23:50
(077) 610-22-33

Milli Qurtuluş Günüdür

  • >
341 14 İyun 2013 22:24 | Cəmiyyət

Bu gün Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur.


15 iyun tarixi Heydər Əliyevin Azərbaycan parlamentinə sədr seçildiyi gündür.

1991-ci ildə müstəqilliyini elan edən və ermənilərin elan olunmamış hərbi təcavüzünə məruz qalan Azərbaycanın daxilində vətəndaş müharibəsinə zəmin yaranması, ayrı-ayrı bölgələrdə isə separatçılıq və parçalanma meyllərinin baş qaldırması, Azərbaycanın bir dövlət kimi varlığına birdəfəlik son qoyulması planı tam gücü ilə işə salmışdı. İki illik müstəqillik tarixinə baxmayaraq, ölkədə xaos yaratmaq istəyən qüvvələr daha da fəallaşmışdı. 1993-cü il iyunun 4-də Gəncədə polkovnik Surət Hüseynovun nəzarəti altında olan hərbi hissənin hakimiyyətə itaətsizliyi isə ölkəni tamamilə xaosa sürükləyirdi. Situasiyanı nəzarətə almaq üçün hakimiyyətin atdığı addımlar vəziyyəti düzəltmədi.

Əksinə, Gəncəyə yola düşən dövlət nümayəndələri girov götürüldü. Qiyamçı hərbi hissənin rəhbərliyi əvvəlcə Baş nazir və Milli Məclis sədrinin, sonra isə prezidentin istefasını tələb etdi. Vəziyyət nəzarətdən çıxır, ətraf rayonların icra başçıları zorla dəyişdirilir, Surət Hüseynovun qiyamı məhdud Gəncə civarlarından çıxaraq, Bakıya doğru geniş miqyas alırdı. Ölənlər və yaralananlar var idi. Belə bir vaxtda ölkə rəhbərliyi Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi Bakıya dəvət etmək qərarına gəldi.

Bakıya qayıdandan sonra Surət Hüseynovla danışıqlar aparmaq məqsədilə Gəncəyə yola düşən Heydər Əliyev Milli Məclisin iclasında Gəncə hadisələri ilə bağlı arayış verdi. Beləliklə, iyunun 15-də Milli Məclisdə Heydər Əliyev istefa vermiş İsa Qəmbərin yerinə parlamentin sədri seçildi.

Daha sonra bu tarix Azərbaycanda Milli Qurtuluş Günü kimi qeyd olunmağa başlayıb. Bu barədə qərar 1997-ci ildə parlamentdə qəbul olunub.

Milli Qurtuluş Günü ilə əlaqədar bu gün paytaxt Bakıda Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə bayram konsertinin və atəşfəşanlığın keçirilməsi planlaşdırılır.

AzNews.az
Bağla X