı məhkəməyə müraciət edəcəklər.

AXCP rəsmisinin sözlərinə görə, onlar geniş tərkibli vəkillər heyəti ilə danışıqlar aparırlar: "Biz istəyirik ki, bu işə bir neçə vəkil və tanınmış hüquq müdafiəçilərini də cəlb edəcək. Hazırda bu istiqamətdə vəkil Əsabəli Mustafayevlə məsləhətləşmələr aparırıq".

Ə.Qurbanlı onu da qeyd edib ki, vəkillərlə məsləhətləşdikdən sonra Daxili İşlər Nazirliyi, Bakı Şəhər Baş Polis İdarəsi, BŞBPİ-nin inzibati həbsə məhkum edilmişlərin saxlanma məntəqəsinin rəhbərliyi və digər məsul şəxsləri məhkəməyə vermək barədə düşünürlər.

Qeyd edək ki, mayın 9-da yayılan gənclərin gizli çəkilmiş şəkillərində onlar saxlanma məntəqəsinin həyətində və qaldıqları kameralarda təmizlik işləri apararkən görüntüləniblər. Şəkilləri mətbuata Eynulla Fətullayevin baş redaktoru olduğu haqqin.az saytı yayıb.

Milli Məclisdə də müzakirə olunan bu məsələ bir sıra deputatların da kəskin etirazına səbəb olmuşdu. Hətta spiker Oqtay Əsədov bu fotoları çəkib yayanlara "ar olsun" demişdi.

Anar
AzNews.az

Bağla X