07:46
(077) 610-22-33

Küçük (balaca) adamların böyük iddiaları

  • >
996 25 Noyabr 2013 13:30 | Cəmiyyət

Haydi hər kəs yoluna


Azərbaycan Respublikası Prezidentinin növbəti dəfə "Jurnalistlərin dostu" elan edilməsini olduqca təbii qarşıladıq.

Bununla bağlı bizə göndərilmiş sorğu anketində öz fikirlərimizi ifadə edəndə bütün ədalətli və vicdanlı mətbuat nümayəndələrinin bizimlə ortaq mövqedən çıxış edəcəklərini bilirdik.

Çünki bəzi həmkarlarımızdan fərqli olaraq, biz Azərbaycan mətbuatına və jurnalistlərin böyük əksəriyyətinə hər zaman etimad göstərmişik, inanmışıq, sayğı duymuşuq!

Çünki ictimai əhəmiyyət kəsb edən istənilən olaya yaxşı tərəfindən yanaşır, kimsəni kiçiltməyə, aşağılamağa və başqalarını aşağılamaqla, kiçiltməklə böyük görünməyə çalışmırıq...

Biz zətən Böyük Amalların daşıyıcısıyıq! Öz ideallarımıza sədaqətimizi sözdə deyil, əməldə, ən kritik məqamlarda sərgilədiyimiz birmənalı və səmimi mövqeyimizlə sərgiləmişik!
Bu baxımdan vızıltılar vız gəlir bizə...

Bizim üçün önəmli olan Azərbaycan Respublikası Prezidentinə "Jurnalistlərin dostu" mükafatının təqdim olunması mərasimində kimlərin iştirak etməsi deyil... Önəmli olan bu mükafatın şəxsən dövlət başçısı tərəfindən qəbul edilməsi və Prezidentin verdiyi mühüm mesajlardır!

Bu tədbirdə iştirak etməyi arzu edərdik, şübhəsiz! Hansı jurnalist öz Dostu ilə görüşmək istəməz ki?! Amma bu görüş-mərasimə dəvət olunmamağımızı da faciə kimi dəyərləndirmirik. Adamı bir tədbirə çağırarlar, digərinə çağırmazlar... Bundan əndişələnməyə dəyməz ki...

Daha öncə də qeyd etdiyim kimi, mənim, yaxud bu görüşdə iştirak etmək arzusunda olan və bunu haqq edən bu və ya digər həmkarımın - BİZim bu tədbirə çağırılmamağımız baş verən hadisənin ictimai əhəmiyyəti baxımından bir o qədər də önəmli deyil!

Önəmli olan Azərbaycan prezidentinin dilə gətirdiyi ictimai-siyasi münasibətlər sisteminin inkişafı, fikir müxtəlifliyi, söz azadlığı ilə bağlı fikirlərdir! Ortaya qoyulmuş Yol Xəritəsidir!

...Biz bu görüşə dəvət olunanların siyahısında hansı səbəblərdən yer almadığımızın fərqindəyik! Amma hər zaman olduğu kimi, yenə də bəzi küçük (balaca) adamların qrup maraqlarından doğan intriqalarında iştirak etmək niyyətimiz yoxdur!

Məsələnin cənab Prezidentin diqqətində olduğuna və araşdırılacağına... zərrə qədər də şübhə etmirik!

Bu görüşdə iştirak edib və iştirakdan doğan aşırı eyforiyanın təsir altında tədbirə dəvət olunmayan həmkarlarını aşağılamağa, hissləriylə oynamağa, qıcıq yaratmağa çalışan bəzi həmkarlarımızı, eləcə də ictimai statuslu-mandatlı buqələmunların sosial şəbəkələrdə sərgilədikləri davranışları onların əxlaqının bariz nümunəsi kimi dəyərləndiririk. Əxlaq nə geyimdi, nə də ki, döşək... istədiyin zaman dəyişə biləsən... Əxlaqla doğulurlar və böyüyürlər! Əxlaqlı olanlar əxlaqlı böyüyürlər. Olmayanlar isə...
Sabun köpüyü də şişə bilir - bu onun necə üfürülməyindən asılıdır! Amma bir toxunuşa bənddir... Bunu kimsə unutmasın!

P.S. Biz kim olmaq istəyirdiksə olmuşuq! Yerimizi sözümüzlə, imzamızla, ardıcıl və birmənalı mövqeyimizlə, mədəniyyətimizə, etibarlılığımızla özümüz müəyyənləşdirmişik! Bizim siz olmaq istəyimiz, sizin isə BİZ olmaq şansınız yoxdur! Haydı, hər kəs öz yoluna...

(Yazı bymedia.az saytından götürülüb)
Bağla X