03:45
(077) 610-22-33

Qazılar Şurasının üzvü Şeyxin müdafiəsinə qalxdı: “Bu hiylədir”

  • >
1 073 30 Yanvar 2014 09:43 | Cəmiyyət

"Belə bir faktın olmasına inanmıram. Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə haqda yayılan bu cür məlumatlar, ona qarşı aparılan növbəti çirkin təxribatdır. Onlar Şeyxə zərbə vurmaq və nüfuzdan salmaq istəyirlər. Amma Şeyx öz sözün dedi".


Bunu AzNews.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Fətva şöbəsinin müdiri, Qazılar Şurasının üzvü Hacı Mirəziz Seyidzadə deyib.

M. Seyidzadə bildirib ki, Şeyxülislam şəriət adamıdır və heç kimdən qorxmur: "Yayılan bu cür şayələrin heç biri Şeyxülislama təsir etməz. Onu bütün dünya tanıyır və necə insan olması hər kəsə bəllidir. Belə bir məsəl var: "Yalan ayaq tutar yeriməz". Yayılan çirkin söhbətləri bütün müsəlman bacı və qardaşlarımız bu cür fikirlərə layiqli cavab verməlidirlər".

QMİ nümayəndəsi medianı A. Paşazadəni müdafiə etməyə çağırıb:

"Bu cür məlumatlar əslində ölkəmizdə tolerantlığı pozmaq istəyən, ancaq baş yaylığı bağlamaq və saqqal saxlamaqla özlərini dindar adlandıran bəzi insanların hiyləsidir. Şeyx illərdir ki, bu vəzifədə çalışır və hər zaman haqqın tərəfdarı olub. Lakin bəzi insanlar orada-burada təhsil alıb, ölkəyə dönərək özünü dırnaqarası dindar adlandırırlar. Həmin adamların sonrakı fəaliyyəti isə ölkəyə zərbə vurmaq niyyəti daşıyır.

Hətta bizim bəzi gənclərimizin dini savadsızlığından istifadə edib, onları cənnət vədi adı altında cihada aparırlar. Qafqaz Müsəlmanları İdarəsinin, həmçinin Qazılar Şurasının məqsədi gənclərimzi maarifləndirərək belə insanlardan uzaqlaşdırmaqdır".

O vurğulayıb ki, cihad yalnız Allah-Təala və vətən uğrunda ola bilər: "Suriyada dini müharibə getmir. Orada dünya malı uğrunda savaş aparılır. Suriyada həlak olan insanların heç birinə şəhid adını vermək olmaz. Çünki orada öldürən də, ölən də müsəlmandır və hər iki tərəf "La İlahə İllallah" deyənlərdir".

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadənin yanvarın 28-də Qazılar Şurasının iclasında qeyri-ənəvi İslam təqriqətlərinin ünvanına səsləndirdiyi tənqidi fikirlər ona qarşı hücumlara səbəb olub.

Belə ki, özünü "Fətullah Gülən sevdalıları" adlandıran qrupun elektron poçt ünvanından mətbuata Allahşükür Paşazadəni hədələyən məktublar göndərilib. Məktubda Türkiyədə baş nazir Rəcəb Tayyib Ərdoğanla Fətullah Gülən arasındakı qarşıdurmaya diqqət çəkilərək baş nazirin ünvanına "münafiq" ifadəsi işlədilib.

Həmçinin Türkiyədə baş verən hadisələrin sonda kimin qələbəsi ilə nəticələnəcəyinə dair qeydlər yer alıb. QMİ sədrinə baş verənlərdən nəticə çıxarmaq və nurçuların adını vəhabilərlə bir sırada çəkməmək tövsiyə olub.

Amid Əyyuboğlu
AzNews.az
Bağla X