14:27
(077) 610-22-33

20 rayonun prokuroru məsuliyyətə cəlb edilib

  • >
535 3 Avqust 2012 16:38 | Cəmiyyət


Bu gün Baş Prokurorluqda prokurorluq orqanları tərəfindən 2012-ci ilin birinci yarım ilində "Prokurorluq haqqında" Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə görülmüş işlərin vəziyyəti və bu məsələnin bölgə müşavirələrində müzakirələrinin nəticələrinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib. Baş Prokurorluğun mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, əməliyyat müşavirəsində baş prokuror Zakir Qaralov məruzə ilə çıxış edib.

Baş prokuror hesabat dövründə mütəşəkkil cinayətkarlığın təhlükəli təzahürü kimi korrupsiyaya qarşı kəsərli və yüksələn xətlə mütəmadi mübarizənin təşkili məsələsinin Azərbaycan Respublikası Prokurorluğunun qarşısında duran mühüm vəzifələrdən biri olduğunu xüsusi vurğulayıb. Dövlət başçısı cənab İlham Əliyevin siyasi iradəsinə müvafiq olaraq, ölkə səviyyəsində həyata keçirilən tədbirlər nəticəsində fəaliyyəti daha da müasirləşdirilən, ixtisaslaşmış cinayət təqibi orqanı kimi səlahiyyətləri, ştat tərkibi artırılmaqla strukturu təkmilləşdirilən, işçilərinin sosial müdafiəsi əhəmiyyətli dərəcədə gücləndirilən baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin fəaliyyəti daha səmərəli və çevik olub, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində idarə tərəfindən konkret zəruri tədbirlər həyata keçirilib. Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən 2012-ci ilin birinci yarım ilində rüşvətlə bağlı, vəzifədən sui-istifadə etmə, vəzifə səlahiyyətlərini aşma və bu xarakterli digər faktlar üzrə 160 şəxs barəsində 82 cinayət işinin istintaqı tamamlanaraq aidiyyəti üzrə baxılması üçün müvafiq məhkəmələrə göndərilib, hazırda idarənin icraatında 102 cinayət işi üzrə ibtidai araşdırmalar davam etdirilir. "161 - Qaynar xətt" əlaqə mərkəzinə daxil olan vətəndaş müraciətləri üzrə operativ tədbirlər görülməklə vəzifəli şəxslərin korrupsioner fəaliyyətləri ilə bağlı 20 cinayət işi başlanıb.

Qeyd olunub ki, prokurorluq orqanlarında müsabiqə yolu ilə işə qəbul edilənlər prokurorluq işçilərinin 51%-ni təşkil edir və onlar çox səmərəli fəaliyyət göstərirlər. Bu istiqamətdə işlər davam etdirilməklə, bu il iyunun 5-də vakant olan 100 ştat vahidi üzrə yeni müsabiqə elan olunub.

Xüsusi olaraq qeyd edilib ki, hesabat dövründə xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi, fəaliyyətlərində qanunsuzluq hallarına və prokurorluq işçisinə yaraşmayan hərəkətlərə yol verən işçilərə münasibətdə prinsipiallığın yüksəldilməsi təmin olunub. Belə ki, 2012-ci ilin birinci yarım ilində müxtəlif xətalar törətdiklərinə görə 45 prokurorluq əməkdaşı cəzalandırılmaqla, onlardan 9 nəfəri prokuror və müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiklərinə və "Azərbaycan Respublikası Prokurorluğu işçilərinin Etik davranış Kodeksi"nin tələblərini kobud şəkildə pozduqlarına görə prokurorluq orqanlarından xaric edilib, 3 nəfəri tutduğu vəzifədən azad olunub, 37 əməkdaş şiddətli töhmət, töhmət və irad növündə intizam məsuliyyətinə cəlb edilib. Eyni zamanda, tabeçilikdə olan əməkdaşlara münasibətdə tələbkarlıqları zəruri səviyyədə olmayan, fəaliyyətlərində cəza tətbiqi üçün əsas olan qanunsuzluqlara yol verən 20 rayon prokuroru intizam məsuliyyətinə cəlb edilib. Tələb edilib ki, bütün struktur qurumlarda, tabe rayon və şəhər prokurorluqlarında, ilk növbədə xidməti, icra və əmək intizamının möhkəmləndirilməsi, tapşırılan işə görə əməkdaşların məsuliyyət hissinin və neqativ təzahürlərə münasibətdə prinsipiallığın artırılması üçün ən qəti tədbirlər görülsün.


Aznews.az

Bağla X