19:10
(077) 610-22-33

Nərimanovda şəhid ailələrinə yardım paylandı: 20 Yanvarla bağlı tədbir

  • >
1 495 17 Yanvar 2014 10:36 | Cəmiyyət

“Qanlı Yanvar tariximizin qəhrəmanlıq səhifəsidir"




Nərimanov rayon Hakimiyyətində 20 Yanvar hadisəsinin 24-cü ildönümü ilə əlaqədar RİH və şəhid ailələrinin iştirakı ilə tədbir keçirilib.



İcra hakimiyyətinin foyesində Nərimanov rayon məktəblilərinin bu mövzuda çəkdiyi rəsmlər nümayiş etdirilib. Tədbir şəhidlərin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbirdə icra hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov çıxış edərək, 1990-cı ilin yanvarında Sovet imperiyasının qoşun birləşmələrinin Azərbaycanda müstəqillik və azadlıq mübarizəsinə qalxan dinc əhaliyə, soydaşlarımıza qarşı törətdiyi cinayətlərdən danışıb.

Ş.İbadov bildirib ki, 20 Yanvar faciəsi xalqımızın milli-azadlıq ruhuna qarşı təcavüz idi: " Xalqımızın yaddaşına silinməz faciə kimi yazılmış Qanlı Yanvar, eyni zamanda tariximizin qəhrəmanlıq səhifəsidir. Həmin yanvar gecəsi Azərbaycan xalqı özünün yenilməzliyini, qəhrəmanlığını, vətənə, torpağa sədaqətini, müstəqillik və azadlıq urunda mübarizə əzmini bütün dünyaya bəyan etdi".

Natiq baş verən qanlı olaylardan dərhal sonra mərhum perzident Heydər Əliyevin respublikamızın Moskvadakı daimi nümayəndəliyinə gələrək keçirdiyi mətbuat konfransının əhəmiyyətini qeyd edib. Ş.İbadov 20 Yanvar hadisəsinə hüquqi-siyasi qiymət verilməsində Heydər Əliyevin əvəzsiz rolunu vurğulayaraq, onun 20 Yanvar şəhidlərinin ailələrini, əlil olmuş vətəndaşları hər zaman diqqət mərkəzində saxladığını deyib:

" Heydər Əliyev hələ sovet imperiyasının mövcud olduğu bir dövrdə heç nədən çəkinmədən öz millətinin hüquqlarını müdafiə etməyi bacardı. Ulu öndərin diqqət və qayğısını bu gün layiqincə davam etdirən prezident cənab İlham Əliyev Azərbaycanın müstəqilliyi uğrunda həlik olmuş şəhidlərimizin ailələrinə və sağlamlığını itirən şəxslərə verilən təqaüd və müavinətləri artırır. Bu, gələcəkdə də davam etdiriləcək".

İcra başçısının müavini bildirib ki, Azərbaycan hərbi-siyasi təcavüzə məruz qalsa da vətənin azadlığı uğrunda şəhid vermə əzmini bütün dünyaya nümayiş etdirib:

"Bu hadisə heç zaman tarixdən silinməyəcək. Çünki 20 Yanvar Azərbaycanın igid oğullarının qanı ilə yazılıb. Təpədən-dırnağa qədər silahlanan rus ordusunun Bakıda olmasına baxmayaraq, igid oğullarımız meydana toplaşmaqdan çəkinmədi. Nəticədə Azərbaycan 137 şəhid verdi, 700-ə yaxın insan ağır yaralandı".

RİH rəsmisinin sözlərinə görə, Nərimanov rayonu da 20 Yanvarda 14 şəhid verib: "Biz RİH olaraq bütün şəhidlərimiz qarşısında baş əyirik. Son illər ərzində Rayon İcra Hakimiyyəti 4 şəhid ailəsini mənzillə təmin edib. Sağlamlığını itirən 20-yə yaxın şəxsə maşın verilib. Ölkə başçısının da dediyi kimi, 2014-12016-cı illərdə heç bir şəhid ailəsi mənzilsiz qalmayacaq".

Şəhid ailələri və əlillər adından çıxış edən 20 Yanvar Fondunun sədri Yusif Bünyadzadə qanlı faciənin yaranma səbəblərindən, həmin hadisələri törədən keçmiş imperiya rəhbərlərinin məkrli niyyətlərindən danışıb. Şəhid ailələrinə, sağlamlığını itirən şəxslərə göstərilən diqqət və qayğıya görə prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Tədbirdə rayonda yerləşən məktəb-lisey kompleksinin şagirdlərinin ifasında Qanlı Yanvar şəhidlərinin xatirəsinə həsr edilən ədəbi-bədii kompozisiya nümayiş etdirilib. Tədbirin sonunda 20 Yanvar zamanı şəhid olanların ailələrinə Rayon İcra Hakimiyyəti tərəfindən maddi yardım göstərilib.

Amid
AzNews.az
Bağla X