13:36
(077) 610-22-33

Qadınlar asudə vaxtlarını keçirməyə yer tapmır

  • >
1 116 10 Avqust 2012 15:48 | Cəmiyyət

Rayonlarda qadınların istirahəti üçün niyə heç bir şərait yaradılmır?


Müasir dövrdə düşüncə və dünyagörüşü, hadisələrə, müəyyən məsələlərə yanaşma tərzimiz kifayət qədər dəyişib, inkişaf edib. Lakin hələ də bəzi steorotiplər var ki, onlar bu inkişafa sözün əsl mənasında yamaq kimi görünür. Bunlardan biri də regionlarda qadınlarımızın istirahət və əyləncə məkanlarının olmamasıdır. Axı bölgəlrədə qadınların heç bir istirahət, əyləncə, hər hansı məşğuliyyət haqqı yoxdurmu? Niyə onlara hələ də bəzi yerlərdə ancaq yemək bişirmək, uşağa baxmaq, ev təmizləmək üçün "robot" kimi baxılır. Əks təqdirdə, yəni öz haqqını tələb etdiyi, steorotiplərə qarşı çıxdığı halda dönüb olur "axmaq qadın". Artıq həmin qadın, ilk növbədə, evdə, daha sonra cəmiyyətdə bu fikirlərinə, azadlıq düşüncəsinə görə qınanılır, pis baxılır. Bu yazıda qadınların, eyni zamanda, cəmiyyətin problemi olan bu məsələni müzakirə edəcəyik.


"Rayonlarda qadın istirahət mərkəzləri olsa belə, ora gedilməyəcək"


"Azadqadın.az" saytının rəhbəri Aynur Qurbanqızı deyir ki, rayonlarda qadınlar üçün xüsusi istirahət yerlərinə təlabat yoxdur: "Belə istirahət mərkəzləri əsasən imkanlı iş adamları tərəfindən və bunu da ancaq tələbata görə edirlər. Rayonlarda isə belə bir tələbat yoxdur. Belə ki, heç rayonlarda qadınlar üçün istirahət, əyləncə mərkəzi olsa belə, ora gedən olmayacaq. Adicə internet klublara qadınların getməsinə yaxşı baxılmır. Mən Yevlağa gedəndə hər hansı işimlə bağlı internet klublara getməyim problem olur. Atam, qardaşım narazılıq edir. Gərək kimləsə gedəsən ora da. Yəni iş üçün bunu edə bilmiriksə, əyləncə mərkəzlərinə necə icazə veriləcək? Regionlarda qadınların nəinki istirahət etməsinə, heç işləməyinə də yaxşı baxılmır. Baxın, rayonlarda gözəl parklar salınıb, ancaq orda tək-tək qızları görmək olar. Onlar da həmin o parkların yaxınlığında yaşayanlar ola bilər. Qız uşaqları qapıdan bayıra çıxanda belə, kənardan fikirləşirlər və ya evdə deyirlər ki, özünü kimə göstərirsən? Məsələn, bizim evdə də uşaqları götürüb parka getməyə icazə yoxdur". Həmsöhbətimizin sözlərinə görə, bu da onu göstərir ki, regionlarda maarifləndirmə işləri aparılmalıdır. Hər kəs qəbul etməlidir ki, qadınlar təkcə ev işləri görmək üçün deyil.


"Qadına olan münasibət insan haqqlarına uyğun gəlmir"


"Təmiz Dünya" İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova da hesab edir ki, reginonlarda qadınların istirahət və əyləncəsi məsələsi bugünkü tələblərə, xüsusilə də insan haqqlarına uyğun deyil: "Bunun bir səbəbi də ailə münasibətlərində hər hansı müəyyən davranış modellərinin buna imkan verməməsidir. Yəni qadının sərbəst şəkildə bir yerə istirahətə getməsi, evdən çıxması, vaxtını hansısa rəfiqələri və ya yaxın adamları ilə keçirməsi üçün ailənin digər üzvlərinin razılığı alınmalıdır. Həmçinin, qız uşaqlarının əyləncələrini müəyyən davranış üsulları üzərində qurmadıqlarından artıq rayon yerlərində qadınların dincəlmək və gəzintisi çox çətin başa gəlir".

M. Zeynalova qeyd edir ki, əslində, bunun üçün mədəni mühitin olması çox vacibdir: "Məsələn, biz münasibətlərə əsasən əvvəlki Qəbələylə indiki Qəbələni müqayisə etsək, görürük ki, burda artıq qadınların dincəlməsi üçün mədəni imkanlar, mühit formalaşıb. Həmin qadınların mövcud steorotiplərdən azad olması müəyyən təsirə malikdir. Lakin müəyyən ailə modellərinin formalaşmaması səbəbiylə qadının istirahəti birmənalı şəkildə qarşılanmır".


