02:21
(077) 610-22-33

Oqtay Əsədov Sankt-Peterburqa gedir

  • >
400 27 Noyabr 2013 14:01 | Cəmiyyət

Milli Məclis sədrinin rəhbərliyi ilə parlament nümayəndə heyəti MDB Parlamentlərarası Assambleyasının Şura və 39-cu plenar iclaslarında iştirak edəcək. Bu barədə jurnalistlərə açıqlamasında Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu bildirib.

Onun sözlərinə görə, Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti MDB Parlamentlərarası Assambleyasının Şura və 39-cu plenar iclaslarında iştirak etmək üçün noyabrın 28-29-da Sankt-Peterburqda səfərdə olacaq.

Nümayəndə heyətinin tərkibinə deputatlardan Mirkazım Kazımov, Hacı Salayev, Sevinc Fətəliyeva, Sədaqət Vəliyeva, Aslan Cəfərov, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir.

Parlamentlərarası Assambleyanın Şura iclasında MDB iştirakçısı olan ölkələrdə seçkilərin müşahidəsinin təşkili, Assambleyanın nəzdində sağlamlığın qorunması üzrə Ekspert Şurasının fəaliyyəti, sərhəd xətləri olmayan Avropanın qurulmasında parlamentlərin rolu və bir sıra təşkilati məsələlər müzakirə ediləcək.

Plenar iclasda isə "Arxeoloji irsin qorunması haqqında", "Elektron sənəd haqqında", "Antikorrupsiya monitorinqi haqqında", "Kommersiya sirri haqqında", "Ekoloji audit haqqında", "Təhsil Məcəlləsi və Vergi Məcəlləsi haqqında", "Elmi parklar haqqında" və digər model qanun layihələri müzakirə olunacaq, bu layihələrə dair şərh və tövsiyələr dinləniləcək.

Milli Məclisin sədri "Müasir dünyada nüvə təhlükəsizliyi: Nüvə silahlarının tərksilah olunması prosesində və onun yayılmasının qarşısının alınmasında parlamentarilərin rolu" mövzusuna həsr olunmuş beynəlxalq konfransda çıxış edəcək.

Səfər çərçivəsində O.Əsədovun tədbirdə iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri də nəzərdə tutulub.
Görüşlərdə ikitərəfli əlaqələrin inkişafı, parlamentlər səviyyəsində əməkdaşlığın genişləndirilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

AzNews.az
Bağla X