18:57
(077) 610-22-33

Əkrəm Əylisli “Nobel“ə namizədliyindən danışdı

  • >
772 14 Mart 2014 12:57 | Cəmiyyət

"Nobel Sülh Mükafatına təqdim olunmağımla bağlı təşəbbüsün kimdən gəldiyini həqiqətən bilmirəm. Bunu eşidəndə özüm də təəccüb elədim".

Bunu APA-ya müsahibəsində dünyanın müxtəlif ölkələrində yaşayan bir qrup ictimai xadim tərəfindən Nobel Sülh Mükafatına təqdim olunan yazıçı Əkrəm Əylisli deyib.

Ə. Əylisli bildirib ki, onun təqdimatında hansısa təşkilatın marağı olmasından özü də şübhələnib: "Hətta bəziləri kimi ağlıma gəldi ki, birdən ermənilər-filan təşkil edər. Sonra imzalara baxdım, interneti açıb o adamların bioqrafiyası, fəaliyyəti ilə tanış oldum. Həmin imzaların hamısı yəqin ki, rus dilini bilən adamlardır. O səviyyənin adamları deyillər ki, bir-birinə deməklə bu cür işə qol qoysunlar. Mən bu adamların avtoritetinə yüz faiz inanıram".

Yazıçı bu mükafatı alacağı barədə indidən proqnoz verə bilməyəcəyini də deyib: "Bu mükafata ildə bəlkə 200-300 adam təqdim olunur. Məni sevindirən yeganə hal odur ki, siyahıdakı insanlarla mənim fikirlərim üst-üstə düşür. Deməli, bu işi görmək lazım idi".

Ə. Əylisli hesab edir ki, onun qalmaqallı "Daş yuxular" əsəri "Azərbaycanı bəşəriyyətin gözündə xeyli ucaldıb: "Mənim əsərim iki xalqın sülhə doğru addım atmasında öz töhfəsini verdi. Məsələn, erməni müəlliflərdən biri yazmışdı: bilsəydik Azərbaycanda bizə belə münasibət var, Dağlıq Qarabağ məsələsini heç qaldırmazdıq. Bu yaxınlarda oxudum ki, bir həftə əvvəl Allahın Zori Balayanı Xocalı faciəsindən ağlaya-ağlaya danışırmış. Buna məəttəl qaldım!"

Azərbaycanda əsərinin etirazla qarşılanmasına münasibət bildirən yazıçı bunu "cəmiyyət bir qədər mürəkkəbliyi" ilə əlaqələndirib: "Əldəqayırma millətçiyə, məqsədli adama millətindən asılı olmayaraq inanmıram. Məsələn, fərz edək, yazıçı Qrant Matevosyan kimi yazıçı mənim əsərim haqqında söz desəydi, ona sevinərdim və bilərdim, ürəkdən deyir. Məsələ ondadır ki, münasibətləri mülayimləşdirmək lazımdır. Dünənki kimi yadımdadır: meydanda qışqırırdılar ki, erməni kimdir, üç günə Qarabağı götürürük. Mən bunları görüb gəlmişəm. Rəhmətlik Bəyin yanında olanda ona yalvardım ki, müharibə edə-edə dövlət qurmaq olmaz, bir yol tapıb atəşkəs etmək lazımdır. Mən bunu mətbuatda da demişəm. Güclü siyasətçi, qüdrətli diplomat Heydər Əliyev olmasaydı, atəşkəsi əldə etmək çox çətin olacaqdı".

Ə. Əylisli siyahıda adı olanların bəzilərinin erməni lobbisi ilə yaxınlıqları barədə yazılanlara da münasibət bildirib: "Siyahıda adı olan alimlərin erməni lobbisi tərəfindən qızışdırıldığını deyənlər alçaq adamlardır. Erməni lobbisi o şəxsiyyətlərə yaxın düşə bilməz".

Qeyd edək ki, Ə. Əylislinin "Daş yuxular" əsəri Azərbaycan və Ermənistan arasındakı Dağlıq Qarabağ münaqişəsinə həsr olunub. Əsərdə əsrin əvvəllərində guya bir Azərbaycan kəndində ermənilərin öldürüldüyü yazılıb. Əsər Azərbaycan xalqının ciddi etirazına səbəb olub, Ə. Əylislinin fəxri adları geri alınıb, ona etiraz olaraq aksiyalar keçirilib.

Bu günlərdə isə bir qrup ictimai xadim Ə. Əylislinin bu əsərinin Nobel Sülh Mükafatına təqdim olunması haqqında müraciət ünvanlayıb.

Müraciəti Sergey Abaşin, Andrey Bitov, Kreyq Kalhun, Georgi Derluqyan, Aleksandr Dobroxotov, Həsən Hüseynov, Kevan Harris, Ruslan Xestanov, Mixail Mayatski, Vladimir Malaxov, Nikolay Plotnikov, Teodor Şanin və İmmanuel Vallerstayn imzalayıblar.

İlkin araşdırmalarımız zamanı məlum olub ki, Norveç Nobel Komitəsinə müraciətə imza atanlardan yazıçı Andrey Bitov 1969-cu ildə - hələ Sovet hakimiyyəti dövründə "erməni soyqırımı"ndan danışan "Ermənistan dərsləri" kitabının müəllifidir. Müraciətin müəlliflərindən olan Georgi Derluqyan da milliyyətcə ermənidir və "erməni soyqırımı" təbliğatının əsas simalarından hesab olunur.

AzNews.az
Bağla X