18:27
(077) 610-22-33

Bəlkə, cin bir başlanğıc idi...

  • >
533 15 Yanvar 2014 12:36 | Cəmiyyət

Bir neçə gündür bütün ölkədə cin savaşı gedir, ANS kanalını efirdə cin oyununa görə tənbeh edirlər. Jurnalistlərdən tutmuş din adamlarına, rəsmi qurumlara qədər məsələyə münasibət bildirilir.

Amma heç kim demir ki, ANS niyə birdən-birə cin çıxarmaq qərarına gəldi... Bu gün ölkə mediasında, xəbərlə cəfəngiyatın, xəbərçi ilə xəbərin nə olduğunu bilməyən və özünü israrla jurnalist adlandıranların savaşı gedir. Efirini xəbərlə açıb bağlayan ANS cin çıxardığına qınanır, amma heç kim dilinə gətirmir ki, xəbərdən uzaq salınan telekanal cin-şeytandan, namus-qeyrətdən başqa nə göstərə bilər.

Bir vaxtlar "Nəzər nöqtəsi", "Ən yeni tarix", "Kamerton", "Qulp", "Zorxana" kimi verilişləri olan ANS hazırda "Toy olsun", "Toylar kralı", "Xalq artisti", "Adam içində", "De gəlsin" əvəzləyibsə, günahı Mirşahin Ağayev və Vahid Mustafayevdə axtarmaq insafsızlıqdır. Heç düşündünüzmü? O, həmin Mirşahindir! Bir zamanlar "Ən yeni tarix"də generalları, siyasətçiləri sıraya düzüb hesab soran Mirşahin...

O, indinin özündə də, ciddi xəbərin gizlədildiyi mühitdə belə hər hesabatı ilə gündəm yaradır. İllərlə zordan danışan Orxan Fikrətoğlunu anlamayan meyxanasifət tamaşaçıya ANS meyxanadan başqa nə göstəsin? "Kamerton"un təqdimatında yayımlanan kanal ciddi musiqini başa düşməyənə Manaf Ağayevi, Əflatun Qubadovu göstərməsin neyləsin? Axı həmin kanal "Toylar kralı"na başlayanda bizim "bozbaş" adlandırdığımız müğənniləri ifşa etmək və onların varlığına son qoymaq istəyirdi, amma Azərbaycan tamaşaçısı onları doğurdan toylar kralı elədi. Günahkar yenə ANS və onun rəhbərləridir?
ANS Nəşriyyat Evinin "Hesabat" jurnalını alıcısız qalıb qazanc gətirmədiyindən bağlanırsa, biz Mirşahindən indi hansı hesabatı tələb edirik? Hər cür təzyiqlərə rəğmən, müğənnilərin iç üzünü göstərən "Sarı" jurnalını nəşr edən Vahid Mustafayev bu gün "Şoubiz" verilişi (insafən verilişin adında da yaradıcılıq var) göstərirsə, onu Vaqif adlı biri ilə əvəzlənməsini də təklif etmək olar. Amma bu millətə ikinci toyxana kanalı lazım deyil.

İndi isə keçək cin məsələsinə. Efirdə cinçıxarma məsələsinə bir jurnalist kimi baxdım və içimdə pis oldum. Xəbərdən uzaq düşən kanal hər şeydə xəbər axtarır, hətta efirində bir cin çıxarmaqla belə gündəmi zəbt edə bilir. Əslində bu peşəkarlıqdır. ANS-in efirində cin olmasaydı, cini söyənlər nə yazacaq, milləti nədən xəbərdar edəcəkdi...? Bu gün xəbərdən uzaq düşən ANS efirində cin çıxarırsa, əmin edirəm ki, vaxtı gələndə millətimizin içində olan "cinləri" çıxaracaq. Bəlkə də cin bir başlanğıc idi, bir az səbr edək...

P.S. Düşüncələrinizdə haqlısınız, yazı sifarişlidir, amma nə cinin, nə də Mirşahinin, vicdanımın sifarişi...
Bağla X