04:47
(077) 610-22-33

Vətəndaşların 41 milyon manatı “Royal Bank”da batdı

  • >
1 207 2 Avqust 2012 08:15 | Cəmiyyət

Zərərçəkənlər hara müraciət edəcəklərini bilmir


Lisenziyası ləğv edilmiş "Royal Bank" ASC-nin əmanətlərini bu gündən etibarən Azərbaycan Əmanətlərin Sığortalanması Fondu agent bankları vasitəsi əmanətçilərinə qaytarmağa başlamalıydı. Bu barədə məlumatı Fondun icraçı direktoru Azad Cavadov iyulun 31-də keçirdiyi mətbuat konfransında bildirmişdi. Ancaq hələki bu proseslərə başlanmayıb. Bu isə əmanətçilərdə narahatçılıq yaradıb. Əmanətçilərdən AzNews.az-a bildiriblər ki, onların şikayətlərinə baxılmır, müxtəlif bəhanələrlə başqa strukturlara yönləndirilir.

Əmanətçilərin şikayətləri isə təkcə dopozitlərinin vaxtında geri qaytarılmaması ilə bağlı deyil. Bankın əmanətçisi Rauf Hüseynlinin sözlərinə görə, banka qoyduğu məbləğin faizi düzgün hesablanmayıb:"Banka depozit olaraq müəyyən məbləğ qoymuşdum. Həmin məbləğin geri qaytarılacağı bildirilir, ancaq pulun faizi iyul ayının iyul ayının 16-na kimi hesablanır. Bəs bu günə kimi olan faizi kim ödəyəcək? Hökumətin qərarı var ki, bu bank ayın 16-da müflis olub, onlar da faizi bu müddətə kimi hesablayırlar. Əgər eləydisə, bizim pulumuzu həmin vaxt geri qaytarardılar. Biz də işimizi bilərdik, digər banklara qoyub faizimizi götürərdik. Həmçinin, indi ayın 1-i olmasına baxmayaraq, pulumuz ödənilmir.

Bizə ərizə yazdırıblar ki, guya bugünkü tarixdə pul qaytarılır. Ancaq deyirlər ki, gedin biz lazım olanda sizə xəbər edərik. Bank müflis olubsa, bizim günahımız nədir? Həm bəlkə, mənə yalan deyirlər, heç 16-na kimi olan faiz də verilməyəcək? Mən o pula göz dikmişdim və məni heç bir səbəb maraqlandırmır. Mənim pulumu qaytarsınlar". Bundan başqa, R. Hüseynli və digər şikayətçilər bildirirlər ki, onlara bank əməkdaşlarının söylədiklərinə əsasən, hara şikayət etsələr də, faydası olmayacaq.

Bank işçilərindən aldığımız məlumata görə, onlar da istəyər ki, müştərilərinin əmanətlərini özləri təmin edib qaytaralar. Ancaq Mərkəzi Bank buna imkan vermir: "Əmanətçilərə bildirir ki, yalnız Əmanətlərin Sığortalanması Fonduna düşən, illik gəliri 12 faiz olan 30000 dəyəində olan məbləğlər geri veriləcək. Bu məbləğin artırılması məsələsinə isə baxılmır. Digər əmanətlərin ödənilməsi üçünsə məhkəməyə müraciət etməklə ləğetmə komissiyasının yaradılacağı təqdirdə və onun fəaliyyəti nəticəsində müəyyənləşdirəcəyi bildirilib".

Məlumata əsasən, agent banklar qismində "Muğan Bank", "AGBank" və "Bank Respublika" seçilib. Əmanətlərin verilməsi ərazi prinsipi üzrə bölüşdürülərək aparılacaq. Əmanətçi əmanəti qoyduğu "Royal Bank"ın müvafiq filialına müraciət edərək, agent bankın adını və onun hansı filiala müraciət etməsi barədə məlumat alacaq. Sonra əmanətçi agent bankın filialına ərizə ilə müraciət edərək kompensasiyasını alacaq. Bildirilir ki, ümumilikdə kompensasiya ödəniləcək əmanətlərin həcmi 17,3 milyon manatdır. Bankın əmanətlər üzrə məcmu öhdəlikləri 58 milyon manata bərabər olsa da, qorunan həcm yalnız 17 milyon manatdır (29 faiz). Göründüyü kimi, əmanətlərin 71 faizi qaytarılmır.

Qanunvericiliyə görə, fondun qoruduğu əmanətlər üzrə illik gəlirlik 12 faizdən çox olmamalıdır, kompensasiyanın maksimal məbləği isə 30 min manatdır. Əmanətləri qorunan əmanətçilərin sayının 6 min 422 nəfər olmasını nəzərə alsaq, orta hesabla 2700 manat depozit yatıranların əmanəti qaytarılır.

Əmanətlərin 30 min manata qədər olan hissəsi sığortalanır. Bundan yuxarı məbləğə görə isə heç kim məsuliyyət daşımır. Əslində əmanətçilərin probleminin həll olunmasında Mərkəzi Bank məsuliyyət daşımalıdır. "Royal Bank"a lisenziyanı Mərkəzi Bank verib, lisenziyanı ləğv edəndə də banka müştəriləri ilə üzülüşmək üçün möhlət verməliydi. Çünki "Royal Bank" müflis elan edilməyib, əmanətləri qaytarmaq üçün resursu olub. Əmanətlərin Sığortalanması Fondu əmanətlərin 1/3-ni qaytarmaqla kifayətlənib.


Sevinc Fədai

AzNews.az

Bağla X