09:51
(077) 610-22-33

Baş redaktordan AMİP-in ittihamlarına sərt CAVAB

  • >
469 29 Noyabr 2013 16:55 | Cəmiyyət

Avropa.info-nun baş redaktoru Ruslan Bəşirli portalın dünənki sayında "Akif Muradverdiyevin həbsində Etibar Məmmədov izi" başlıqlı yazı ilə bağlı ona ünvanlanan ittihamları cavablandırıb.

R.Bəşirli deyib ki, bu yazıdan sonra sayta açıqlama verən AMİP Siyasi Şurasının üzvü Əli Orucov yazılan məlumatları təkzib edib. Yəni E.Məmmədovun sözçüsünə fikirlərini demək üçün şərait yaradılıb. Bu gün isə Əli Orucov bəzi saytlara Avropa.info və onun haqqında təhqiramiz fikirlərlə dolu açıqlama verib.

AMİP rəsmilərinin mövqeyindən təəssüfləndiyini bildirən R.Bəşirli deyib ki, həmin yazıda Rusiyanın Azərbaycana qarşı seçki öncəsi planlarının açılmasında və bu planda iştirak edən şəxslərin üzə çıxmasında Etibar Məmmədovun rolu olduğu haqqında yazılıb. Həmin yazıdan az sonra isə onların mövqeyi də dərc edilib:

"Mən Əli Orucov və onun lideri Etibar Məmmədovun təhqiramiz ifadələrini də cavablandırmaq istərdim. Adam gərək özündə olmayan şeyə görə, başqasını ittiham etməsin. 20 ildən çoxdur ki, hamı Etibar Məmmədovun Milli Azadlıq Hərəkatına xəyanət etməsindən danışır. Hamı onun "Lefortifo" həbsxanasından çıxdıqdan sonra Xalq Hərəkatında parçalayıcı addımlarından söz açır. Onun sözçüsü Əli Orucov deyir ki, Etibar Məmmədovdan qorxduqları üçün belə yazırlar. Etibar Məmmədov siyasi karyerası tükənmiş, siyasətdə yox olan bir şəxsdir. Kimin nəyinə lazımdır Etibar Məmmədov? Sadəcə, məlumat daxil olub, vermişik. O ki, qaldı həm Etibar Məmmədovun mənə satqın deməsinə, hesab edirəm ki, ağlı başında olan adam mənim haqqımda vaxtilə irəli sürülən ittihamlara inanmaz. Əli Orucovu isə yaxşı tanıyıram. Mənim ermənidən qəpik-qurş almağım haqqında dediklərinin yalan olduğunu bütün cəmiyyət bilir. Amma onun jurnalist olduğu dövrdə "JEK" müdirlərinin ardınca düşüb qəpik-quruş almasını bütün mətbuat bilir".

Xatırladaq ki, Əli Orucov mediaya açıqlamasında R.Bəşirlini sərt tənqid edib: "Çox təəssüflər ki, AMİP və onun lideri Etibar Məmmədov barədə haqqı olmayanlar danışır. Hansılar ki, onların bir çoxları qaranlıq keçmişləri, şübhəli əməlləri və min cür hoqqabazlıqları ilə tanınırlar. Onların içərisində, hətta, ermənilərdən aldığı qəpik-qruşa hər şeyini satmağa hazır olan satqınlar da var".

Etibar Məmmədov isə iddiaların əsassız olduğunu deyərək bu xəbərləri yayan şəxslərin satqın olduğunu bildirib: "Bu iddialar tamamilə əsassızdır. Onu yazan satqının biridir. Başqa heç nə deyə bilmərəm, bu xəbərləri yazanlar özləri satqın insanlardılar".

AzNews.az
Bağla X