23:31
(077) 610-22-33

Cənubda qar fəsadlar törətdi

  • >
818 31 Yanvar 2014 20:59 | Cəmiyyət

Ötən gün axşam saatlarından başlayaraq cənub bölgəsinə yağan qar müxtəlif fəsadlara səbəb olub.

APA-nın cənub bürosunun məlumatına görə, Ələt-Astara magistralının Lənkəranın Şirinsu, Göyşaban, Ürgə kəndləri və Liman şəhərindən keçən hissəsində yollar buz bağladığından avtomobillərin hərəkəti çətinləşib. Rayonun bəzi yaşayış məntəqələrində elektrik enerjisinin və təbii qazın verilməsində fasilələr yaranıb.

Lerik və Yardımlı rayonlarına yağan qarın qalınığı 40-50 santimetrdən çox olub. Nəticədə 35 kilovoltluq Lənkəran-Hamarat-Lerik elektrik hava xəttində qəza vəziyyəti yarandığından Lerikin 50-dən çox yaşayış məntəqəsi işıqsız qalıb. Qəza briqadalarının səyləri nəticəsində günün sonuna kimi 40 kəndə elektrik enerjisinin verilişi bərpa olunsa da, hazırda 7 kənd hələ də işıqsızdır. Lerik rayonunun Vamazqon kəndinin ərazisində torpaq sürüşməsi baş verdiyindən Masallı-Tüklə-Lerik yüksək təzyiqli qaz xəttində qəza vəziyyəti yaranıb. Bu isə Lerik və Yardımlı rayonlarının qazsız qalması ilə nəticələnib.

Lerik Rayon İcra Hakimiyyəti başçısın müavini, rayon fövqəladə hallar komissiyasının sədri Habil Məlikovun APA-nın yerli bürosuna verdiyi məlumata görə, "Azəriqaz" İstehsalat Birliyinin mütəxəssisləri hər iki rayona təbii qazın verilməsini bərpa etmək üçün təmir və bərpa işlərini davam etdirirlər.

Lənkəran-Lerik, Masallı-Yardımlı və Lənkəran-Boradigah şose yollarında zəruri qabaqlayıcı tədbirlər görüldüyündən nəqliyyat vasitələrinin hərəkətində hər hansı ciddi çətinliklər qeydə alınmayıb. Bununla belə bölgənin ayrı-ayrı ərazilərində xırda yol qəzaları baş verib.

Hazırda bölgədə qar yağmaqda davam edir.



AzNews.az
Bağla X