01:16
(077) 610-22-33

Politoloqlardan partiya sədrlərinə ETİRAZ

  • >
1 382 13 Mart 2014 11:24 | Cəmiyyət

Azərbaycan müxalifət partiyalarının Rusiyanın Ukraynadakı işğalçı siyasətinə etiraz olaraq Azərbaycan hakimiyyətinə Müstəqil Dövlətlər Birliyini (MDB) tərk etməsi barədə çağırışına siyasi şərhçilərdən reaksiya gəlib.

Politoloq Qabil Hüseynli AzNews.az-a deyib ki, Azərbaycan MDB-dən çıxmaq, Rusiyaya meydan oxumaq kimi siyasət apara bilməz:

"Siyasi partiyalar belə bir təklifi irəli sürməklə ölkədəki əhval-ruhiyyəni saxlaya bilərlər. Amma iqtidar siyasi partiyaların təşəbbüsünü özünün xarici siyasət kursu kimi qəbul edə bilməz. Azərbaycan nə MDB-ni tərk edə bilər, nə Ukrayna məsələlərində açıq mövqe ortaya qoya bilər".
"İqtidar siyasi manevrlərini davam etdirməlidir"

Politoloqun fikrincə, Azərbaycan çox ehtiyatlı siyasət həyata keçirməlidir: "Çünki Rusiya Ermənistan faktoru ilə elə özünün də müəyyən addımları ilə milli azlıqlara təsir vasitəsi ilə Azərbaycanı daim "mandraj" altında saxlayır. Ona görə də müxalifətin bu təklifini Azərbaycan yerinə yetirmək iqtidarında deyil.

Azərbaycan kiçik dövlətdir. Bu gün isə dünyada böyük geosiyasi oyunlar keçirilir. Azərbaycan bu siyasi oyunların iştirakçısına çevrilə bilməz. Belə məqamlarda meydan siyasi müxalifətin, müstəqil politoloqların, ayrı-ayrı siyasətçilərindi ki, onlar Azərbaycan ictimai rəyini ifadə etməlidirlər. İqtidar isə siyasi manevrlərini davam etdirməlidir".

"Azərbaycandan artıq nəsə tələb etmək düzgün deyil"

Vaxtilə Azərbaycanın Rusiyadakı səfiri işləmiş politoloq Hikmət Hacızadə isə hesab edir ki, rəsmi Bakı bu məsələdə tələsərək addım atmamalıdır:
"Bu məsələyə emosional yanaşmaq olmaz. Ümumən bilmək lazımdır ki, insanın etikası başqa, ölkənin siyasi təşkilatların etikası başqadır. İnsan öldü var, döndü yox ola bilər. Amma millət, partiya bu prinsiplə yaşaya bilməz. Ona görə mən təmkinli olmağı və emosiyalara uymamağa çağırıram. Azərbaycandan isə artıq nəsə tələb etmək düzgün deyil. Hamımız yaxşı bilirik ki, Rusiyanın əlində Qarabağ kartı var".

Xatırladaq ki, Ümid və ADP-nin qərarlaşdığı "Qarabağ" bloku Rusiyanın Ukraynaya hərbi müfaxiləsi və digər keçmiş SSRİ respublikalarına hələ də göz dikməsinə etiraz olaraq Azərbaycanın MDB-ni tərk etməyə çağırıb. Müsavat, AXCP və KXCP təmsilçiləri isə MDB-yə üzvlüyün Azərbaycana heç bir xeyir gətirmədiyini, həmçinin Qarabağ münaqişəsinin ədalətli həllinə MDB-nin heç bir müsbət təsirinin olmadığını əsas göstərərək belə bir qurumda qalmağın mənasız olduğunu bəyan ediblər.

İlqar
AzNews.az
Bağla X