04:44
(077) 610-22-33

Gülər Əhmədova və vəkili Dövlət Departamentinə çağırış etdi

  • >
927 5 Mart 2014 08:15 | Cəmiyyət

Sabiq deputat Gülər Əhmədova "cəbhəsindən" yeni xəbər var. Bu dəfə məhbus xanımın vəkili Əfsər Talıbov ABŞ Dövlət Departamentinin hesabatını təhlil edib.

"Yeni Müsavat"a yollanan yazılı müraciətlə Ə.Talıbov hesabatda öz əksini tapan məqamlara cavab verib. Onun bildirdiyinə görə, sözügedən hesabat açıq-aşkar qərəzlidir və ikili standartlara söykənir: "Həmin hesabatda Elşad Abdullayevin cinayətkar əməllərinə qanuni don geyindirən Dövlət Departamenti əziyyət çəkib bu hadisəni araşdırmadan maliyyələşdirdiyi şəxslərin cəfəngiyyatlarını hesabata (copy-paste) köçürür".

Ə.Talıbov bildirib ki, hesabatda verilən məlumatın heç bir hüquqi əsası yoxdur. Onun sözlərinə görə, G.Əhmədova barəsində olan qanunsuz hökm Elşad Abdullayevin təqdim etdiyi saxta sübut əsasında çıxarılıb: "Belə ki, Elşad Abdullayevin təqdim etdiyi bir ədəd DVD ekspertlərin rəyinə əsasən, orijinal deyil, bir formatdan digər formata keçirilib, DVD-də sinxronluq pozulub, keçid siqnalları qeydə alınıb, DVD-nin çəkildiyi gün, vaxt müəyyən edilməyib.

Elşad Abdullayevin özünün etirafına görə isə DVD-də olan pozuntular texniki qüsurlarla əlaqədardır, videogörüntülərdəki kəsilmələr isə təhqiramiz ifadələrdən ibarətdir. Bütün bunlar isə üzərində montaj aparıldığını təsdiq edir. Mən ABŞ Dövlət Departamentinə müraciət edirəm: bu qədər qüsuru olan, orijinal olmayan, notariat tərəfindən təsdiq olunmamış kserosurəti reallığı əks etdirən bir sənəd kimi necə qəbul etmək olar? Elşad Abdullayevin sözləri ilə desək, onda sırf Gülər Əhmədova ilə bağlı 5 saatlıq videogörüntü var. Təəssüf ki, 8 il 5 ay keçməsinə baxmayaraq, həmin videogörüntünün montaj olunmuş 30 dəqiqəsi yayımlanıb".

Ə.Talıbov daha sonra ABŞ Dövlət Departamentinə ünvanlanan çağırış edib: "Gülər Əhmədova və mən israrla sizi və digər beynəlxalq təşkilatları məhkəməyə dəvət edirik. Bu barədə tərəfimizdən 18.01.2014-cü il tarixdə göndərdiyimiz teleqramda Sizi Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdiyimiz apelyasiya şikayətinin baxışında iştirak etməyə dəvət etdik. Lakin siz məhkəmədə iştirakdan yayınıb, əsl həqiqətin şahidi olmaq istəmədiniz. Bu gün də sizi Gülər Əhmədovanın təyin olunacaq apelyasiya məhkəməsinə təkidlə dəvət edirik. Sizin Gülər Əhmədova ilə bağlı hesabatınızdakı fikirlər QHT-lər, KİV və bir sıra müxalifət nümayəndələrinin ötürdüyü yanlış məlumatlar nəticəsində formalaşıb. Mən xahiş edirəm ki, Elşad Abdullayevin yayımladığı diski öz ölkənizdə ekspertizadan keçirib Azərbaycan ictimaiyyətini də rəylə tanış edəsiniz. Sizə sual edirəm: bu qədər qüsuru olan gizli çəkilmiş DVD-ni sizin ölkənizdə sübut kimi qəbul edib, hər hansı bir vətəndaşınızı cinayətkar hesab edə bilərsinizmi?"

