Zakir Həsənov səlahiyyətlərinin artırılmasını istəyir - TƏKLİF

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Müdafiə Nazirliyinin tabeçiliyinə verilə bilər.


Hərbi mənbələrdən AzNews.az-a verilən məlumata görə, artıq bununla bağlı müdafiə naziri Zakir Həsənov təkliflə çıxış edib. Məqsəd isə hərbi çağırış zamanı baş verən neqativ halların qarşısını almaq, prosesə birbaşa nəzarət edə bilməkdir.

Məlumata görə, artıq Müdafiə Nazirliyi tərəfindən bu istiqamətdə ilk addımını da atıb. Belə ki, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən nazirliyinin tabeliyində olan hərbi hissələrə hərbi xidmətə çağırılan gənclərin sağlamlıq vəziyyəti Silahlı Qüvvələrin birliklərində, Əlahiddə Ümumqoşun Ordusu və Bakı qarnizonu üzrə toplanış məntəqəsində yaradılmış tibbi komissiyalar tərəfindən təkrarən yoxlanışdan keçiriləcək. Xəstəlik aşkar edilən çağırışçılar geri qaytarılacaq.

Məlumatda o da qeyd olunub ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti artıq bir neçə ildir yaranmasına baxmayaraq, yenə də hərbi xidmətə yararsız insanların orduya cəlb edilməsi faktlarına rast gəlinir. Buna görə də, Zakir Həsənov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Müdafiə Nazirliyinin tərkibinə birləşdirilməsi istəyir.

Qeyd edək ki, 2012-ci ilin fevralında Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikasının Hərbi Komissarlığı, Naxçıvan Muxtar Respublikasının Hərbi Komissarlığı, rayon, şəhər hərbi komissarlıqları ləğv edilib və onların əsasında Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılıb.


AzNews.az