19:35
(077) 610-22-33

Leyla Əliyeva: “İnsan sevəndə hər şey mümkündür“

  • >
772 5 Noyabr 2013 08:46 | Cəmiyyət

"Baku" jurnalının baş redaktoru Leyla Əliyeva bu nəşrin yeni nömrəsindəki ənənəvi redaktor məqaləsində yazır:

"Hər bir şəhərin öz yaddaşı var. Bu yaddaş həmin şəhərin küçələrində, köhnə və təzə binalarında, onu sevən insanların düşüncəsində və qəlbində yaşayır".

Müəllif daha sonra yazır: "Şəhər hər şeyi öz yaddaşında saxlayır: ilk məhəbbətimizin tarixçəsi, ilk görüşlərin həyəcanı, dəniz qoxusu verən Bakı bulvarında uşaqlarımızın ayaq səsləri, İçərişəhəri yaratmış ecazkar sənətkarların duyğuları... hamısını sadalamaq mümkündürmü?!

Bu yaddaş dəniz kimidir, oraya şəxsi xatirələrin çayları və bulaqları axıb tökülür. Bu yaddaş artıq dünyasını dəyişmiş bakılıları da, hazırda şəhərimizdə yaşayanları da, hələ bu şəhərdə doğulacaq bəxtəvərləri də birləşdirir.

Bu yaddaş bir kitaba bənzəyir, onun səhifələrini Bakı sakinlərinin hər biri yazır. Yəqin ki, Bakı haqqında hər şeyi söyləmək cəhdi sonsuzluğu əhatə etmək arzusu kimidir. Lakin bəzi detalları açıqlamaq necə də maraqlıdır!

Bakının yaddaşında belə bir xatirə var ki, bu şəhər əsl Şərq gözəli kimi həmişə diqqət, məhəbbət və pərəstiş obyekti olmuşdur, indi də belədir. Bir vaxtlar "Təbəssüm üçün bir milyon" adı almış və hakimiyyət sahiblərinin qəzəbinə səbəb olmuş küçə bəlkə də ən parlaq şəkildə sübut edir ki, hətta sovet dövründə də bu şəhər öz gözəlliyi barədə düşünürdü.

Bu küçəni yaratmış Əliş Ləmbəranski şəxsən mənim nəzərimdə Bakının əfsanəvi meri, müəmmalı bir insan kimi həmişə əsrarəngiz olacaqdır. İri neftayırma zavodunun direktorunda bu qədər incə zövq, memarlıq duyumu və tükənməz enerji haradan idi?! Bu enerji ilk baxışda həll edilə bilməyəcək məsələlərin həllində ona kömək edirdi. Belə suallara yalnız bir cavab tapa bilirəm: insan sevəndə hər şey mümkündür, o cümlədən namümkün olmayan da. Axı məhəbbət elə şeyləri anlamağa, duymağa kömək edir ki, bunları yüz il də oxuyub öyrənmək mümkün deyildir. Əliş Cəmil oğlunun Bakıya vurğun olması isə hamıya məlumdur. Bu insan o qədər güclü hisslərə malik idi ki, həmin hisslər hətta hər hansı emosiyalarını göstərməyə adət etməyən məmurlara da sirayət edirdi...

Bütün dünyada tanınmış art-ekspert və kolleksiyaçı, bu yaxınlarda "Memories of Baku" ("Bakı haqqında xatirələr") adlı çox maraqlı bir kitabı çapdan çıxmış Nikolas İlyin bir dəfə Bakıda olmuş, sonra dəfələrlə oraya qayıtmışdır. Onun başına gələn əhvalat əslində Bakının qonağı olan hər bir insanın başına gəlməlidir: o, aşiq olmuşdu. Onun kitabı da mənim fikrimcə, çox gözəl bir sevgi etirafıdır".