Vəkil həmçinin hesabatda öz əksini tapan "2013-cü ilin dekabrında isə əsas şahidlərdən olan Sevinc Babayevanın oğlu bəyan etdi ki, anası qeyri-müəyyən şəraitdə Türkiyədə dünyasını dəyişib" cümləsinə də etiraz edib. Onun yazdığına görə, S.Babayevanın oğlu və bacısı Türkiyədə Sevinc Babayevanın yanında olublar və onun zəhərlənməsi, zorla saxlanılması barədə Türkiyə Respublikası Prokurorluğuna, Azərbaycan Baş Prokurorluğuna şikayət etməyiblər: "Sevinc Babayevanın oğlu Ayxan Məmmədov Türkiyə Prokurorluğuna 28 dekabr 2012-ci il tarixdə verdiyi ifadəsində bildirib ki, anası Türkiyəyə özü gəlib, Sevinc Babayevanın tanışı Səlçuq Ağlayan ona bacı kimi münasibət bəsləyib, anası ürək xəstəliyindən dünyasını dəyişib və o, heç kimdən şikayətçi deyil. Təəssüf ki, Azərbaycan prokurorluğuna verdiyi bir-birinə zidd ifadələrində anasının Türkiyədə zorla saxlandığını və zəhərlənmədən öldüyünü bildirir".

Vəkil S.Babayevanın ölümü məsələsində ABŞ Dövlət Departamentindən bir xahiş edir: "Mən bir daha xahiş edirəm ki, Sevinc Babayevanın Türkiyə Respublikasındakı ölümü sizin üçün müəmmalı görünürsə, onun ailəsindən icazə alın, ekskumasiya etdirin və öz ölkənizdə ekspertizadan keçirin. Bununla da sizin üçün maraq kəsb edən müəmmalı ölüm məsələsinə aydınlıq gətirərkən Azərbaycan ictimaiyyətini də öz ekspertizanızın rəyi ilə tanış edin. Həm videonun ekspertizasını, həm də Sevinc Babayevanın nəşinin ekspertizasının nəticələri Gülər Əhmədova haqqında ABŞ Dövlət Departamentinin rəyinin səhv olduğu və qeyri-qanuni peşəkarcasına hazırlanması hamıya məlum olar".

Ə.Talıbov ABŞ Dövlət Departamentinə öz təəssüfünü də çatdırıb: "Əfsus ki, siz demokratik fikirli Gülər Əhmədovanın yanında olmadınız. Əksinə, Azərbaycan vətəndaşlarını aldadan, barəsində bir neçə cinayət işi olan, cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün Fransada gizlənən Elşad Abdullayevi dəstəklədiniz. Bütün dünyanı bürüyən gizli çəkilişlər dünya liderləri tərəfindən qınandığı halda tələsik, analiz olunmadan, ABŞ-ın maliyyə qaynaqlarından bəhrələnən "ekspertlərin" donoslarını ABŞ Dövlət Departamenti hesabat kimi təqdim edir. Ümumiyyətlə, açıq görünən budur ki, bu hesabat heç bir qanuna, məntiqə, siyasi əxlaqa əsaslanmır və Dövlət Departamentinin nüfuzuna ciddi zərbə vurur.

Əks halda, hesabat qərəzliliyə, siyasi əqidəyə görə ayrı-seçkiliyə deyil, sübutlarla təsdiq olunan faktlara əsaslanaraq demokratik dəyərlərə və insan haqlarını qoruyan konvensiyalara və qanunlara hörmət üslubunda yazılardı".

Vəkil müraciətində sözügedən qurumu E.Abdullayevin montaj olunmuş videogörüntüləri vasitəsilə Azərbaycan dövlətinin nüfuzuna kölgə salmaqda ittiham edib. "Bunun isə məqsədi başa düşülən deyil" deyən Ə.Talıbov müraciətini belə yekunlaşdırıb: "Torpaqları işğal olunmuş, 1 milyona yaxın vətəndaşın öz vətənində qaçqın olması, bu yaxınlarda 22 ili qeyd edilən "Xocalı faciəsi", o cümlədən təqsiri olmayan Gülər Əhmədovanın həbsdə olması, qeyri-qanuni cəzalandırılması nə ABŞ Dövlət Departamentini, nə də digər beynəlxalq təşkilatları maraqlandırır. Onların məqsədi müstəqillik yolu tutmuş, stabil daxili və xarici siyasət həyata keçirən, yüksək iqtisadi inkişafa nail olan Azərbaycan dövlətinə Elşad Abdullayev və onun kimiləri vasitəsilə çamur atmaqdan ibarətdir. Bir daha Sizi Bakı Apelyasiya Məhkəməsinə dəvət edirəm. Apelyasiya məhkəməsinə baxışın günü və saatı barədə sizə məlumat verəcəyik".

AzNews.az
Bağla X