10:06
(077) 610-22-33

İTV-də növbəti qalmaqal: “Burada qanunlar işləmir”

  • >
4 093 4 Mart 2014 14:44 | Cəmiyyət

"Hüquqlarımı qoruyacağam və mənə qarşı ədalətsizlik edən insanlara qarşı hüquqi çərçivədə mübarizə aparacağam".

Bunu AzNews.az-a açıqlmasında İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) İnformasiya və Analitik Proqramlar Departamentinin direktoru vəzifəsindən uzaqlaşdırılan Mehparə Quliyeva deyib.


M. Quliyeva bildirib ki, işdən rəsmi olaraq çıxmayıb: "Dünən işdən çıxmağımla bağlı ərizə yazmağımı istədilər. Bunu etmədim və hesab edirəm ki, mənə qarşı bu iddia əsassızdır. Məni İTV-dən öz ərizəmlə çıxarmağa heç kim məcbur edə bilməz".

M.Quliyeva işdən uzaqlaşdırılması ilə bağlı təzyiqlərə hüquqi müstəvidə cavab verəcəyini də qeyd edib: "İTV-də ədalətsizlik mühit hökm sürür. Peşəkar insanların orada çalışmasına imkan vermirlər. Bütün bunlar İTV rəhbərliyinin qanunvericiliyi bilməməsindən irəli gəlir. Burda hansı qanunlar işləyir bilmirəm. Burda Azərbaycan qanunları işləmir.

Hesab edirəm ki, ölkə başçısı burada ədaləti bərpa edəcək. Çünki o peşəkar adamların işdən uzaqlaşdırılmasına, məmur özbaşınalığına hər zaman qarşı çıxıb və bu cür insanları ölkə qanunlarına uyğun olaraq ciddi şəkildə cəzalandırıb".

İTV-nin mətbuat xidmətindən isə bildirilib ki, Mehparə Quliyevanın işdən kənarlaşdırılması qanun çərçivəsində həyata keçirilib:

"İTV-də rəhbər şəxslərdən tutmuş, sıravi işçiyə kimi üç aylıq müqavilə ilə işə götürülür. Bu müddət bitdikdən sonra direktorun hər hansı bir işçi ilə müqavilə bağlamamaq səlahiyyəti var. Mehparə Quliyeva da uzun müddətdir ki, İTV-nin İnformasiya və Analitik Proqramlar Departamentinin direktoru vəzifəsində çalışıb. Onun müqavilə müddəti bitdiyindən bu məsələ qaldırılıb".

Amid
AzNews.az
Bağla X