01:33
(077) 610-22-33

Avtomobillərin icbari siğortası nədir?

  • >
468 10 Yanvar 2014 15:28 | Cəmiyyət

Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir.

Bakı Hüquq Mərkəzi (BHM) hüquq şirkətinin hüquq məsləhətçisi Tahir Əliyev bildirib ki, yəni, sözügedən "İcbari sığorta" müqaviləsi 3-cü şəxslərin xeyrinə bağlanmış müqavilə sayılır. Baş vermiş hər-hansı yol-nəqliyyat hadisəsi və ya digər sığorta hadisəsi baş verdikdə, "İcbari sığorta" müqaviləsinə əsasən 3-cü şəxslərə (faydalanan şəxslər) dəymiş zərərin əvəzini müvafiq Sığorta şirkəti ödəməyə borcludur.

Hüquqşünas qeyd edib ki, avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur.

Tahir Əliyev qeyd etməyi vacib sayır ki, sığortalıların bir qismi avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin "İcbari sığorta" müqaviləsini "Kasko" müqaviləsi kimi başa düşürlər. Sığortalı, sığorta hadisəsi baş verən zaman mülkiyyətində olan avtomobilinə dəymiş zərərin əvəzini "İcbari sığorta" müqaviləsinə əsasən alacağını düşünür və bununla bağlı hətta məhkəməyə iddia ilə müraciət də edir. Bir daha qeyd edim ki, "İcbari sığorta" müqaviləsi ilə sığortalının mülkiyyətində olan avtomobil sığortalanmır.

"Mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarəyə götürmüş və ya еtibarnamə əsasında idarə еdən, yaxud digər qanuni əsaslarla istismar еdən şəxslər "İcbari sığortalar haqqında" qanuna əsasən avtonəqliyyat vasitəsinin sahibi hеsab olunurlar." –deyə, hüquq məsləhətçisi deyib.

T.Əliyev bildirib ki, icbari sığorta müqaviləsinin tərəfi olmayan, sığortalının və ya sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən şəxslər, o cümlədən avtonəqliyyat vasitəsindəki sərnişinlər, onlar öldükləri halda, ailə üzvləri üçüncü şəxs sayılırlar. Adı çəkilən şəxslər sığorta hadisəsi nəticəsinə dəymiş zərərin əvəzinin almaq hüququ olan şəxslərdir. Qeyd edim ki, sığortalının və ya sığorta olunanın ailə üzvləri üçüncü şəxs sayıla bilməz.

Sonda hüquqşünas siğorta ödənişlərinin məbləğinə diqqət çəkib. Belə ki, fiziki şəxslərin sağlamlığına dəyən zərərə görə sığorta məbləği bir hadisə üzrə 50.000 manatdan çox olmamaq şərtilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat, üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manatdan çox olmamaq şərti ilə sığorta ödənişi həyata keçirilə bilər.

AzNews.az
Bağla X