01:36
(077) 610-22-33

Jurnalistikaya qəbulla bağlı təkliflər hazırlanacaq

  • >
659 28 Yanvar 2014 13:10 | Cəmiyyət

Azərbaycan Mətbuat Şurası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına ali təhsilin bakalavr səviyyəsi üzrə jurnalistika fakültəsinə qəbul zamanı qabiliyyət imtahanlarının tətbiq olunması ilə bağlı təkliflər təqdim edəcək.

TQDK sədri Məleykə Abbaszadə jurnalistlərə bildirib ki, hazırda bu məsələ ilə bağlı iki qurum arasında müzakirələr aparılır: "Mətbuat Şurasının sədri Əflatun Amaşovla əlaqə saxlamışıq. Ondan xahiş etmişik ki, jurnalistika fakültəsinə qabiliyyət imtahanlarının keçirilməsini hansı formada təsəvvür etmələri barədə bizə məlumat versinlər, öz təkliflərini hazırlasınlar. Onunla bu həftə, yaxud gələn həftə ərzində görüşəcəyik".

M.Abbaszadə hesab edir ki, jurnalistika sahəsində çalışanlar ixtisasında asılı olmayaraq, bakalavr səviyyəsi üzrə ali təhsilli olmalıdırlar. Həmin gənclər magistratura pilləsində mütəxəssis kimi formalaşmalıdırlar.

Magistraturaya qəbulun 2 mərhələdə aparıldığını xatırladan Komissiya sədri əlavə edib ki, qəbul imtahanlarının ikinci mərhələsində jurnalistika ixtisası üzrə təhsil almaq istəyən bakalavrların qabiliyyəti yoxlanılır. Bakalavrlar imtahanın ikinci mərhələsində esse yazırlar.

M.Abbaszadə hesab edir ki, jurnalstikaya qəbulda bakalavr səviyyəsi üzrə qabiliyyət imtahanının tətbiq edilməsi aşağı bal toplayan
abituriyentlərin bu ixtisasa daxil olmasına gətirib çıxara bilər: "Qabiliyyət imtahanları verənlərin orta-statistik göstəriciləri ilə tanışsınız.

Fikirləşirəm ki, qabiliyyət imtahanı olsa, onda jurnalistikaya təxminən 200-300 bal toplayan uşaqlar qəbul olunacaqlar. Bu, bizə lazımdırmı? Bizə intellektual jurnalist, yoxsa hansısa növ qabiliyyət imtahanı lazımdır? Bizim üçün qabiliyyət imthanını təşkil etmək texniki bir məsələdir və biz buna hazırıq. Amma bu, hansı nəticəni verəcək, nəticəmiz yaxşılacaq, yoxsa bundan sonra pisləşəcək? Əgər bakalavr pilləsi üzrə jurnalistikaya qəbul imtahanı zamanı qabiliyyət imtahanı tətbiq olunsa və bu zaman yazılı iş istənilsə, yəqin ki, birinci il təqdim olunan plan yerləri dola bilməz. Çünki qoyulan tələblərə uyğun esselərin kifayət qədər yazılacağına inanmıram".

M.Abbaszadənin fikrincə, ilk növbədə ali məktəblərin jurnalistika fakültələrində tədris prosesini müasir səviyyəyə qaldırmaq lazımdır. Eyni zamanda, magistratura səviyyəsi üzrə jurnalistikaya daha çox ali təhsilli insanın daxil olmasına imkan verilməlidir: "Çox böyük müzakirələr nəticəsində filologiya və tarix fakültəsini bitirənlərin jurnalistikaya sənəd verməsinə icazə alınıb. Hər il bakalavr səviyyəsini bitirənlər üçün bu imkanları genişləndiririk".

AzNews.az
Bağla X