"Qadınların hüquqları əllərindən alınır"


Müsahimiz ikinci səbəb olaraq bunu da əlavə etdi: "Bu gün kəndlərdə elementar tibb məntəqələri, gözəllik salonları, hər hansı bir klub yoxdur ki, qadınlar ora toplaşa bilsin. İlk növbədə, imkanlar olmalıdır. Bu imkanlar olarsa, yavaş-yavaş o steorotiplər də dağıdıla bilər. Mədəni mühit nə qədər dəyişilsə, qadının sağlamlığına fikir vermək, dincəlmək, gəzinti hüququ və yaxud hər hansı bir məşğuliyyət imkanının olmasına şərait yaranar. Ancaq təəssüf ki, imkanlar da yoxdur, steorotiplər də buna mane olur. Rayon və ya kənd yerlərində hər hansı bir park mövcud olarsa, qadının orda gedib dincəlməsinə də yol açıla bilər. Ancaq yenə də qız uşaqlarına olan münasibət qadınların istirahət hüquqlarını əllərindən alır. Hər hansı qadın öz istirahətini təmin edəcəksə, mütləq onun haqqında müəyyən fikirlər formalaşacaq. Ailələr də guya, bu fikirdən qorunmaq üçün tam olaraq bu istirahətə imkan vermirlər".


"Bu, bir faciədir"


Dilarə Əliyeva adına Qadın Hüquqları Müdafiə Cəmiyyətinin əməkdaşı, hüquq müdafiəçisi Sədaqət Paşayeva isə problemin kökündə kənd və şəhər mühitinin bir-birilə kəskin fərqlənməsində görür: "Bu, bir faciədir ki, rayonlardakı qadınlar asudə vaxtlarını keçirməyə yer tapmırlar. Uzun müddət Sovet rejimində olduğu kimi, şəhər və kənd mühiti sosial struktur olaraq o qədər bir-birindən təcrid olunub ki, bu gün də belə problem davam edir. Bu da süni şəkildə insanlar arasında birlik olmasın deyə yaradılmışdı və artıq şəhərli və kəndli psixologiyası ayrılmışdı. Rayon və kənd yerlərində bu baxımdan strukturlar çox zəif olur".


"Qadınlar iqtisadi baxımdan asılıdırlar"


Hüquq müdafiəçisi düşünür ki, bu, çox vacib bir məsələdir və dövlət siyasətinin tərkib hissəsi olmalıdır. Çünki qadınların həyat tərzinin dəyişilməsi, onların müəyən məsələləri müzakirə etmələri, sosiallaşmaları lazımi məqamdır: "Qadınlar o qədər sosial mühitdən təcrid olunublar ki, işə getməyə də evdən çıxmaq, məşğuliyyət kimi baxırlar. Bu çox zərərli bir tendensiyadır. Həmçinin, qadınlar hələ işləmək üçün belə evdə mübarizə aparmalı olurlar. Burda həm dövlətin köklü dəyişikliklər etməsi vacibdir, həm də iqtisadi baxımdan dəyişikliklərə ehtiyac var. Belə ki, qadın iqtisadi baxımdan asılı vəziyyətdə olursa, ayaqda durmağa öz gücü olmursa, bu da artıq onun öz maraqlarını həyata keçirməsinə mane olur".


Tərtərdə nümunəvi addım


Bura qədər rayonlarda qadın istirahət-əyləncə mərkəzlərinin olmamsından şikayətləndik. Ancaq sevindirici bir hal var ki, artıq bu addım Tərtər rayonunda atılıb. Belə ki, rayonda qadınların istirahət etməsi gözəl bir guşədə əlverişli şərait yaradılıb. Bu barədə Tərtər rayon icra hakiminin müavini Vidadi Bəylərov AzNews.az-a məlumat verdi: "Rayonumuzda "Ana və uşaq" adlı istirahət mərkəzi aşılıb. Mərkəz üçün1 hektar ərazi ayrılıb. Həmin məkan qadınlar, uşaqlar və ailələrin istirahətləri üçün nəzərdə tutululub. Digər şəxslərin girişinə icazə verilmir. Bu ərazidə uşaqların əyləncəsi üçün də gözəl şərait qurulub. Eyni zamanda, bir ailənin istirahəti, dincəlməsi üçün lazım olan hər bir şey var. Məkanın yerləşdiyi ərazi də çox gözəldir".

Qeyd edək ki, mərkəzin yaradılmasında məqsəd ailələrin, eləcə də qadınların asudə vaxtlarını səmərəli şəkildə keçirmələri, ailəvi istirahətlərini təşkil etməkdir: "Əvvəlcədən bizdə bu ərazi ümumi böyük seyrangah şəklində qurulmuşdu. Sonra rayonumuzun həmin sahə üzrə relyefi istirahət üçün münasib olduğundan rayon rəhbərliyi tərəfindən həmin ərazidə belə bir mərkəzin yaradılması məsləhət görüldü. Bu ideya da effekt verdi. Belə ki, artıq istirahət məkanı fəaliyyət göstərməyə başlayıb. Yarandığı ilk günlərdən də bura axın güclüdür, böyük maraq hiss olunur. Əsasən axşam saatlarında gəliş-gediş çox olur".

Ümid edirik ki, bu kimi addımlar digər rayonlarda da atılacaq və qadınların istirahəti üçün əlverişli məkanlar təşkil olunacaq. Çünki kifayət qədər vacib məsələdir və hər bir insan kimi qadının da ruhən azad olmağa, şəxsiyyət kimi təsdiqini tapmağa, istirahət etməyə mənəvi haqqı və ehtiyacı var. Bu mənada gəlin o steorotipləri dağıdaq!


Sevinc Fədai

AzNews.az

Bağla X