"Baku" jurnalının növbəti nömrəsində son aylarda Azərbaycan paytaxtında baş vermiş ən yaxşı mədəni hadisələr barədə oxuculara məlumat verilir. "Hadisələr" rubrikasında Xalq Rəssamı Tahir Salahovun Heydər Əliyev Mərkəzində açılmış fərdi sərgisi və "Yarat!" Müasir İncəsənət Məkanının "Zavod" layihəsi, habelə isveçrəli gənc rəssam Olimpiya Skarrinin sərgisi, Reza Deqatinin BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında açılmış "Azərbaycan - tolerantlıq mərkəzidir" adlı fotosərgisi barədə məlumat verilir. Jurnal idman həvəskarlarını da yaddan çıxarmamışdır.

Azərbaycan və Rusiya yığmaları arasında futbol matçı və Bakıda keçirilmiş birinci "Arena Polo" turniri Bakının idman həyatında əlamətdar hadisələr kimi təqdim edilmişdir.

"Kəsişmələr" rubrikasında Britaniyanın "1927" teatrının "Heyvanlar və uşaqlar küçələri tutur" tamaşasının premyerası haqqında məqalənin müəllifi bu səhnə əsərinin ərsəyə gəlməsində mühüm rol oynamış hadisələr, qəhrəmanlar barədə söhbət açır.

Bu ilin may ayında Rusiyanın Malı Teatrının truppası Bakıda qastrolda olmuş, kollektivin orada göstərdiyi tamaşalar anşlaqla keçmişdir. Rusiya Malı Teatrının bədii rəhbəri, SSRİ Xalq Artisti Yuri Solominlə müsahibə "Mövsümün başlanğıcı" adı ilə dərc edilmişdir.

İncə zövqlü sənət sərrafı, ekspert və kolleksiyaçı, GCAM-ın aktivlərini idarə edən beynəlxalq şirkətin vitse-prezidenti Nikolas İlyin "Baku" jurnalına müsahibəsində demişdir: "Elə əfsanəvi şəhərlər var ki, onların barəsində hamı eşitmişdir. "Xəzər incisi" və ya "Odlar diyarı" ifadələri artıq sabitləşmişdir. Lakin Qərbdə çoxları bilmir ki, bu şəhəri məşhurlaşdıran, onu gözəlləşdirən nədir".

Əfsanəvi bakılı Əliş Ləmbəranskiyə həsr edilmiş məqalə "SSRİ-də birinci mer" adlanır. "Bakılılar" rubrikasında dərc edilmiş bu məqalədə deyilir: "Bakı onun həyatının mənası idi və o, insanların xatirəsində qurucu və yaradıcı kimi qalmışdır".

Rusiyanın Əməkdar İncəsənət Xadimi, Azərbaycanın Xalq Artisti Yuli Qusman özünün "Geriyə, gələcəyə" sərlövhəli məqaləsində Bakı və bakılılar haqqında məhəbbət və hərarətlə söhbət açır: "Mənim üçün bakılılıq soykökü hissidir, bu hisslərin təsiri altında şəhərim mənə güc verir, qanad verir, qəlbimdə nurlu, sevincli duyğular oyanır. Müxtəlif səbəblər üzündən planetin müxtəlif guşələrinə səpələnmiş biz bakılılar keçmişlə yaşamırıq. Biz Azərbaycanda baş verənlərin hamısını bilirik, üstəlik, vətənimizin nəbzini öz qəlbimizin döyüntüsü kimi hiss edirik".

"Baku" jurnalının yeni nömrəsində oxucuları məşhur bəstəkarların ev-muzeylərindən bəhs edən "7 not və bütün həyat" layihəsi, Azərbaycanda ilk "Şahdağ" dağ-xizək kurortu haqqında məqalə, habelə "Dünyəvi xronika" rubrikasında Aida Mahmudovanın "Kiçik Qala" sərgi salonunda açılmış fərdi sərgisi barədə fotoreportaj da gözləyir.(AzərTac)
Bağla X